”Xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır”
“Dünyada təhlükələr artır, iqtisadi böhran daha da dərinləşir. Bütün ölkələr bu böhrandan bu və ya digər şəkildə əziyyət çəkir”.
APA-ın məlumatına görə, bunu prezident İlham Əliyev iyulun 10-da, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Dövlət başçısı deyib ki, Azərbaycanda uğurlu inkişaf təmin edilib, ictimai-siyasi vəziyyət sabitdir, ölkənin qarşısında duran vəzifələr həll olunur: “Bu ilin 6 ayında Azərbaycanın xarici siyasəti fəal olub. 10-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfərə gəlib. Mənim də xarici ölkələrə səfərlərim Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edib”.
Prezident İlham Əliyev bildirib ki, bu ilin 6 ayında ümumdaxili məhsulun (ÜDM) azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft artım müşahidə olunur: “Bu ilin 6 ayında ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır. Son 6 ayda 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb”.
Dövlət başçısı qeyd edib ki, 2016-cı il tarixdə dərin islahatlar ili kimi qalacaq: “Strateji nəqliyyat və enerji layihələri uğurla icrası istiqamətində də tədbirlər davam etdirilir”.
“Bazara girmək üçün gərək səy göstərək”
İlham Əliye qeyd edib ki, ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istidamətində də ciddi işlər aparılmalıdır: “Əlbəttə, birjada satılan məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur, ancaq digər məhsullar üçün biz gərək rəqabətə girək. Çünki dünyada ixrac bazarları uğrunda böyük rəqabət aparılır, böyük dövlətlər, böyük firmalar o bazarları bölüblər, ona görə də öz məhsulumuzla bu bazarlara girmək üçün gərək böyük səylər göstərək”.
Dövlət başçısı ixracyönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib. O deyib ki, bu il ölkədə dərman istehsalına başlanması, sənaye mərkəzlərinin yaradılması istiqamətində, həmçinin Mingəçevirdə yüngül sənaye kompleksinin təməlinin qoyulması, hər bir rayonun sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilir.
Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, zəruri ərzaq məhsulları ilə təminatın, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorativ tədbirlərin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı tapşırıqlarını verən prezident son illərdə Bakıda keçirilən beynəlxalq tədbirlərin, həmçinin Formula-1 Avropa Qran-prisinin ölkədə turizmin inkişafına ciddi dəstək verdiyini deyib.
Əsassız yoxlamaların azaldılması ilə bağlı verdiyi tapşırıqların müvəffəqiyyətlə icra olunduğunu deyən İlham Əliyev 2016-cı ilin ikinci yarısının da uğurlu olacağına əminliyini vurğulayıb.
“Son 3-4 ayda görünməmiş fəallıq hiss edilir”
İlham Əliyev Qarabağ münaqişəsindən də danışıb: “Aprel ayında Ermənistanın təxribatının qarısı alınıb, 2 min hektar ərazi azad edilib”
Dövlət başçısı deyib ki, münaqişə beynəlxalq hüquq prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: “Son 3-4 ay ərzində tarixdə danışıqlarda görünməmiş fəallıq hiss edilib. Ermənistan danışıqların keçirilməsi üçün şərt irəli sürmüşdü. Bununla onlar özlərini gülünc vəziyyətə qoymuşdular. Danışıqlar Azərbaycanla bərabər Ermənistana da lazımdır. Aprel hadisələri göstərdi ki, Ermənistan təxribatçı əməllərini davam etdirərsə, vəziyyət dəyişə bilər. Həmsədrlər Ermənistana təzyiq göstərməlidir. Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həlli variantıdır. Buna nail olmaq üçün həmsədr ölkələr və ATƏT Ermənistana təzyiq göstərməlidir”.