REAL Hərəkatının sədri İlqar Məmmədov yenidən həbsdə qaldı. Ali Məhkəmənin hakimi Əli Seyfəliyev Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov və Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu ilə bağlı qərarından verilən kassasiya şikayətini təmin etməyib. İ.Məmmədovun vəkili və məhkəmədə iştirak edənlər qərarı ədalətsiz hesab edib. “Avropa Şurasının Nazirlər Komitəsinin (F.A. artıq sayın da itirmişəm) 8 ya 9 qərar və qətnamələri var, icra edilmir. Azərbaycan tərəfi nümayişkaranə şəkildə öz öhdəliklərini, üzərinə götürmüş olduğu beynəlxalq hüquqi öhdəlikləri yerinə yetirmir. Bu məhkəmə baxışının ədalətliliyi məsələsi ilə bağlı bizim Avropa Məhkəməsinə verdiyimiz ikinci şikayət də artıq hökumətlə kommunikasiyaya başlayıb. Hökumət uzağı yanvar ayında cavabı Avropa Məhkəməsinə göndərməlidir”- vəkil Fuad Ağayev deyib.
İlqar Məmmədovun xanımı Vəfa Məmmədova deyib ki, məhkəmənin yoldaşının xeyrinə qərar çıxaracağını gözləməyib. “Məncə, artıq İlqarla bağlı şəxsi prinsipiallıq var. Bir də yəqin ki, İlqardan çəkinirlər, yoxsa artıq çoxdan buraxardılar. Özünün ümidi yox idi, bilirdi ki, belə olacaq. Xeyirli bir qərar çıxmayacağını bilirdi. Mən də ümidsiz gəlmişdim, elə bir ümidim yox idi. Ümidim var idi, amma çox az idi. İndi gördük ki, ümidimin olmamağı doğru imiş. Ümidimiz sadəcə Avropa Məhkəməsinə qaldı”
REAL-ın icra katibi Natiq Cəfərli bir gün öncə İ.Məmmədovla telefonla danışdığını və onun məhkəmədən hansısa gözləntilərinin olmadığını deyib. “Açığı özünün heç bir gözləntisi yox idi. Gələn həftə üçün nə istəyirdisə, nəyə ehtiyacı vardısa, onun siyahısını demişdi. Bir qıram da ümidi yox idi ki, bu gün pozitiv qərar veriləcək. Özü buna hazır idi”.
Müsavat Partiyasının başqanı Arif Hacılı: “Azərbaycan hakimiyyəti İlqar Məmmədovu yenidən həbsdə saxlamaqla nəinki sadəcə insan haqlarını pozur, nəinki yalnız bir nəfərin azadlıqdan məhrum olaraq saxlanması ilə bağlı ədalətsizliyə yol verir, eyni zamanda Azərbaycana bütövlükdə ciddi və ağır ziyan vurur. Çünki bu qədər aşkar şəkildə günahsız şəxsin, həm Azərbaycanda, həm Avropada tanınan siyasi xadimin həbsdə saxlanması bütövlükdə Azərbaycana ağır bir zərbə vurur”.
REAL-ın sədr müavini Azər Qasımlı bildirib ki, məhkəmə İ.Məmmədovu həbsdə saxlamaqla ondan çəkindiyini göstərir. “Azərbaycan hakimiyyəti İ.Məmmədovu bir daha həbsdə saxlamaqla bəyan etmiş oldu ki, onlar İlqar Məmmədovdan qorxur. İ.Məmmədov İlham Əliyevin əsas siyasi alternatividir. Siyasi alternativ olaraq da artıq 4 ilə yaxındır ki, həbsdədir. Görünən də odur ki, Azərbaycan iqtidarı onu həbsdən buraxmaq istəmir”.
İlqar Məmmədov həbsxanadan qərarla bağlı fikrini vəkili Şəhla Hümbətova vasitəsilə göndərib. O deyir ki, rəqibindən qorxaraq ona qarşı şəxsi-qərəzliyini dövlət səviyyəsində gizlədə bilməyən prezident tarixdə ancaq özünə inamsızlığı ilə yadda qalacaq.
İlqar Məmmədov Tofiq Yaqublu ilə birlikdə 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov 7 il, Tofiq Yaqublu isə 5 il azadlıqdan məhrum edilib. Daha sonra, 2016-cı ildə əfv fərmanı ilə Tofiq Yaqublu azadlığa çıxıb.
2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxılması barədə qərar qəbul edib. Amma qərar icra olunmayıb.