İlham Əliyev Ermənistanla danışıqlara hazır olduğunu deyir

Mənbə: president.az

İqor Xovayevi qəbul edən ölkə başçısı sülh sazişindən danışıb

Aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və demarkasiyası, Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsip əsasında iki ölkə arasında sülh müqaviləsinin hazırlanması məsələləri müzakirə olunub.

Bu barədə “president.az” məlumat yayıb.

Görüşdə İlham Əliyev Ermənistanla danışıqlara hazır olduğunu bildirib.

Eyni zamanda, bu gün ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer Bakıya gəlib.

Məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb

Diplomatın 24-29 aprel tarixlərində Bakıda səfərdə olacağı qeyd edilib:

Endryu Şofer. Mənbə: ABŞ səfirliyi

“ABŞ Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyini təşviq etmək üçün ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq etməyə sadiqdir”, – qeyd olunub.

E.Şoferin daha əvvəl Ermənistanda səfərdə olduğu bildirilib.

Fransanın Azərbaycandakı səfiri Zakari Qross isə bildirib ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına real ehtimal var.

Bu fikir səfirin “Bütün xoşməramlı insanlar Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməlidir” adlı məqaləsində yer alıb.

Səfirin sözlərinə görə, sülh müqaviləsi hər iki ölkənin liderləri tərəfindən müzakirə edilib və rəsmi təmaslar baş tutub:

“Vətəndaş cəmiyyətinin nümayəndələri də bir sıra görüşlər keçirib. Bu proses bizə nikbin olmağa imkan verir. Lakin bu, o demək deyil ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması yaxındır. Buna nail olmaq çətin olacaq, maneələr olacaq. Rəsmi Bakı kommunikasiyaların bərpa olunması, sərhədlərin delimitasiyası, ərazi bütövlüyü və suverenlik prinsiplərinin tanınması kimi konkret məsələlərdə irəliləyiş görmək istəyir”.

Zakari Qross. Mənbə: “az.ambafrance.org”

Zakari Qross prosesə xələl gətirə biləcək insidentlərin də ola biləcəyini istisna etməyib:

“Anlaşılmazlıqlar inamsızlığı artıra və əldə olunmuş nailiyyətləri təhlükə altında qoya bilər. Buna görə də Azərbaycan və Ermənistandakı bütün xoşməramlı insanların sülh prosesini dəstəkləməsi vacibdir. Burada vətəndaş cəmiyyəti mühüm rol oynaya bilər. Ziyalılar, mütəfəkkirlər, rəssamlar, müəlliflər, aktyorlar, iş adamları, sadə vətəndaşlar, qadınlar sülh naminə çıxış edərək prosesi gücləndirə bilərlər”.

Aprelin 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov emənistanlı həmkarıyla keçirdiyi mətbuat konfransında bildirmişdi ki, ABŞ və Fransa ATƏT-in Minsk Qrupu üçlüyünü ləğv etdi.

Nazir hesab edirdi ki, Qərbin Rusiyanı ATƏT-in Minsk Qrupundan kənarlaşdırmaq cəhdləri məsuliyyətsizlikdir:

“ABŞ və Fransa regionda nizamlanma maraqlarını qurban verməyə hazırdır“.
Bu açıqlamadan sonra Rusiya və ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndələrini təyin etdilər.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları məhv etməkdə ittiham edib.

Ana səhifəSiyasətİlham Əliyev Ermənistanla danışıqlara hazır olduğunu deyir