Ramiz Mehdiyevin məhkəmə işi bitsə də, Cəmil Həsənliyə qoyulan qadağa hələ də qalır

Cəmil Həsənli. Foto: şəxsi arxivindən

Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli ölkədən çıxışına qoyulan qadağanın hələ də qüvvədə olduğunu bildirib.

O, bu barədə noyabrın 5-də “Facebook” hesabında yazıb.

Bildirdiyinə görə, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmə başa çatsa da, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məhdudiyyəti aradan qaldırmayıb.

O bildirib ki, 2027-ci il yanvarın 7-10-da ABŞ-nin Luiziana ştatının Yeni Orlean şəhərində Amerika Tarix Cəmiyyətinin (American Historical Association) 140-cı illik toplantısı keçiriləcək. Cəmiyyətin üzvü olan Həsənli həmin tədbirə dəvət aldığını, lakin ölkədən çıxışına qadağa qoyulduğu üçün iştirak edə bilməyəcəyini deyib.

Milli Şura sədrinin sözlərinə görə, 2025-ci il noyabrın 30-da Ramiz Mehdiyevin işi üzrə istintaqı aparan DTX onun ölkədən çıxışına məhdudiyyət qoyub və həmin gün şahid qismində ifadəsini alıb.

Cəmil Həsənli xatırladıb ki, Ramiz Mehdiyevin məhkəmə prosesi 31 gün davam edib. Lakin o, bu müddətdə məhkəməyə şahid qismində çağırılmayıb.

“Çünki bizim fikrimiz ondan ibarət olub ki, nə Ramiz Mehdiyevin, nə də bir başqasının rəhbərliyi və iştirakı ilə ölkədə dövlət çevrilişi deyilən bir şey olmayıb”, – Həsənli yazıb.

O, məhkəmə prosesinin başa çatmasına baxmayaraq, ölkədən çıxışına qoyulan qadağanın saxlanılmasını əsassız hesab edir:

“Artıq məhkəmə başa çatıb. Bizim də məhkəmədə şahid kimi ifadə verməyimizi lazım bilməyiblər. Lakin stop stopluğunda qalır”.

Cəmil Həsənli qadağanın onun elmi fəaliyyətinə mane olduğunu bildirib.

“Ölkədən çıxışımıza qadağa qoyulduğu üçün dəvət olunduğumuz Amerika Tarix Cəmiyyətinin 140-cı illik toplantısına gedə bilməyəcəyik. Bu, dövlətin resurslarından qeyri-qanuni istifadə edərək peşə fəaliyyətinə mane olmaq aktıdır”, – tarixçi alim qeyd edib.

2025-ci il noyabrın 30-da Cəmil Həsənli həyat yoldaşı ilə birlikdə Dubaya uçmaq istəyərkən hava limanında ölkədən çıxışına məhdudiyyət qoyulduğunu öyrənib.

Həmin gün o, Ramiz Mehdiyevin cinayət işi üzrə şahid qismində ifadə vermək üçün DTX-yə çağırılıb. Təxminən üç saat dindirildikdən sonra sərbəst buraxılıb.

Oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ramiz Mehdiyevə dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və digər ittihamlarla 14 il azadlıqdan məhrumetmə cəzası verib. Lakin onun yaşı və səhhəti nəzərə alınaraq cəza şərti tətbiq edilib.

Cəmil Həsənlinin ölkədən çıxışına qoyulan qadağanın hansı hüquqi əsasla qüvvədə saxlanıldığı barədə DTX-nin mövqeyi hələlik məlum deyil.

Ana səhifə ▸ Siyasət ▸ Ramiz Mehdiyevin məhkəmə işi bitsə də, Cəmil Həsənliyə qoyulan qadağa hələ də qalır