Həbsdə olan ReAL hərəkatının sədri İlqar Məmmədov Ağdaşda yerləşən 90 saylı seçki dairəsindən namizədliyini irəli sürür
Bunu Respublikaçı Alternativ hərəkatının idarə heyətinin üzvü Natiq Cəfərli bildirib.
O, şəxsi facebook səhifəsində qeyd edib ki, “Bu gün REAL’ın sədri İlqar bəylə telefonla danışdım, yaxşıdı, hamıya salamları var. Hal-hazırda İlqar bəy barəsində qanuni qüvvəyə minmiş hökm yoxdur, iş Şəki Apellyasiya məhkəməsinə geri göndərilib, məhkəmə günü de təyin edilmir. İlqar bu gün radioda eşidib ki, Ağdaş şəhəri 90 saylı dairədə təkrar seçki təyin edilib, dedi ki, sənədləri hazırlayaq, o dairədən namizədliyini verəcək, zatən indi statusu “təqsirləndirilən” şəxsdir, qanuni namizəd olmağa imkan verir. Dedim ki, yaxşı fikirdir, Ağdaşda gözel kampaniya apara bilərik”.
12 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.
İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
2014-cü il mayın 22-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi onun saxlanılmasının qanunsuz olduğu barədə qərar qəbul edib. Avropa Məhkəməsinin qərarına görə, Azərbaycan hökuməti İlqar Məmmədovu dərhal azad etməli və ona 22 min avro təzminat ödəməlidir. Ancaq 2014-cü ilin sentyabrında Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Ali Məhkəmədə isə kasasiya şikayətinə baxılması 9 aydan çox davam edib. 2015-ci il oktyabrın 13-də Ali Məhkəmə şikayəti qismən təmin edib və işi təkrar araşdırma üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarıb.
“Amnesty International” İlqar Məmmədovu vicdan məhbusu kimi tanıyıb.