İlsonu sərəncamları

İlin son kvartalında həmin ayırmanın məbləği 43 milyon 300 min manat olub, yəni son kvartalda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə İlham Əliyevin sərəncamlarıyla ümumilikdə 80 milyon 700 min manat pul yönəldilib

Mənbə: Meydan TV


Son 3 ayda İlham Əliyev 390 milyon 465 min 600 manat büdcə vəsaitinin xərclənməsinə imza atıb

YAP hakimiyyətində ənənəyə çevrilib, büdcə vəsaitini ilin sonunda daha sürətlə xərcləyirlər. Bu il də istisna olmadı. İlin sonuncu kvartalında – oktyabr-dekabr aylarında prezident İlham Əliyev büdcə vəsaitinin xərclənməsi ilə bağlı 49 sərəncam verib. Həmin sərəncamlarla 390 milyon 465 min 600 manat büdcə vəsaiti müxtəlif dövlət qurumlarına ayrılıb. Bu sərəncamların 25-i Prezidentin Ehtiyat Fondundan ayırmalarla bağlıdır. 2019-cu il üçün Prezidentin Ehtiyat Fondu 300 milyon manat idi. Onun 95 milyon 740 min manatı bu 25 sərəncamla xərcləndi. Bu ilin əsas dartışılan mövzusu uşaqpulu məsələsi olsa da, prezident sərəncamlarında o istiqamətə heç bir ayırma olmayıb. İlin 9 ayında bu Fonddan 204 milyon 260 min manat xərcləndiyi halda, son 3 ayda 100 milyon manata yaxın vəsait tezbazar müxtəlif istiqamətlərə yönəldilib. Prezidentin Ehtiyat Fondundan ayırmalarda yenə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) öndə olub. 3 ayda Fonddan 37 milyon 400 min manat bu Dövlət Agentliyinə ayrılıb. Ancaq AAYDA-ya ayrılan vəsaitlər təkcə bu deyil, “2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsait”dən də bu quruma pul ayrılıb. İlin son kvartalında həmin ayırmanın məbləği 43 milyon 300 min manat olub, yəni son kvartalda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə İlham Əliyevin sərəncamlarıyla ümumilikdə 80 milyon 700 min manat pul yönəldilib.

Dövlət büdcəsində “Avtomobil yolları” məqsədli büdcə fonduna 2019-cu ildə 302 milyon manat, bundan başqa, “Avtomobil yolları” məqsədli büdcə fondunun vəsaitinin istifadəsi sahəsində islahatlar aparılmasına da 20 milyon manat ayrılıb.

Dövlət büdcəsindən bu il 8 milyon 915 min 680 manat vəsait alan Prezident yanında Gənclər Fonduna da son kvartalda Prezidentin Ehtiyat Fondundan 4 milyon manat əlavə pul alıb. Baxmayaraq ki, büdcədə “Gənclər siyasəti” bölməsi var və bu il o siyasət üçün də 9 milyon 928 min 911 manat pul xərclənib.

Son kvartalın favoritlərindən biri də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi olub. İlin son 3 ayında bu quruma 60 milyon 20 min manat pul ayrılıb.

Cavid Qurbanovun idarəsi də – "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti də unudulmayıb, son 3 ayda 48 milyon manat bu quruma verilib.

“Azərsu” isə son 3 ayda 35 milyon manatlıq sərəncama imza atdıra bilib.

Prezidentin Ehtiyat Fondunun ən sakit dövrü ilin III kvartalında olub. İyul-sentyabr aylarında Fonddan cəmi 14 milyon 300 min manatlıq ayırma olub. Bu kvartalda prezident pul ayırmaları ilə bağlı cəmi 11 sərəncam verib. Büdcə vəsaitinin vur-tut 91 milyon 400 min manatı isə bu sərəncamlara qurban gedib. Görünür, həmin aylarda İlham Əliyev daha çox istirahət edib.

Prezidentin Ehtiyat Fondu və bu fonddan xərcləmələr həmişə müzakirə mövzusu olub. İqtisadçılar bu fondun, ümumiyyətlə, ləğvinin daha doğru yol olduğunu deyir. Çünki bu fonddan xərcləmələrlə bağlı şəffaflıq yoxdur, əslində, məqsədsiz, daha doğrusu, dövlət başçısının təbliğatına hesablanmış xərcləmələrdir. Məsələn, büdcədə investisiya xərcləri ilə bağlı hər il milyonlar ayrılsa da, prezident də ehtiyat fondundan həmin istiqamətə vəsait xərcləyir. Üstəlik, dövlət büdcəsindən ayrılan vəsait hesabına formalaşan bu fond prezidentin cib xərcliyi rolunu oynayır. Artıq ənənə halını alıb, İlham Əliyev istənilən regiona səfərindən sonra ehtiyat fonddan həmin rayona müxtəlif adlarla vəsait ayırır. O vəsaitinsə necə xərclənməsi həmişə sirr olaraq qalır.

Baxmayaraq ki, hesabatlılıq olan bir çox ölkələrdə belə fondlar çoxdan ləğv edilib.

Ana səhifəXəbərlərİlsonu sərəncamları