Şikayətçi: ”İki uşağa görə 118 manat alırdım, onu da vermirlər”
Şabran sakini Rəşidə Abdinovanın şikayəti var. O, 3 aydır ünvanlı sosial yardımı ala bilmədiyini deyir. Səbəbini də bilmir. Deyir, dəqiq səbəbini deyən yoxdur:
“Qardaşım boğazından kəsib bizi saxlayır. Faizə pul götürür bizim üçün. Yardım kartını yenicə almışıq. Aldığımız gündən bu yana içinə pul köçürməyiblər. Aidiyyatı qurumlara müraciət etmişik. Dəqiq nəsə deyən olmayıb”.
Rəşidə Abdinovanın himayəsində 2 azyaşlı uşağı var. Həyat yoldaşından ayrılıb. Deyir, imkansızlıqdır, yaşaya bilmir:
“Sosial yardıma ehtiyacımız var. Onu da vermirlər”.
Son çarəni mətbuata danşmaqda görən Şabran sakini yanvar və fevral aylarının təqaüdünü ala bilmədiyini deyir:
“İndi də martdır. Hələ də bir cavab verməyiblər. Bilmirik ala biləcəyik, ya yox. Ancaq sosial yardım alan tanıdıqlarım var. Onların təqaüdləri vaxtlı-vaxtında köçür. Mənə isə gah veriləcəyini, gah da yoxlama getdiyini deyirlər. Bilmirəm 2 uşağı necə dolandırım. Hər gün “sosial keçmədi ana?”, – deyə soruşurlar. Onlara nə cavab verim, bilmirəm”.
Rəşidə Abdinova problem ilə bağlı Bakıya da gəlib. Deyir, “Kapital Bank”ın qarşısında saatlarla növbədə durub. Sonra “bayram günü ilə əlaqədar işləmirik”, – cavabını alıb:
“Kor-peşman geri döndük. Sosialda işləyənlər “düzələcək, dözün”, – deyirlər. Ancaq düzəlmir ki, düzəlmir. İki uşağa görə 118 manat alırdım. İki aydır borcla dolanırıq. Ana-ata əlinə baxıram, borcumun olmadığı adam da yoxdur. Əlavə bir yerdən də heç nə almıram. Çıxılmaz vəziyyətdəyəm. Bu ay da ala bilməsəm, nə edəcəyimi bilmirəm. Anam xəstə, qardaşımın da 3 uşağı var. Onları güclə dolandırır. Bir tərəfdən də biz. Çətindir, almasaq, çox çətin olacaq”.
Meydan TV məsələyə münasibət öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən Rəşidə Abdinovanın şikayətini qeydə alıblar. Məsələni araşdıracaqlarını deyiblər.