Umayra Tağıyeva nazir müavini təyin olunub
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyevin martın 4-də sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.
1961-ci ildə Lerik rayonunda doğulan Firdovsi Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.
O, 1991-1993-ci illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993-2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olan F.Əliyev 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, 1995-2000-ci illərdə Milli Məclisinin deputatı olub.
F.Əliyev 2004-cü ildən Ekologiya və Təbii Sərvətlər Nazirinin müavinidir.
F.Əliyev 2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Umayra Tağıyeva 1968-ci ildə Bakıda anadan olub.
1985-ci ildə Bakı şəhəri 6 saylı məktəbi, 1990-cı ildə Pedaqoji Universitetin riyaziyyat-fizika fakültəsini bitirib.
O, 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun direktoru, 2007–2009-cu illərdə Milli Hidrometereologiya Departamentinin direktor müavini, sonra Hidrometereoloji Proqnozlar Bürosunun direktoru vəzifəsində fəaliyyətini davam etdirib.
U.Tağıyeva 2015-ci ildən Coğrafiya institutunun iqlimşünaslıq və aqroiqlim şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır.
2018-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsinə təyin olunub.
2020-ci ildə Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə III dərəcəli “Əmək” ordeni ilə təltif edilib.