İlham Şaban: Şəhərin işıqlandırılması məsələsində Avropadan 15 il geridəyik

Bəli, paytaxt küçələrində həddən artıq yaraşıqlı, gözəl plafonlar asılıb, amma quraşdırılan közərmə lampaları volframlı olduğundan çox böyük enerji istehlak edirlər.

Source: google.az


''Bununla bağlı normal layihə yoxdur''

Prezident İlham Əliyev iyulun 31-də keçirdiyi müşavirədə küçə işıqlandırılmasının səviyyəsindən narazılıq edib. Ölkə başçısının sözlərinə görə, küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil.

“Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur, – İlham Əliyev deyib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Meydan TV-yə şəhərin yarıişıqlandırma səviyyəsinə keçidin 2016-cı ildən başladığını bildirib. O, bunu neft-qaz gəlirlərinin kəskin azalması ilə əlaqələndirir:

“Hətta şəhərin mərkəz hissəsində də əvvəlki səviyyədə işıqlandırılma həyata keçirilmir. Səbəb budur ki, Maliyyə Nazirliyi işıqlandırma ilə bağlı əvvəllki qədər vəsait ayırmır, nəticədə bu məsələyə cavabdeh təşkilatlar küçə işıqlarını söndürməyə məcbur olurlar”. Digər bir səbəb kimi, o, şəhərin işıqlandırılması ilə bağlı normal layihə olmadığını deyib.

İlham Şaban
İlham Şaban

“Bəli, paytaxt küçələrində həddən artıq yaraşıqlı, gözəl plafonlar asılıb, amma quraşdırılan közərmə lampaları volframlı olduğundan çox böyük enerji istehlak edirlər. Bildiyimə görə 400 voltluq enerji tələb edən lampa dirəkləridir, bu, çox israfçılıqdır. Halbuki, bütün dünya 12 ildir led-qənaətcil lampalara keçib. Bunun əvəzlənməsi ilə bağlı Bakı şəhərində hələ heç bir addım atılmayıb. Amma binaların fasadlarının işıqlandırılmasında sarı işıqları led işıqlarla əvəzləyiblər”.

İlham Şaban hesab edir ki, indiki dövrün tələblərinə uyğun olaraq müvafiq təşkilatların büdcəsinə qənaət edən və enerji yükünün azalmasına xidmət edən işlər görülməlidir.

O qeyd edib ki, əgər Azərbaycanı sosialist ölkələrlə müqayisə etsək Polşanı göstərmək olar:

“Polşanın nefti və qazı yoxdur, amma bütün məntəqələr işıqlandırılır. Bakıdan Şamaxıya qədər gedirsən, qaranlıqdır. Hər il yol qəzalarında 800-dən çox adam ölür, ondan 2-3 dəfə çox insan isə xəsarət alır. Səbəblərdən biri yolların işıqlandırılmamasıdır. Əgər Avropada bu məsələyə qanuni şəkildə keçiblərsə, biz 15 il onlardan geridəyik”.

Ana səhifəXəbərlərİlham Şaban: Şəhərin işıqlandırılması məsələsində Avropadan 15 il geridəyik