“Heç kim bizə kömək etməyib, əksinə, ancaq maneçilik törədib”
“Müharibənin bütün sirlərini açmaq hələ ki tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı. Biz Ağdamı onsuz da alacaqdıq. Amma itkilər olacaqdı, özü də böyük sayda".
Bu açıqlamanı Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də Ağdam rayonuna səfəri zamanı
deyib
.
İlham Əliyev bildirib ki, ağdamlılar bu günü uzun illər ərzində – 30 ilə yaxın idi gözləyirdilər: “Eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı da gözləyirdilər. Mən bilirəm və hiss edirəm ki, bizim şəhərlərimiz, rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca ağdamlılar da fikirləşirdilər ki, nə vaxt onların kəndləri, Ağdam şəhəri azad olunacaq. Cəbrayıl azad olundu, Füzuli azad olundu, Hadrut azad olundu, Zəngilan, Qubadlı, Suqovuşan, Şuşa azad olundu və yəqin ki, ağdamlılar fikirləşirdilər ki, nə üçün Ağdam azad olunmur? İndi mən bunu deyə bilərəm. Amma mən istəyirdim, bunu hansısa formada ağdamlılara çatdırım, amma onlar da başa düşürlər ki, müharibə dövründə bunu edə bilməzdim. Burada beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin. Füzulini, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı azad edəndən sonra təbii ki, biz artıq Ağdam şəhərinə istiqamət götürmüşdük və əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır. Düşmən də bilir və artıq etiraf edir ki, əgər onlar torpaqlarımızın azad edilməsi ilə bağlı mənim şərtlərimi qəbul etməsəydilər, burada məhv olacaqdılar. Çünki biz Ağdama gəlirdik”.
Dövlət başçısı söyləyib ki, Azərbaycan xalqı qələbəni birliyi sayəsində qazanıb: “Gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək bu barədə də ətraflı danışacağam. Bu 44 gün ərzində bizə mənəvi və siyasi dəstək verən Türkiyə Cümhuriyyəti olub, mənim qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan olub və bir neçə digər müsəlman və qeyri-müsəlman ölkələrin rəhbərləri olub. Biz bu Qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik”.
“Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşləri keçirilib. Baxın, görün, nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Mənim göstərişimlə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udi qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Bizim Qafqaz Albaniyası kilsələri milli sərvətimizdir. Gürcü kilsələrimiz, erməni kilsəsi. Vəhşi düşmən bax bu məsciddə inək saxlayıb, donuz saxlayıb. Bu şəkillər var internetdə. Azad edilmiş Zəngilan məscidində, Cəbrayıl məscidində donuz saxlayıb. Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik”, – deyə Əliyev fikrini tamamlayıb.
Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil
olub
.
Ağdam rayonu 1930-cu ildə yaradılıb. İri yaşayış məntəqələri Mərzili, Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı kəndləridir.
İşğaldan əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Ağdam rayonu 1993-cü ilin iyulun 23-də işğal edilib.
Sentyabrın 27-də başlanan hərbi əməliyyatlar 44 gün davam edib. Bu müddətdə Azərbaycanın Cəbrayıl, Hadrut, Füzuli, Qubadlı, Zəngilan, Şuşa rayonları azad edilib.
Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb.
Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.
Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.
Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.
Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.