"Mənasız danışıqlardan sonra biz açıq-aydın dərk etdik ki, Ermənistan sülh istəmir"
“Ermənistan hökuməti bizim Ermənistanla sülh sazişinə dair danışıqlara başlamaqla bağlı heç bir bəyanatımıza məhəl qoymur. Lakin ola bilsin ki, seçkiqabağı vəziyyət bu cür bəyanatlar vermək üçün çox əlverişli olmayıb. Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq. Əlbəttə, düşünürəm ki, sizin Ermənistanda təmaslarınız zamanı bu məsələ də müzakirə ediləcək. Çünki əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur”.
Bu fikirləri Prezident İlham Əliyev iyunun 25-də Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskun, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis və Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdə
deyib.
İlham Əliyev bildirib ki, Azərbaycan hər zaman Ermənistanla münaqişənin sülh yolu ilə həllinə sadiq olub: “Minsk Qrupu yaradılandan etibarən danışıqlar prosesində olmağımız faktının özü bunun aşkar göstəricisidir. Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik və danışıqlar prosesinin müxtəlif dövrlərində ümidlərimiz var idi. Mən 2003-cü ildən danışıqlar prosesində iştirak etmişəm. Ermənistanın 3 lideri ilə danışıqlar aparmışam və sizə deyə bilərəm ki, bu, dünyada aparılmış istənilən növ danışıqlarda çox mənfi təcrübə idi. Çünki uzun illər davam edən bu mənasız danışıqlardan sonra biz açıq-aydın dərk etdik ki, Ermənistan sülh istəmir. Onlar status-kvonu dəyişməz saxlamaq istəyirdilər. Onlar torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdilər və onların danışıqlarda iştirakı bir növ danışıqlar prosesinin imitasiyası idi. Onlar beynəlxalq və Avropa təşkilatlarını çaşdırmağa çalışırdılar ki, onlar həll istəyirlər, Azərbaycan isə konstruktiv deyil”.
Dövlət başçısının sözlərinə görə, hazırda münaqişədən sonrakı inkişaf vəziyyətdir: “Dağlıq Qarabağ münaqişəsi həll olunub. Bununla bağlı danışıqlar aparası heç nə yoxdur. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat bəzi beynəlxalq siyasətçilərin təqdim etməyə çalışdığı kimi, təkcə atəşkəs razılaşması deyil. Bu sənədə baxan hər kəs görəcək ki, o, təkcə atəşkəslə bağlı deyil, bir çox başqa məsələlərlə bağlıdır. Biz postmünaqişə vəziyyəti barədə düşünməliyik”.