İlham Əliyev: Azərbaycan indiyədək İsraildən 5 milyard dollarlıq silah alıb

Benyamin Netanyahu: ”Informasiya texnologiyaları və istənilən digər sahədə birlikdə möcüzələr yarada biləcəyimizə inanırıq”

Source:
foto Azərtag.az
foto Azərtag.az


Benyamin Netanyahu: ”Informasiya texnologiyaları və istənilən digər sahədə birlikdə möcüzələr yarada biləcəyimizə inanırıq”

Dekabrın 13-də Azərbaycan prezidenti İlham Əliyev İsrail baş naziri Benyamin Netanyahuyla sənədlərin imzalanması mərasimindən sonra birgə mətbuat konfransında deyib ki, siz 20 il bundan əvvəl Azərbaycanda səfərdə olmusunuz və indi ikinci səfərinizdir: “Qısa səfər olmasına baxmayaraq, çox məhsuldardır. Sözsüz ki, bu səfər ölkələrimiz arasında ikitərəfli əlaqələri genişləndirəcək. Biz bir çox sahələrdə əməkdaşlıq edirik. Bu gün imzalanmış sənədlər əməkdaşlığımız üçün çox böyük potensialın olduğunu açıq-aydın göstərir. Sənədlərin hamısı çox vacibdir. Mən onların arasında ikitərəfli əməkdaşlığın çox səmərəli mexanizmi olan birgə iqtisadi komissiyanı yaratmağa imkan verəcək sənədin əhəmiyyətini vurğulamaq istərdim. Əminəm ki, bu, ticarət dövriyyəsini artırmağa və onu şaxələndirməyə kömək edəcək. Ticarət dövriyyəsi yaxşı səviyyədə olsa da, bu, əsasən Azərbaycandan İsrailə neft ixracına görədir. Biz bunu şaxələndirmək və artırmaq üçün işləməliyik”.

Prezident ikitərəfli əlaqələri, regional inkişaf ilə bağlı çox geniş spektrli məsələləri müzakirə etdiklərini söyləyib:

“Müzakirələr çox açıq, dostluq şəraitində keçdi. Bu müzakirələr bizə ikitərəfli əlaqələrimizi gücləndirməyə kömək edəcək. Bizim kənd təsərrüfatı sahəsində əməkdaşlıqda çox yaxşı perspektivlərimiz var. Biz bunu cənab baş nazirlə müzakirə etdik. İsrail çox müasir texnologiyalara malikdir, biz onların bəzilərindən istifadə edirik, bəziləri ola bilsin ki, Azərbaycana bir müddət sonra gətiriləcək. Bu sahədə əməkdaşlıq üçün yaxşı perspektivlər var. Turizm potensial inkişaf üçün əsas sahələrdən biridir. Əminəm ki, İsrail ilə Azərbaycan arasında birbaşa uçuşlar hər iki istiqamətdə turistlərin sayının artmasına kömək edəcək. Təhsil sahəsində əməkdaşlığın çox böyük potensialı var”.

“Biz, həmçinin müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edirik və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir. Bu əməkdaşlığın nə dərəcədə geniş olduğunu göstərmək üçün bir rəqəmi diqqətinizə çatdıracağam. İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır. Bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib. Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq. Bizim münasibətlərimiz çox geniş, şaxələnmiş münasibətlərdir, bir çox sahələri əhatə edir. Mən onlardan bəzilərini qeyd etdim. Əminəm ki, cənab baş nazirin səfəri bizə yeni əməkdaşlıq sahələrini müəyyən etməyə imkan verəcək. Biz çox yaxın dostluq münasibətləri qurmuşuq və baş nazirin səfəri bunun yaxşı göstəricisidir. Ümidvaram ki, növbəti səfəriniz 20 ildən tez baş tutacaq”, – deyə dövlət başçısı vurğulayıb.



“Bizim inəklər Fransa, Hollandiya, hətta Amerika inəklərindən daha məhsuldardır”

Öz növbəsində baş nazir Netanyahu 19 il əvvəl Bakıya ilk ziyarəti çox yaxşı xatırladığını deyib: “Gecə yarısı idi, Sizin rəhmətlik atanız gəlib bizi qarşıladı. Bu, böyük dostluğun nişanəsi idi. Bu dostluq bu günə qədər davam və inkişaf edir”.

Baş nazir əməkdaşlıq etmək üçün bir çox sahələrin olduğunu qeyd edib: “Aydındır ki, bizim energetika sahəsində möhkəm əlaqələrimiz var. Bu gün sadəcə ölkəmizin neft idxalının ciddi bir hissəsi olan, Azərbaycanın İsraili təchiz etdiyi neftin satışı barədə yox, həm də təbii qazın ixracı üçün birgə müəssisələrimizdən istifadə haqqında danışırıq. İsrailin qaz idxalını bu gün biz burada danışarkən inşası davam edən Azərbaycandan Türkiyəyə böyük boru xəttinə calışdırılmasından danışırıq. Şübhəsiz, bu, hər iki ölkənin iqtisadiyyatını gücləndirə biləcək bir istiqamətdir. Düşünürəm ki, bu, daha böyük bir xidmət olacaq. Energetika bizim sıx şəkildə əməkdaşlıq etdiyimiz sahələrdən yalnız biridir”.

“Kənd təsərrüfatı, təhsil, informasiya texnologiyaları və istənilən digər sahədə birlikdə möcüzələr yarada biləcəyimizə inanırıq. Bu cür əməkdaşlığı alqışlayırıq. Çünki düşünürük ki, nəticə etibarilə malik olduğumuz ən böyük resurs budur. Bu, konseptual məhsul resursudur, bütün sənaye istiqamətlərini daha da səmərəli etmək bacarığıdır. Bir misal olaraq süd məhsullarını göstərə bilərəm. Ölkəmizin dünyada ən məhsuldar inəklərə sahib olması ilə öyünürəm. Bizim inəklər Fransa, Hollandiya, hətta Amerika inəklərindən daha məhsuldardır. Bu hal bir çox sahələrdə təkrarlanır. Bu əməkdaşlığı xalqlarımıza daha aydın bir gələcək bəxş etməsi üçün alqışlayırıq. Lakin düşünürəm ki, əlaqələrimiz mövzusunda nadir olan xüsusiyyət başqa bir şeydir. İsrail bir yəhudi dövlətidir. Azərbaycan müsəlman ölkəsidir və əhalisinin əksəriyyəti müsəlmandır. Burada hər iki ölkənin daha parlaq gələcəyini təmin etmək üçün yəhudilərlə müsəlmanların birgə işləməsinin şahidi oluruq. Bu, indiki dövrdə tolerantlığın, qarşılıqlı hörmətin olmaması fonunda çox parlaq bir nümunədir. İllər boyunca Azərbaycanda yəhudilərə qarşı göstərmiş olduğunuz qarşılıqlı hörmət, gözəl yanaşma bu əlaqələri, Azərbaycana olan rəğbətimizi və heyranlığımızı daha da gücləndirir” – deyə B. Netanyahu qeyd edib.

Benyamin Netanyahu İsraildə Azərbaycandan olan 70 min yəhudi, “insan körpüsü”nün yaşadığını qeyd edib: “Bundan başqa, dünyaya göstərə biləcəyimiz başqa bir şey var. Dünya çoxlu dözülməzlik, çoxlu zülmət görür. Burada isə müsəlmanlar ilə yəhudilərin arasında əlaqələrin necə ola biləcəyinin, necə qurulmasının bir nümunəsi var.

Müsəlman dünyasının bir çox hissəsində, xüsusi olaraq ərəb ölkələrində müşahidə etdiyimiz bir dəyişiklik var. Əgər gələcəyin necə ola biləcəyini görmək istəyirlərsə, Azərbaycana gəlib İsrail ilə Azərbaycan arasındakı dostluq və tərəfdaşlığı görə bilərlər. Bu, sadəcə hər iki ölkə və xalq üçün yaxşı əlaqələrlə bərabər, həm də bütün region və dünya üçün faydalıdır”, – deyə Benyamin Netanyahu bildirib.


APA, report.az

Ana səhifəXəbərlərİlham Əliyev: Azərbaycan indiyədək İsraildən 5 milyard dollarlıq silah alıb