”İlham Əliyev bilməlidir ki, hər şey idmanla ölçülmür”

“27 iyun beynəlxalq kar-korlar, yaxud kor-karlar günü sayılır. Bu terminin müxtəlifliyindən asılıdır. İngilis dilində “dif blaynds”, rus dilində isə “slipoqluxoy” deyilir, Azərbaycan dilində hələ termin təsdiqlənmayib, çünki bu problem hələ heç kəsi maraqlandırmır”. Bu sözləri əvvəlcə görmə, daha sonra eshitmə qabiliyyətini itirən Mətanət Tağıyeva deyir.

Mətanət xanımın yaxşı musiqi bacarığı var. O, eşitdiyi bütün musiqiləri ifa edə bilir. Ancaq eşitmə qabiliyyəti zəiflədiyindən bu, ifasında da problemlər yaradır.

O, öz həyatından danışır: “Mənim kimi adamların xəstələnmə səbəbləri müxtəlif cür olur. Elə adamlar var uşaq vaxtlarından eşitməsi, yaxud görməsi zəifləyir və onlar həyata buna alışaraq davam edirlər. Məndə isə bu xəstəlik 37 yaşımdan sonra baş verdi”.

Xəstəlik yeni yarananda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət etsə də, həkimlər eyni anda eşitmə və görmə qabiliyyətinin zəifləməsinə “ola bilməz” “diaqnozu”nu qoyublar: “2000-ci ildə orada məni yoxladılar, dedilər ki, korda karlıq müşahidə oluna bilməz. Sən anana qulaq as, Rusiyadakı dostlarına fikir vermə. Belə elmdən kənar sözlər deyirdilər”.

Mətanət xanımın sözlərinə görə, Azərbaycanda onun kimi insanlara dövlət qayğısı yoxdur: “Özünü əlillərin dostu hesab edən İlham Əliyev bilməlidir ki, hər şey idmanla ölçülmür. Ölkədə 400 minə yaxın əlil insan var. Onların 5-10-nu dörd ildən bir qiymətləndirmək və ya 5 ildən bir 120 mənzilli bina tikib istismara verməklə əlilin problemi həll olunmur. Biz beynəlxalq səviyyəli yarışlar – Avropa oyunları, Formula 1, “Eurovision” keçirməklə özümüzü Avropanın tərkib hissəsi sayırıq. Hörmətli İlham Heydər oğlu Əliyevə demək istəyirəm, əgər o, Avropa istiqamətində siyasət qurursa, bilməlidir ki, Qərbdə hətta evsiz, baxımsız heyvanların da müdafiə cəmiyyətləri var. Adəm övladı görmə və eşitmə qabiliyyətindən məhrumdursa, o, insanlıqdan çıxmır. Mənim iradım ölkə rəhbərliyinədir ki, bu cür insanların siyahıyaalınmasını təşkil etsin və vahid məlumat bazası yaratsın. Bundan sonra bizə hansı vasitələr lazımdırsa, onu əldə etməkdə kömək etsin. Bizim reabilitasiyamız yalnız yüksək texnikadan istifadə etməklədir”.

Artıq belə yaşamaq istəməyən Mətanət Tağıyevaya əməliyyatının riskli ola biləcəyini deyirlər: “Rusiyanın Moskva şəhərində müayinə olundum, orda “mütləq əməliyyat olunmalıdır” – dedilər. Çünki əməliyyat olunmasa, gözümdəki problem böyüyəcək, olan-qalan sağlamlığımı da əlimdən alacaq. Z.Əliyeva adına mərkəzdə isə əməliyyat olarsa, iflic olacağımı deyirlər. Mən artıq bu həyatdan bezmişəm, istənilən riskə getməyə hazıram. Ailəm yox, yetim qalacaq bala yox. Anam-bacım da bir-iki gün ağlayıb sakitləşərlər. Yəni mən istəyirəm ki, bu bəladan, fəlakətdən qurtarım”.

Ümumiyyətlə, sağlamlıq imkanı məhdud olan şəxslər üçün hansı proqramlar həyata keçirilir? Dövlət bu istiqamətdə hansı işləri görür? Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Meydan TV-nin sorğusuna cavab olaraq bildirib ki, qurum tərəfindən həyata keçirilən sosial müdafiə tədbirlərinin əhatə etdiyi insanların bir qismi görmə və eşitmə, eləcə də nitq qabiliyyəti zəif olan şəxslərdir:

“İlk növbədə, qeyd edək ki, həmin insanlar müvafiq əlillik qrupuna uyğun olaraq aylıq sosial müavinət və ya əmək pensiyası ilə təmin edilirlər. Digər əlilliyi olan şəxslər kimi, həmin insanlara yönələn sosial müavinət və pensiyaların da mütəmadi olaraq artırılması təmin edilir.

Qeyd olunan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində məqsədyönlü işlərin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası inşa etdirilib və 2015-ci ilin dekabrında istifadəyə verilib.

Görmə qabiliyyəti məhdud olan şəxslərin peşə reabilitasiyası istiqamətində də tədbirlər həyata keçirilir. Nazirlik tərəfindən keçən il və cari ilin ötən dövründə 100 nəfərədək belə şəxs üçün brayl sistemi üzrə peşə hazırlığı kursu təşkil edilib. Həmin insanların peşə və ümumən sosial reabilitasiya imkanlarının artırılması, bu sahədə maddi-texniki bazanın gücləndirilməsi məqsədilə nazirliyin sifarişi əsasında Bakının Sabunçu rayonunda gözdən əlil gənclər üçün Tədris-Bərpa Mərkəzi inşa edilir.

Onu da qeyd edək ki, görmə qabiliyyəti zəif və gözdən əlil şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılması yönündə Heydər Əliyev Fondu tərəfindən də mühüm işlər görülür. Fond tərəfindən müvafiq layihə çərçivəsində həmin insanların İKT-dən istifadə imkanlarına malik olmaları üçün respublikamızın ayrı-ayrı bölgələrində Regional İnformasiya Mərkəzləri yaradılıb”.

Məlumatda bildirilir ki, nazirlik tərəfindən sosial sifarişlər üzrə sosial xidmətlərin istiqamətləri müəyyən olunarkən də görmə və eşitmə, eləcə də nitq qabiliyyəti zəif olan şəxslər diqqətdə saxlanılır: “Məsələn, nazirliyin sosial sifarişi əsasında icra olunan “Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar (görmə imkanları məhdud) üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənəti növlərinin öyrənilməsinə yardım göstərilməsi” layihəsinin məqsədi görmə imkanları məhdud şəxslər üçün televiziya, kino, teatr, idman proqramları və muzeylərin müyəssərliyinin təmin edilməsi, onların film, teatr, idman yarışması və s. izləyərkən digər şəxslərə mane və heç bir şərhə ehtiyac olmadan baş verən hadisələri tam şəkildə mənimsəmələrinə köməklik göstərilməsinə xidmət edir. Bu sahədə görülən işlərdən biri kimi, bir sıra filmlərin həmin uşaqlar üçün tifloşərhlə (səssiz, yaxud mimika ilə ifadə edilmiş hərəkətləri, kadr dəyişikliyini və s. tamaşaçıya sözlər vasitəsi ilə çatdırma) hazırlanaraq təqdim olunub.

“Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya xidmətlərinin göstərilməsi” layihəsi isə eşitmə zəifliyi və nitq problemləri olan sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya və sosial reabilitasiya xidmətlərinin göstərilməsi məqsədinə xidmət edir.

Həmçinin “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlara surdoloji xidmətlərin göstərilməsi” layihəsi üzrə bu təbəqədən olan uşaqlara (lal-kar və zəif eşitmə qabiliyyəti olanlara) surdoloji xidmətlər (surdo-tərcümələrin edilməsi, təhsildən yayınan bu tipli uşaqlara yazmaq və oxumaq vərdişlərinin formalaşdırılması, informasiya xarakterli proqramlarının jestlər vasitəsilə tərcüməsinin təşkil edilməsi, həmin uşaqların valideynlərində jestlərlə danışmaq bacarıqlarının inkişaf etdirilməsi, surdo-tərcüməçi kadrların hazırlanması üçün təlimlərin təşkili və s.) və sosial reabilitasiya xidmətləri göstərilir.

“Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası” layihəsi çərçivəsində də 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların, o cümlədən görmə və eşitmə qabiliyyəti zəif uşaqların sosial reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir. Ümumiyyətlə, sağlamlıq imkanları məhdud uşaqlara sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün icra olunan digər bir sıra layihələrin əhatə etdiyi uşaqlar arasında da görmə, eşitmə, nitq qabiliyyəti zəif şəxslər də vardır”.


Kanalımıza abunə ol –


https://goo.gl/TcM9Fm

Ana səhifəVideo”İlham Əliyev bilməlidir ki, hər şey idmanla ölçülmür”