“Bu həmin insanların hansı mənəvi dəyərlərə malik olduğunu göstərir”
“Atam Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyi qarşısında mitinqdə çıxış edib, Bakıya yanvarın 19-dan 20-ə keçən gecə sovet qoşunlarının yeridilməsini, çoxsaylı insan qırğınlarını, Qorbaçovun siyasətini kəskin tənqid etdikdən sonra, atama və bizim ailənin bütün üzvlərinə qarşı təqiblər başlandı”.
Bu fikirlər Azərbaycanın prezidenti İlham Əliyevə məxsusdur.
Rejissor, hazırda “Space” telekanalının rəhbəri Vaqif Mustafayevin Heydər Əliyevlə Qorbaçov arasında olan münasibətlərə həsr edilən “Bir həsədin tarixi” filmində İlham Əliyev o dövrləri belə xatırlayır:
“O zaman mənə bildirildi ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi vəzifəsində qala bilmərəm. Bu, mənə təəccüblü gəldi. Səbəbini soruşduqda dedilər ki, siz Heydər Əliyevin oğlu olduğunuza görə belə qərar verilib. Mən başa düşürdüm ki, dövlətə rəhbərlik edən şəxslər özlərini çox pis vəziyyətə qoyurlar. Hansısa insana pis yanaşmaq olar, onunla rəqabət aparmaq olar, amma məsələyə ailə üzvlərini qarışdıranda, bu, həmin insanların hansı mənəvi dəyərlərə malik olduğunu göstərir”.
İlham Əliyev 15 ildir Azərbaycanın prezidentidir. Beynəlxalq təşkilatlar onun hakimiyyəti dövründə tənqidi səslərin boğulduğunu, şəxslərin və yaxınlarının siyasi təqiblərə məruz qaldığını bildirir.
Təzyiqlərə məruz qaldığı bildirilən ailələrin yaxınlarından imtina halları da çoxdur.
Sonuncu belə hal hazırda Niderlandda yaşayan videobloger Orduxan Teymurxanın ailəsində yaşanıb.
“Musavat.TV”-nin yaydığı məlumata görə, blogerin qohumları redaksiyaya gələrək ondan imtina etdiklərini bəyan
ediblər
.
Videomaterialda vurğulayır ki, O.Teymurxan (Bəbirov) Azərbaycan hakimiyyətini tənqid, hətta bəzən təhqir edir. Onun Azərbaycanda yaşayan qohumları isə bunun əziyyətini çəkirlər.
Yerli məmurlar Orduxanla əlaqəli olduğunu iddia edərək blogerin yaxınlarına təzyiq göstərirlər.
O.Teymurxanın yeznəsi Məhəbbət Əliyev, eləcə də bacıları blogerdən imtina etdiklərini, övladlarının onu tanımadığını bir daha vurğulayıblar. Onların sözlərinə görə, imtinaya baxmayaraq övladları Səbuhi Zeynalov və Tural Əliyev inzibati qaydada həbs edilib.
Fransada yaşayan Məhəmməd Mirzəlinin ailə üzvləri də təzyiqə məruz qaldıqlarını
deyiblər
. Onun da yeznəsi həbs edilib.
Almaniyada yaşayan bloger Tural Sadıqlının ailəsi isə bir neçə gündür polis nəzarətindədir. Bu barədə onun atası Əlövsət Sadıqlı məlumat
yayıb
.
Meydan TV-nin direktoru Emin Milli, yazar Günel Mövlud və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumları, Sevinc Osmanqızının bacısı da təzyiqlər nəticəsində onlardan imtina etmişdilər.