İki yaşlı uşağın oğurlanmasına görə atası da istintaqa cəlb olundu

Foto: DİN

Övladının oğurlanması haqqında polisə məlumatı da ata vermişdi

Bakının Sabunçu rayonu ərazisində 2 yaşlı Məhəmmədin oğurlanmasına görə atası da istintaqa cəlb olunub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat yayıb.

Dekabrın 29-da oğurlanan uşaq yanvarın 8-də tapılmışdı. Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, uşağın oğurlanmasına görə Beyləqan rayon sakini Gültəkin Muradova və Ağdam rayon sakini Şamil Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Yanvarın 10-da isə ilkin araşdırmalardan sonra uşağın atası da istintaqa cəlb edilib.

Azyaşlının itkin düşməsi barədə polisə şikayət edən atası Elgün Nəsirov olmuşdu.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsilə cinayət işi başlanıb.

Uşağın anası Reyhan Şıxəliyeva bildirmişdi ki, oğlu digər övladlarının gözü qarşısında kirayə yaşadıqları evdən naməlum qadın tərəfindən oğurlanıb. Onun sözlərinə görə, həmin qadın əvvəllər də onların yaşadıqları evə gəlib. O, bir neçə qonşunu siyahıya yazaraq, onlara sosial yardım paylanacağını deyib.

Həyat yoldaşı haqda danışan Reyhan Şıxəliyeva deyib ki, əri fəhləliklə pul qazanaraq, ailəni dolandırır.
Saxlanılan şəxslərin ittihama münasibəti məlum deyil.

DİN rəsmisi Elşad Hacıyev bildirib ki, 2 yaşlı uşaq və ailənin digər övladları ilə bağlı sənədləşmə işləri aparılaraq, müvafiq qərarla sığınacağa yerləşdiriliblər. Ailənin ümumilikdə 5 övladı var. Məhəmməd uşaqların ən kiçiyidir.

Ana səhifəSosialİki yaşlı uşağın oğurlanmasına görə atası da istintaqa cəlb olundu