Kriminal avtoritet haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib
Kriminal aləmdə “Oleq Bakinski” kimi tanınan, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin haqqında Bakıda həbs qərarı verilib. 64 yaşlı kriminal avtoritet haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.
64 yaşlı “Oleq Bakinski”ni Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“bandotdel”) əməkdaşları saxlayıb. Bu idarənin yerləşdiyi ərazi üzrə Nərimanov Rayon Məhkəməsinə onun haqqında həbs qərarı çıxarılması üçün təqdimat verilib. Təqdimat təmin olunub.
Kriminal avtoritetin həbsini Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.
Şamaxı rayonunda anadan olmuş, 6 yaşında ailəsilə birlikdə Bakıya köçmüş Oleq Krapivin sərbəst güləş üzrə dəfələrlə Azərbaycan çempionu olub.
35 ildir ki, ailəsilə Kiyevdə yaşayan Oleq Krapivinin adını “Forbes” “Ukraynanın 100 ən varlı adamı” siyahısına daxil etmişdi. O, bu siyahıda 84 milyon dollar varidatla 98-ci yerdə idi.
“Oleq Bakinski” Prezident İlham Əliyevin 21 aprel 2022-ci il tarixli sərəncamlı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.