İki ildir həbsdəyəm, xəbərin yoxdur…

Nərgizdən əvvəl

Source:


O dəhşətli faciə bütün ailəmizin həyatını iki yerə böldü. Nərgizdən əvvəl və Nərgizdən sonra.  Bu yazı atamın Nərgizdən əvvəl yazdığı yazılardan daha biridir. Əvvəlki yazıda qeyd etdiyim kimi, istəmirəm bu yazı da  komputerin arxivində qalsın.



Nigar Yaqublu


Ağacəkmə müəssisəsindən məktub

Vallah heç incimirəm də. Qədimalı qağamdır, nə eyləsə yeri var. Bir də ki, durub o boyda kişiyə cavab qaytarası, irad bildirəsi deyiləm ha. Əslində elə də ciddi bir şey olmayıb. Fikirləşdim ki, çoxdandır qağamla hal-əhval tutmuram, götürüb evlərinə zəng etdim. Dəstəyi Çeşməgül xala götürdü. Əvvəlcə məni tanımadı, tanıyanda da “bıy qavağında ölüm” deyib,  dil-ağız eləməyə başladı. “Qazınız-suyunuz gəlirmi? İşığınız tez-tezmi kəsilir?” tipli suallarından başa düşdüm ki, Çeşməgül xala yenə də mənim həbsdə olduğumdan bixəbərdir.

Mən də üstünü vurmayıb qağamın dəstəyi götürməsini gözlədim. Sağ olsun Çeşməgül xala adəti üzrə söhbəti çox uzatmayıb, dəstəyi qağama verdi. Qağam başladı, nə başladı. O qədər əsəbləşmişdi ki, “Siyavuş”a “Siranuş” deyirdi. Onu özündən Taner Yıldız çıxartmışdı. Elə buna görə də salamsız-kalamsız başladığı telefon danışığının ilk cümləsi belə oldu: “Ə, bu Taner nə təhər adamdı? Bu ölkədə böyük-kiçik qalmayıfmı?”

Söhbətin gerisindən belə başa düşdüm ki, Mersin vilayətində Akkuyu Atom Elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmiş Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız qağamı bərk hirsləndirib. Deyir ki, ondan böyük baş nazir Əhməd Davudoğlu, ondan da yuxarıda prezident Rəcəb Tayyib Ərdoğan var, amma gedib Türkiyə tarixində ilk olan AES-in təməl qoymasını o keçirir. Bu dövlətçiliyə ağır zərbədir. Məsələn, bundan bir az qabaq Bakının Ağ Şəhər deyilən yerində transformatorun açılışının qırmızı lentini iqtidar şəxsən özü kəsdi.

Ondan da bir az qabaq iqtidar özü şəxsən uşaq baxçasının təmirinin özülqoyma mərasimində təntənəli surətdə ayrı bir qırmızı lenti kəsmişdi. Taner Yıldız Bakının yolunu dəyirman yoluna döndərib, bir öyrənib görsün ki, dövlətçiliyi necə qorumaq lazımdır. Qağam telefonda əsib-coşur, mən də kirimişcə qulaq asır, arada bir “elədir, elədir” deyərək, onun dediklərini təsdiqləyirdim. Nəhayət, onun səsi bir az mülayimləşdi və nəfəsini dərmək üçün bir anlığa sözünü kəsdi.

Yaranmış bu unikal fürsətdən dərhal yararlandım və zəngimin məqsədinə uyğun olaraq qağamın  kef-halını soruşdum. O, başındakı, boynundakı, qollarındakı, ayaqlarındakı və mədəsindəki ağrılarından şikayətləndisə, axırda “yaxşıyam” da dedi. Ancaq bundan sonra yadıma düşdü ki, o da mənim hal-əhvalımı soruşmalıdır. Bu yöntəmdə bir-iki sual verdikdən sonra dərhal ənənəvi məsləhətlərinə keçdi. Yenə dedi ki, axşam evə tez gəlim, şəhərə tək çıxmayım, yazanda sərt yazmayım və s. lap axırda möhkəm-möhkəm tapşırdı ki, çox ehtiyalı olum, yoxsa məni tutacaqlar. Əlbəttə ki, mən şappadan qağamın üzünə qayıdıb deyə bilməzdim ki, ay Allah sənə insaf versin, sən nə təhər qağamsan ki, artıq iki il yarımdır ki, həbsdə olduğumdan xəbərin yoxdur.

Mən Qədimalı qağama qarşı elə qabalıq eləyə bilmərəm. Ancaq mənim həbsdə olduğumu bilmədiyini də beləcə buraxmaq olmazdı. Ona görə də sağollaşma zamanı ehmalca bildirdim ki, 13 saylı cəzaçəkmə müəssəsindəyəm və vəziyyətim də yaxşıdır. Qağam “cəzaçəkmə müəssəsi”ni “ağacəkmə müəssəsi” kimi başa düşüb. Bu dəfə Hacıbala Abutalıbovun bostanına daş atdı. “Allah bu Hacıbalaya ağıl versin, yay gəlib, indi ağac əkmək vaxtıdır?”. Beləcə söhbətimizi başa vurduq.

Telefon otağından çıxandan sonra Qağamın dedikləri məni xeyli düşündürdü. Ağacəkmə məsələsini qırağa qoyuram, istənilən halda Allahın Hacıbala müəllimə ağıl verməsi çox yerinə düşərdi. Bu məsələdə qağam çox haqlı idi. Yəni, xaricdə adi olan şeylər bizdə qeyri-adi olur və ya tərsinə. Bax, elə götürək ölkə içindən Avropa oyunlarının boykot edilməsi çağırışlarına iqtidarın münasibətini.

İqtidar deyir ki, bu, xalqa-vətənə xəyanətdir, Azərbaycan düşmənlərinin sifarişini yerinə yetirməkdir, erməni dəyirmanına su tökməkdir və s. Amma elə həmin bu iqtidar keçən il braziliyalıları bu ölkədə futbol üzrə dünya çempionatı keçirilməsinə qarşı çıxmalarını, ölkənin əsas şəhərlərini döyüş meydanlarına çevirmələrini ölkə rəhbərliyinin pis idarəçiliyinə qarşı sosial partlayış, vətəndaşların öz haqları uğrunda mübarizə və s. kimi təqdim edirdi.

Təzadı görürsünüzmü? Inişil ispanıyalı maşinist sürət qatarını döngədə bərk sürərək onu aşırmış, sərnişinləri qanına qəltan etmişdi. Ancaq istintaq dövründə onu həbs etmədilər. Bizdə isə illər öncə baş vermiş ölümsüz-itimsiz bir avtoqəzaya görə Qurban Məmmədovu məhkəmə başlamamışdan həbsə atdılar. Biz beləyik! Qağamın ehtiyatlı olmaq haqqında uyarısını da qulaqardı edə bilmərəm.

Baxmayaraq ki, artıq ağacəkmə…… üzr istəyirəm, cəzaçəkmə müəssəsindəyəm. Amma şanlı iqtidarımız istəsə, məni təzədən tuta bilər, Əvvəlcə karsa salar, sonra da daha bir torba tikib, qapalı tipli həbsxanaya göndərər.


Yazı müəllifin şəxsi fikirlərini əks etdirir

Ana səhifəMənim Fikrimcəİki ildir həbsdəyəm, xəbərin yoxdur…