“Mənə deyilən odur ki, deyəsən həqiqətən İlqar Əliyev ölüb”- bunu MTN-nin Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyevin vəkili Rəşad Mirmehdizadə Meydan TV-yə deyib.
O bildirib ki, hazırda Sabunçu rayonunda yerləşən Məhkəmə Tibbi Ekspertizasına gedir: “Yəqin ki, onun meyitini Sabunçu ərazisinə gətirəcəklər. Hazırda yoldayam, “morqa” gedirəm”.
Qafqazinfo saytı məlumat yayıb ki, İlqar Əliyev cəza çəkdiyi İstintaq Təcridxanasında özünü asaraq intihar edib.
Bu ilin oktyabrında İlqar Əliyevin barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 308.2(Vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1(Vəzifə səlahiyyətlərini aşma) və 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma ) maddələri ilə təqsirləndirilirdi. O, Bakı İstintaq Təcridxanasına köçürülmüşdü.
Penitensiar Xidmət hadisə ilə bağlı məlumat yayacağını bildirib.