Ərdoğan üçün Putinlə Paşinyanın fərqi nədir?
Noyabrın əvvəllərində Türkiyədə Türk Şurası dövlətlərinin görüşü keçirildi. Tədbirdə 6 türk dövlətinin başçısı iştirak edirdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmin tədbirdə çıxışında çox maraqlı bir fakt söylədi. Dedi ki, Türk Şurasına üzv olan dövlətlərin qarşılıqlı ticarət dövriyyəsi yerdə qalan bütün dövlətlərlə olan dövriyyənin 3 faizinə barabərdir. Ona görə də hədəf bu rəqəmi 10 faizə qaldırmaq olmalıdır. Amma Ərdoğan idxal iqtisadiyyatının öndəgedən liderlərinə demədi ki, onlar bir-birlərinə nə alıb, nə satmalıdırlar.
Azərbaycanın Türkiyədən idxal etdiyi tekstildən daha qiymətli şeylər var. Məsələn, siyasi fəalları, mühacirləri və jurnalistləri Türkiyədə həbs etdirib ölkəyə idxal edir. Əgər bunun qarşılığında Ərdoğan hökumətinə edilən görüm-baxım rəsmiləşsə, onda, şübhəsiz ki, ölkələr arasındakı ticarət dövriyyəsi artar.
Türkiyə də bizdən almağa bir şey tapar, amma bu aralar rəsmi Ankaranın pul verməklə işi yoxdur. “Sezon”un axırıdır deyə ancaq ala bilir. Heç kim elə düşünməsin ki, bu köhnə mövzudan giriş etməkdə hansısa başqa məqsədim var. Əsla. Burada ən ciddi məqsədim “iki dövlət, bir millət”in ticarət və ekonomikasında şəffaflığın hansı səviyyədə olduğunu aydınlaşdırmaqdır. Diqqətçəkən ikinci mühüm məsələ isə qədim daş abidələrdən götürülmüş “keneş” sözü idi. Yəni məsləhət, şura, bir sözlə “sovet”.
Bu sözü seçmək pis deyil, amma antik variantını seçmək bir qədər başadüşülən deyil. Məsələn, “keneş” orta əsrlərdə “gənəşik” olub. Bildiyiniz “genəşmək” məsləhətləşmək sözündəndir. Əsas məsələ bu deyil…
İki “P” arasında
Məsələ budur ki, Ərdoğan Türk dünyasının əhalicə ən böyük, ordu və siyasi baxımdan isə ən qüdrətli ölkəsinin prezidentidir. Onun hazırkı tarixi siyasi missiyası 1990-cı ildə yenicə müstəqillik qazanmış ölkələrə səfər edən Turqut Ozalın missiyasının davamıdır. Daha doğrusu, belə olmalıdır. Yəni türk dövlətlərini Rusiyanın siyasi-hərbi təsirindən çıxarmaq, onların problemlərinin yerli və beynəlxalq müstəvidə həllinə çalışmaq, demokratik prinsipləri yaymaq, güclü, açıq cəmiyyətlərin qurulması üçün öndərlik etmək, bu dövlətlər üçün gələcəyə gedən bir yol açmaq.
Amma hazırda prosesin belə davam etdiyini nəinki görmək, təsəvvür etmək üçün də heç bir əsas yoxdur. Türkiyə 44 günlük Qarabağ savaşında əldə edilmiş hərbi zəfərin addım addım əldən çıxmasına “Türk keneşi” yaratmaqla reaksiya verir. Bəlağətli nitqlərin arxasınca heç bir kiçik addım atılmır. Rusiya ilə birgə yaradılmış sülhü qoruma missiyası hələ də “atəşkəs”dən sonra şəhid olmuş ondan çox Azərbaycan əsgəri və zabiti haqda bir kəlmə də kəsməyib. Bunun əvəzində isə Türkiyə zabitinin bu sülhü qoruma məntəqəsində Rusiya zabiti ilə zər atıb nərd oynadığına dair fotolar yayılır. Deməli, Qarabağda oyun gedir, özü də Azərbaycan əsgərinin canı va ağlı bahasına oynadığı oyundan yox, zər və bəxt oyunu…
Putinlə Paşinyan arasında seçim etmək Türkiyə üçün heç də uğurlu gediş olmadı, çünki Türkiyə onların daxili münasibətlərində tərəf olmamalı idi.
Ərdoğan Paşinyanın dialoq təklifinə cavab verməməklə Putinlə zər atmaqda maraqlı olduğunu ortaya qoydu. Halbuki biz Türkiyənin Rusiyanı oyundan çıxaracağını düşünürdük.
Türkiyə bu günlərdə Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin etdiyini edə bilərdi, amma etmədi. Səbəbini isə sonra biləcəyik. Əgər bu zər atmada əlimiz gətirsə…