“ABŞ və Fransa regionda nizamlanma maraqlarını qurban verməyə hazırdır”
“Qərbin Rusiyanı ATƏT-in Minsk Qrupundan kənarlaşdırmaq cəhdləri məsuliyyətsizlikdir. ABŞ və Fransa regionda nizamlanma maraqlarını qurban verməyə hazırdır”.
Bu açıqlamanı aprelin 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqların yekunlarına dair mətbuat konfransında səsləndirib.
Nazir ATƏT-in Minsk Qrupunun taleyinin necə olacağını bilmədiyini deyib: “ATƏT-in Minsk Qrupunun həmsədrləri üçlüyünün (Rusiya, Fransa, ABŞ – red.) fəaliyyətinə və ya gələcəyinə gəlincə, deyərdim ki, bu qurumun gələcəyinin necə olacağını bilmirəm”.
“Qrupdakı fransız və amerikalı tərəfdaşlar rusofob çılğınlıq içində Rusiyaya aid hər şeyi ləğv etmək cəhdi ilə ATƏT-in Minsk Qrupu həmsədrləri üçlüyünü də ləğv etdilər”, – deyə Lavrov bildirib.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin aprelin 6-da Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla üçtərəfli görüşün yekunlarına dair bəyanatında ATƏT-nin Minsk Qrupunun adının çəkilməməsi bu qrupun gələcək taleyi barədə sualları gündəmə gətirib.
İkinci Qarabağ müharibəsindən sonra isə Azərbaycan rəsmiləri dəfələrlə Minsk Qrupunun fəaliyyətini tənqid edərək onun fəaliyyətinin bitdiyinə eyham vurublar. Hətta ölkə başçısı İlham Əliyev də qrupun fəaliyyətinin münaqişənin həllində heç bir rolu olmadığını deyib.
Minsk Qrupunun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayıb.
Həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib.
1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilib.
Ardınca Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk Qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul olunub.
Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən ona əvvəlcə Finlandiya ilə Rusiya, 1995-1996-cı illərdə İsveç və Rusiya başçılıq edib.
1997-ci ilin yanvarından ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər.
Xatırlatma
Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.
Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.
90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.
2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.