Cəsur Sümərinli: “İlham Əliyev Yens Stoltenberqin islahatlar haqqında çağırışlarına cavab verməyib”
Azərbaycan Əfqanıstanda beynəlxalq koalisiya qüvvələrinin dəstəklənməsi üzrə proqramların reallaşmasına yardım göstərməklə və bu ölkənin dövlət strukturlarının dəstəklənməsində iştirak etməklə NATO ilə münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək niyyətindədir.
Bu açıqlamanı Azərbaycan prezidenti İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun mənzil-qərargahında NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.
İ.Əliyev qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması ilə Avropadan Asiyaya, konkret olaraq Əfqanıstana ən qısa yol açılıb ki, bu da həmin ölkəyə nəql və beynəlxalq koalisiya qüvvələrinin təchizatı məsələlərini asanlaşdıracaq.
Öz növbəsində Y.Stoltenberq qeyd edib ki, NATO və Azərbaycan arasında tərəfdaşlıq demokratik dəyərlərə, enerji təhlükəsizliyi məsələlərinə əsaslanıb.
NATO Azərbaycanda təhlükəsizlik sisteminin yaradılmasında, korrupsiyaya qarşı mübarizədə yardım göstərir və Əfqanıstanda koalisiya qüvvələrinin təchiz edilməsi üçün dəhlizə görə minnətdardır.
Mühacirətdə yaşayan hərbi ekspert Cəsur Sümərinli “Facebook” səhifəsində prezident Əliyevin baş katib Stoltenberqlə görüşünü şərh edib.
Cəsur Sümərinli bildirib ki, baş katib Yens Stoltenberq Azərbaycan prezidentini təhlükəsizlik sektorunda islahatları həyata keçirməyə, korrupsiyaya qarşı mübarizədə NATO-nun “Building Integrity” proqramından tam faydalanmağa çağırıb. İlham Əliyev isə öz çıxışında Yens Stoltenberqin çağırışlarına cavab verməyib.
“İlham Əliyev 2004-cü ildən indiyə qədər NATO ilə Azərbaycan arasında razılaşdırılmış IPAP (Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Proqramı) sənədinin 4 mərhələsinin həyata keçirildiyini, hazırda isə 5-ci mərhələsinin başlandığını bildirib.
Bu sənədlərin (IPAP) nədən ibarət olması və necə həyata keçirilməsi Azərbaycan cəmiyyətindən tam gizli saxlanılır və görünən odur ki, hazırda rəsmi Bakının bu sənəd üzərində ciddi islahat öhdəliyi də yoxdur. Halbuki IPAP sənədi əvvəlində çox ambisiyalı sənəd kimi təqdim olunmuşdu. Gürcüstan və Ermənistanın anoloji sənədlərində (onlar sənədi ictimaiyyət üçün açıq etmişdilər) təhlükəsizlik və müdafiə sektorunda ciddi islahatların həyata keçirilməsi, hesabatlılıq və şəffaflıq, hərbi qulluqçuların karyerası, korrupsiyaya qarşı mübarizə, ordunun peşəkarlaşması və s. bu kimi məsələlərin əksini tapdığı açıq görünürdü”.
Ekspert deyib ki, NATO-nun korrupsiyaya qarşı mübarizə proqramı (Building Integrity) Azərbaycana 5-6 il öncə təklif edilib, o zamandan Bakı bu proqramı qəbul etməkdən imtina edib:
“Azərbaycan prezidentinin NATO rəhbərliyi ilə son görüşündən belə çıxdı ki, İlham Əliyev yenə də bu proqramdan və ümumilikdə orduda islahatlar barədə çağırışdan imtina edib”.