İki nazirlik və bir komitə üz-üzə gəlib

Ədliyyə Nazirliyi “qanunsuzdur” deyir, Vergilər Nazirliyi ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi isə cavab vermir

Source:


Ədliyyə Nazirliyi “qanunsuzdur” deyir, Vergilər Nazirliyi ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi isə cavab vermir

Aprelin 30-da “RİA Novosti” redaksiyasının konfrans zalında bir qrup səhmdar səslərini eşitdirməyə çalışdılar. Mətbuat konfransında olan iki jurnalistə son günlər Vergilər Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin tapdanan hüquqlarının bərpasında yardımçı olmadıqlarını söylədilər.

“Sumqayıtda yerləşən “Sumqayıt Soyuducu Baza” ASC-də ayrılma prosesi baş tutub. Ayrılma prosesi zamanı fiziki şəxs Elçin Nuriyev cəmiyyətin balansında olan 6149,4 kv.m. tikilidən 6104,2 kv.m. özünə götürərək, digər səhmdarlara 45,2 kv.m. ərazi saxlayıb. Cəmiyyətin istifadəsində olan 23 503,4 kv.m. torpaq sahəsindən 22 923 kv.m. – yəni daşınmaz əmlakın 99 faizini, istifadədə olan torpaq sahəsinin 98%-ni major özünə götürüb. Halbuki həmin majoritara yalnız cəmiyyətin 82 faiz səhmləri məxsus idi. 82 faiz səhmlərin yiyəsi ayrılma adı altında cəmiyyətin 99 faizindən artıq daşınmaz əmlakını mənimsəyib və dövlət orqanları bu qanunsuzluğa şərait yaradıblar” – söylədi, hüququ tapdanan səhmdar Şahin Əlizadə.

Onun fikrincə, burada məqsəd major səhmdarın minor səhmdarların əmlakını mənimsəməkdir ki,  son zamanlar Mülki Məcəllədə hüquqi şəxslərin ləğv olunması qaydalarına edilən dəyişiklik də buna rəvac verir: “Bundan sonra səhmdar cəmiyyətlərin major səhmdarları cəmiyyətin ləğvinin minor səhmdarların əmlaklarının mənimsənilməsini çətinləşdirdiyini görüb niyyətlərini həyata keçirmək üçün ayrılma prosedurlarına müraciət etməyə başlayıblar. Mülki Məcəlləyə əsasən səhmdar cəmiyyətdən ayrılan, yeni yaradılan hüquqi şəxs olmalıdır və ayrılan cəmiyyətə təslim verilməli əmlak məhz həmin yenidən yaradılan hüquqi şəxsə verilməlidir. Konstitusiya Məhkəməsinin qərarını nəzərə alsaq, belə hadisə – yəni ayrılma baş verdikdə minoritar səhmdarlar öz istəyindən asılı olaraq ya iştirak paylarına uyğun eyni cəmiyyətdə təmsil olunmalı, ya da onlara bazar qiymətlərinə uyğun konpensasiya ödəyərək, onların cəmiyyəti tərk etmələrinə şərait yaradılmalıdır”. Onun sözlərinə görə, reallıqda başqa proseslər baş verir: “Major səhmdarın tələbi ilə əmlak ona təqdim edilir və bu prosesə ayrılma adı verilir. Deyirlər ki, səhmdar cəmiyyətdən ayrılmaq istəyir və Mülki Məcəllənin  55-58-ci maddələrində ayrılma proseduru əks olunduğundan biz bu qaydalardan istifadə edirik. Səhmdar cəmiyyətlərin qeydiyyatına cavabdeh dövlət orqanları – Vergilər Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu rüsvayçılığı qeydə alaraq faktiki olaraq prosesi öz himayələrinə götürürlər. Səhmdarın yalnız cəmiyyət ləğv edildiyi halda cəmiyyətdən əmlak payı almağa hüququnun olması bu orqanları heç  narahat etmir”.

“Nəzərinizə çatdrmaq istərdik ki, Avropa İttifaqı Şurasının 17 dekabr 1982-ci il tarixli 82/891/EEC nömrəli altıncı direktivinin 2-ci, 21-ci maddələrində göstərilib ki, yenidən təşkil olunan hüquqi şəxsin iştirakçılarına əmlakların və öhdəliklərin verildiyi şirkətlərdə səhmlər verilməlidir. İttifaqın üzvü olan bütün ölkələrin qanuvericiliyində bu norma öz əksini tapıb. Bu norma hətta Rusiyanın qanunvericiliyində də öz əksini tapıb. Azərbaycanın indiki halda olan təkmilləşdirilməmiş qanunvericiliyində də belə hadisə qeyri-mümkündür” – deyir Ş.Nəzərli.

“Problemlə bağlı biz Prezident Administrasiyasında, Milli Məclisdə qəbulda olduq. Qəbuldan başqa əlaqədar qurumlara – Vergilər Nazirliyinə, Ədliyyə Nazirliyinə və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə məktubla müraciət etmişəm. Suallarımı göndərmişəm.  Bir neçə aydan sonra Ədliyyə Nazirliyindən cavab gəldi ki, “Sumqayıt Soyuducu Baza” ASC-nin səhmdarlarının ümumi yığıncağının 10.10.2014-cü il tarixli qərarı ilə təsdiq olunmuş təhvil-təslim aktında və bölünmə balansında aktivlərin və passivlərin müvafiq hissələrinin yeni yaranan hüquqi şəxsə deyil, səhmdara keçməsi Mülki Məcəllənin tələblərinə uyğun deyil. Buna baxmayaraq, Vergilər Nazirliyi və Qimətli Kağızlar üzrə Dövlət Komitəsi bu istiqamətdə öz “fəaliyyətini” davam etdirir. Məsələ ilə bağlı dəfələrlə Fazil Məmmədovun, Rüfət Aslanlının qəbuluna düşməyə cəhd etməyimizə baxmayaraq, bu, mümkün olmayıb. Ancaq bu cür mənimsəmə faktları son günlər daha da intensivləşib” – söylədi digər səhmdar Tahir Axundov.

Belə ki, eyni zamanda “Sabunçu İstehsalat Xidməti Bazası”nın səhmdarı olan T.Axundov həmin müəssisənin mayın 6-da bölünməyə gedəcəyini vurğuladı. Onun sözlərinə görə, iclasa çağırılsa da, indiyə qədər bölünmənin necə və hansı şərtlər altında həyata keçiriləcəyi barədə sənədlər ona təqdim olunmayıb: “Axı iclasa qədər sənədərlə tanış olub, bölünmə balansından və digər zəruri məlumatlardan xəbərdar olmalıyam. Nə sənədlər mənə verilir, nə də Ədliyyə Nazirliyinə, Vergilər Nazirliyinə və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə ünvanladığım suallara hər biri fərqli cavablar verir. “Sabunçu İstehsalat Xidməti Bazası” isə ümumiyyətlə, vurduğum teleqramı qəbul eləmir”.

“Sumqayıt Soyuducu Baza” ASC-nin nizamnamə kapitalı 1 506 460 manatdır. Cəmiyyətin yetmiş nəfərə yaxın səhmdarı var. Müəssisənin qonşuluğunda “Azərsun Holdinq”in “Meyvə-Tərəvəz Baza”sı fəaliyyət göstərir.

Ana səhifəXəbərlərİki nazirlik və bir komitə üz-üzə gəlib