Bu kəndin iki sakini var. Ölkə başçısı İlham Əliyev və onun qızı Leyla Əliyeva. Qəbələnin Küsnət kəndi bu iki sakinə görə boşaldılıb. Hazırda kəndə giriş qadağandır.
Qonşuluqda yerləşən Laza kəndində sakinlər Küsnət barədə keçmiş zamanda danışırlar.
Tamam Allahyarova əlini uzadaraq kəndin istiqamətin göstərir “ Bax, aşağıdakı dairədə idi Küsnət kəndi. Onlara rayonda yer verildi, ora köçdülər. Onların yerində özləri tikdilər”.
“Küsnət kəndi köçdü. Orada nə qalıb ki?! Onun adı qalmayıb heç, köçdü ora. İlhamın qızı da oradadır, özü də oradadır. Villalar hamısı onundur. Biz orada neyləyirik ki?!”- Laza kənd sakini Gülnaz Süleymanova deyir.
Laza kənd müəllimi Zamin Bəşirov : “Ora rəsmi iqamətgahdır. Dövlət başçıları da orada qəbul oluna bilər. Ora prezidentin rəsmi iqamətgahıdır”.
Küsnət kəndində prezidentin iqamətgahı yerləşir. İqamətgahın tikintisi 2011-ci ildən başlayıb. Həmin vaxt kənddə 16 ailə yaşayıb. Tikinti gedərkən onlar Bizim Yol qəzetinə danışıblar:
“Uşaqlar Çeçenistanda işləyib, gəlib burada ev düzəldirlər. İndi də buradakılar deyir ki, kənddən çıxın gedin. Hamıya deyirlər ki, sizin ürəyinizdə köçmək fikri yoxdur. Deyir, buradan köçməsəniz, kəndə 14 metrlik qala çəkiləcək, siz qalanın içində yaşayacaqsınız”.
“O villanın arxasında 60 ağac fındığım vardı, indi onu zəbt eləyiblər. Villadan içəri keçməyə icazə vermirlər. Neçə dəfələrlə gedib işi saxladıq. Yamac qazıblar, oranı tualet ediblər, villanı tikən fəhlələrin getdiyi tualetin tullantıları biz istifadə etdiyimiz çaya tökülür”.
Kənd haqqında Wikipediyada qeyd olunur ki, “Sovet hakimiyyəti dövründə kənd sakinlərinə buradan köçürülüb başqa yerdə kənd salınması təklif edilsə də, sakinlər buna razı olmayıb və kəndlərini tərk etməyiblər. Son dövrlərdə isə kənddəki evlərin sayı sürətlə azalaraq 15-ə enib”.
Sovet dövründə kənddən çıxmayan sakinlər 2012-ci ildə kəndi tərk ediblər. Laza kənd sakinlərinin dediyinə görə onlara kompensasiya verilib və Qəbələdə yaşayırlar.
Kənd müəllimi Zamin Bəşirov “Küsnət çox qədimdə böyük bir kənd olub. Zaman keçdikcə, dağlıq şəraitdə yaşayış çətin olduqca, əhali ətraf ərazilərə köçüb. Küsnətdə 11-12 ev qalmışdı, onlar da köçürüldü. Onlar prezident iqamətgahı tikilən vaxt köçürüldü”.
Küsnət kəndində yalnız qəbiristanlıq və məscid saxlanılıb. Qəbiristanlığın köçürülməsi də müzakirə olunurdu ki, sakinlər buna etiraz olaraq yeni yaradılan qəbiristanlıqda tabutları yandırdılar.
Qəbələ rayon İcra Hakimiyyəti məsələyə münasibət bildirməkdən imtina edir.
Laza kənd sakini Tamam Allahyarova “ Kurort yerləri camaat da istəyir. Göz açıb, burada böyüsən sən buradan köçə bilərsənmi, yox. Gələn hamı deyir ki, cənnətdə yaşayırsınız. Heyf deyilmi bura?!”
Sakinlərin dediyinə görə Küsnət kəndi 19-cu əsrin əvvəllərində və bəlkə də ondan əvvəl yaranıb. İki əsrlik yaşı olan kənd ölkə başçısı və onun qızının yaşayışı üçün tarixdən silinib. Qəbələdə artıq Küsnət adlı kənd yoxdur.