İlham Əliyev: “Əminəm ki, İbrahim Rəisi ilə əldə edilmiş bütün razılaşmalar icra ediləcək”

Foto: president.az

“Söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda”

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının sabiq Prezidenti Seyid İbrahim Rəisi ilə son görüşünü “tarixi görüş” adlandırıb.

Bu barədə İlham Əliyev mayın 21-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyində başsağlığı verərkən deyib.

Səfirlikdə Azərbaycan Prezidentini səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi qarşılayıb.

İlham Əliyev Seyid İbrahim Rəisinin həlak olmasını İran xalqı üçün böyük dərd hesab edib:

Faciənin baş verməsi, əlbəttə ki, böyük dərddir, həm onun yaxınlarına, həm onu tanıyanlara. Amma təsəlli verən odur ki, o, öz həyatını İran xalqının inkişafına həsr etdi. İran dövlətinin milli maraqlarının müdafiə edilməsində onun xüsusi rolu var idi. Həm Prezident vəzifəsində çalışdığı zaman, həm ondan əvvəlki dövrlərdə o, İran xalqının rifahını yaxşılaşdırmağa çalışırdı və milli maraqların müdafiəsində onun böyük rolu olub”.

İlham Əliyev İbrahim Rəisi ilə 19 may görüşünü “tarixi görüş” adlandırmaqla yanaşı, həm də dünyaya verilən açıq mesaj kimi qiymətləndirib:

Onunla son görüşüm tarixi bir görüş idi. Həm o, həm də mən bu görüşü məhz tarixi görüş adlandırmışdıq. Dövlət sərhədində böyük infrastruktur layihəsinin açılışında birgə iştirakımız İran-Azərbaycan əlaqələrinin nə qədər möhkəm olmasından xəbər verirdi, həm xalqlarımıza, həm bütün dünyaya çox açıq mesaj idi ki, biz dostuq, qardaşıq, biz bundan sonra da birlikdə olacağıq. Açılış mərasimindən sonra həm mərhum Prezident Rəisinin, həm də mənim rəsmi açıqlamalarımız çox ciddi siyasi məna daşıyırdı. Hər iki Prezident açıq bəyan etmişdi ki, bu bölgənin gələcək inkişafında bölgədə yerləşən ölkələr fəal iştirak etməlidirlər”.

Bildiyiniz kimi, faciədən əvvəl biz iki saatdan çox birlikdə idik. Bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlər müzakirə edilmişdi. İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdi və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdi. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdi. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda”, – deyə Əliyev əlavə edib.

Prezident həmçinin təəssüflənib ki, gələcək layihələrin icrasını görmək Rəisiyə nəsib olmadı:

Tale ilə hər kəs barışmalıdır. Ancaq yenə də deyirəm, təsəlli verən amil odur ki, öz həyatını İranın inkişafına qurban verib və bizim yaddaşımızda, İran xalqının, Azərbaycan xalqının yaddaşında o, parlaq şəxsiyyət, böyük dövlət xadimi, Azərbaycan dövlətinin və xalqının böyük dostu kimi qalacaq”.

Mayın 19-da İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Azərbaycandan qayıdarkən içərisində olduğu helikopter qəzaya uğrayıb.

Nəticədə İbrahim Rəisi də daxil olmaqla, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imam cüməsi Əli Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti və digər şəxslər həlak olublar.

Ana səhifəSiyasətİlham Əliyev: “Əminəm ki, İbrahim Rəisi ilə əldə edilmiş bütün razılaşmalar icra ediləcək”