İlahiyyatçının həbs müddəti daha 6 ay uzadıldı

Sərdar Babayev, Foto: arxiv

Apelyasiya şikayəti təmin olunmayıb

Dövlətə xəyanətdə ittiham olunan ilahiyyatçı Sərdar Babayevin həbs olunmasından bir il keçsə də, onun işi üzrə istintaq yekunlaşmayıb. Bugünlərdə Səbail Rayon Məhkəməsində ilahiyyatçının istintaq dövründə həbsdə saxlanma müddətilə bağlı təqdimata baxılıb və müddət daha 6 ay – martın 19-na qədər uzadılıb.

Sərdar Babayevin vəkili Cavad Cavadov Meydan TV-yə bildirib ki, Səbail Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verilsə də, təmin olunmayıb.

“Sərdar Babayevin həbsi ilə bağlı şikayət xeyli vaxtdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Şikayət qeydiyyata alınıb”, – vəkil əlavə edib.

1974-cü il təvəllüdlü Sərdar Babayev 2017-ci ilin fevralında da həbs olunmuş, Cinayət Məcəlləsinin 168-1.3.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsilə 3 il azadlıqdan məhrum edilmişdi.

O zaman iddia olunurdu ki, Sərdar Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi isə bildirirdi ki, Sərdar Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxs də xaricdə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə 2017-ci ilin mayında yumşaldılıb. Artıq xaricdə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

Səbail Rayon Məhkəməsi. Mənbə: Meydan TV

Sərdar Babayevin Cinayət Məcəlləsinin 168-1.3.1 maddəsilə məhkum edilməsilə bağlı şikayət də Avropa Məhkəməsinə göndərilib. Avropa Məhkəməsi bununla bağlı Azərbaycan hökumətinə sorğu göndərib. Vəkil Cavad Cavadovun sözlərinə görə, sözügedən şikayət üzrə kommunikasiya mərhələsi bitmək üzrədir.

Sərdar Babayev dövlətə xəyanət ittihamıyla 2021-ci il oktyabrın 19-dan həbsdədir. O, İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, onların göstərişlərini yerinə yetirərək Azərbaycan əleyhinə fəaliyyətdə ittiham olunur.

Lakin ilahiyyatçı özünü təqsirli bilmir və həbsini siyasi motivli hesab edir. Ailə üzvlərinin sözlərinə görə, Sərdar Babayev özünü İranla Azərbaycan arasında gərginləşən münasibətlərin repressiya qurbanı hesab edir:

“İttihamları qətiyyən qəbul etmir. Bu səbəbdən ifadə verməkdən də imtina edib”.

Ana səhifəXəbərlərİlahiyyatçının həbs müddəti daha 6 ay uzadıldı