O, daha çox hz. Məhəmmədin ən yaxın səhabəsi, silahdaşı, ən böyük sərkərdəsi, müsəlmanların imamı kimi tanınır. Altımış üç illik zəngin ömrü dünya tədqiqatçıları tərəfindən hələ də öyrənilir, araşdırılır. Həyatı kamil insan, səhabə, ictimai-siyasi xadim, hökumət başçısı olaraq səciyyəvidir, örnəkdir. İnamı, imanı, səmimiyyəti, fədakarlıqlığı, qətiyyəti, konkret desək həyat tərzi ilə hz. Məhəmməddən sonra ən ideal şəxsiyyət hesab edilir.
Əli ibn Əbutalib (599-661) Məkkədə – Kəbə evində dünyaya göz açıb. Atası Əbutalib, anası isə Fatimə bint Əsəddir. Hz. Məhəmmədin kürəkənidir, qızı Fatimə ilə ailə qurub. Bu evlilikdən Həsən, Hüseyn, Möhsün, Zeynəb və Ümmü-Külsüm adlı övladları dünyaya gəlib. Hakimiyyətinin beşinci ilində İraqın Küfə şəhərində məsciddə namaz qılarkən qətlə yetirilib. Qəbri Nəcəf şəhərindədir.
Allahın şah əsəri
İnsan Allahın şah əsəri sayılır, O, daha çox bu yaratdığı ilə öyünüb, alqışlayıb Özünü (23:14). Dünyaya yeni gələn insan dilsizdi, bəlli bir dinə mənsub deyil, insanların müxtəlif irqlərə bölünməsindən xəbəri də yoxdur hələ. Amma insandır, şüurlu, düşüncəli. Böyük bir ruh daşıyır içində – sevgiylə, məbəbbətlə dolu.
İmam Əlinin də görmək istədiyi toplum belə idi: körpəlik saflıqlarını qoruyub, saxlaya bilən insan kütləsi, şəxsiyyət etibarı ilə irqlərə, dillərə, dinlərə bölünməyən bir cəmiyyət (Nəhcül-bəlağə, 53-cü məktub). İnsanlıq ətrafında birləşən, bütün davranışları ali dəyərlərə hesablanan dövlət qurmaq əzmindəydi.
Əllbəttə ki, ucuz başa gəlmirdi bu istəklər Əli üçün. Ərəblərin onu tək qoymasının əsas səbəblərindən biri də millətçilik etməməsiydi, ərəblə əcəm arasında heç bir fərq qoymaması idi. Qohumbazlıq etməməsiydi Əlinin yalqız qalmasının bir səbəbi. Fərdi münasibətdə ancaq ali insani keyfiyyətləri, ictimai-siyasi məsələlərdə, kadr seçimində isə həm də peşəkarlığı, ixtisası diqqət mərkəzində saxlayırdı. Bu da böyük bir qrup, hətta sabiq silahdaşları üçün dözülməz idi, Cəməl müharibəsi bu qəzəbdən baş vermişdi.
İnsan oğlunun təhqir olunması, alçalması çox ağır gəlirdi ona, istənilən bir yolla bunun qarşısını almağa çalışırdı (Nəhcül-bəlağə, qısa kəlamlar: 322). Başqalarını təhqir edənlər cənnətə gedə bilməz, deyirdi (Səduq, “Xisal”).
Ən böyük arzusu insanları azad görməkdi, buna cağırırdı, “Allah sizi azad xəlq edib, başqalarının köləsi olmayın”, (Nəhcül-bəlağə, 31-ci məktub) deyə səslənirdi. “Hamı azad xəlq edilib. Bəzilərinin qul olması şəxsi seçimləridir” (Kafi, c. 7, səh. 420), – belə təhlil edirdi şəxsləri.
Azad sözün, açıq tənqidin tərəfdarıydı.- Fikrinizi, iradınızı bildirin, susmayın, yaltaqlığa son qoyun, inanın ki, haqq sözünüz mənə ağır gəlmir, – buna çağırırdı hər bir fürsətdə (Nəhcül-bəlağə, xütbə 207).
Əməliylə də bunu göstərirdi, hakimiyyəti dönəmində belə ona qarşı mövqe tutanları, sayğısızlıq göstərənləri hədələmirdi, onlara cəza kəsmirdi (“Kafi”, c. 5, səh. 38). Hətta düşmənə qarşı belə ədalətsizliyi, insafsızlığı kişilikdən saymırdı (Ğürər əl-hikəm, c. 1, səh. 562), “qüdrətli şəxsin əfv etməsi çox gözəldir” (Ğürər əl-hikəm, c. 1, səh. 688), “İnsanları əfv etdiyinə görə, heç vaxt təəssüflənməyin, kəsdiyiniz cəzalara görə isə sevinməyin” – deyirdi (Nəhcül-bəlağə, 53-cü məktub). Bütün pisliklərə təpkisi ancaq dua olardı – adamların islah olması, tərbiyəli olması ümidi ilə.
Mütərəqqi insan hüquqları
İnsan hüquqları prinsipinə görə, bütün insanlar insan olmalarına görə eyni hüqüqa malikdirlər və aralarında heç bir fərq yoxdur. Bu hüquqlar Ümumdünya insan hüquqları bəyannaməsi və ya digər beynəlxalq sənədlərdə göstərilir. Əli ibn Əbutalibin Malik ibn Haris Nəxəiyə (Malik Əştər) yazdığı məktub (Nəhcül-bəlağə, 53-cü məktub) da insan hüquqlarını ehtiva edən dini sənəd kimi böyük əhəmiyyət kəsb edir. Adıötən məktubda demək olar ki, dövlət və vətandaş, onların qarşılıqlı hüquqları haqqında geniş söz açılır.
Eyni hüquqlu insanlar
İmam Əlinin Qurani-kərim və sünnəyə söykənən hökumət modelində ədalət və hüquq bərabərliyi başda dayanır. Burada qəti şəkildə dini, irqi fərqlərə görə hüquqlar dəyişmir, hamı qanun qarşısında bərabərdir. Toplum siniflərə ayrılmır, təbəqələşmə ilə sərt mübarizə aparılır, dövlət-rəiyyət ayırımı nəzərə çarpmır.
“Bütün insanlar üçün bərabər hüquq nəzərdə tutulmalıdır”, – İmam Əli hökümətinin əsas şüarı budur (Nəhcül-bəlağə, 50, 59-cu məktublar; Bihar əl-ənvar, c. 32, səh, 17). Amma təəssüflər olsun ki, o, bu addımına görə heç vaxt təqdir olunmadı, əksinə “niyə hüquqlar bərabər tutulur, niyə beytülmal xalq arasında bərabər şəkildə bölünür” , -deyə xüsusi imtiyaz güdən şəxslərin kəskin etirazlarıyla qarşılaşdı, qınanıldı (Nəhcül-bəlağə, 196-cı xütbə).
Bütün bunlara baxmayaraq o, haqlı mövqeyindən əsla geri çəkilmirdi, “mən hz. Məhəmmədin (s) sünnəsinə uyğun addım atıram” (yenə orada) – deyib, bütün bu qanunları tətbiq etməyə cəhd göstərirdi. Hətta doğmaca qardaşı, görmə qabiliyyətini itirmiş Əqil ibn Əbutalibə belə kiçik də olsa əlavə imtiyaz vermirdi (İbn Şəhr Aşub, əl-Mənaqib, c. 2, c. 108). Yaxud dövlət xəzinəsindən üç günlük qızıl əşyası əmanət götürən qızını və bu istəyi həyata keçirən xəzinədarı ciddi tənbih edib, qızına “əgər qızıl əşyanı əmanət götürməsəydin, sənə qarşı ən sərt cəzanı tətbiq edərdim”, – deyir (Vəsail əş-şiə, c. 28, səh. 292 ).
Hamı üçün təhsil
İmam Əlinin əsas hədəflərindən biri də savadsızlıqla mübarizə aparmaq idi. O, islam ümmətini cəhalətdən, savadsızlıqdan uzaq görmək istəyirdi. Mütərəqqi, savadlı bir cəmiyyətin arzusundaydı. Bu istəyin həyata keçməsi üçün çalışırdı, xüsusi büdcə ayırmışdı (Bihar əl-ənvar, c. 27, səh. 251).
Əmək təqaüdü alan xristian
İmam Əlinin hakimiyyəti dönəmində nəzərdə tutulan hüquqlardan biri də əmək təqaüdü idi. Məlum olduğu kimi, bu qanun dünyada ilk dəfə rəsmi olaraq Almaniyada 1881-ci ilin noyabrında qəbul edilib və sonra sürətlə digər ölkələrdə də tətbiq edilib. Görünür ki, beynəlxalq praktikda 19-cu əsrdə tətbiq edilən qanunu İmam Əli 7-ci əsrdə həyata keçirmişdi. Maraqlıdır ki, bu əmək təqaüdü ilk dəfə bir xristian şəxsə verilir.
İmam Əli yol kənarında dilənçilik edən kor qoca ilə rastlaşır. Onunla maraqlanır. Deyirlər ki, bu xristian şəxs gəncliyində iş sahibi olsa da hazırda əmək qabiliyyətini itirib. “Gəncliyində əməyindən istifadə etdiyiniz bir şəxsi indi köməksizmi qoyursuz? Beytülmaldan ona pul ayırın”, – Əli ibn Əbutalib belə tapşırıq verir. (Vəsail əş-şiə, c. 15, səh. 66) Yuxarıda qeyd edilən fakt dini azlıqların hüquqlarının müdafiəsi kimi də böyük əhəmiyyət kəsb edir.
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.