”İdxalın qadağası manata olan təzyiqə yönəlmiş addımdır”

Nazim Bəydəmirli: Bütün hallarda cənab prezidentin addımını müsbət qiymətləndirir və davamını gözləyirəm

Source:


Nazim Bəydəmirli: Bütün hallarda cənab prezidentin addımını müsbət qiymətləndirir və davamını gözləyirəm

Prezidenti İlham Əliyev icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmana əsasən, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən 2018-ci il 1 yanvar tarixinədək idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması dayandırılacaq.

Müəyyən edilib ki, məhdudiyyət dövlət zəmanəti ilə alınmış xarici kreditlər, xarici qrantlar, ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi ehtiyacları ilə bağlı idxal olunan malların (işlərin, xidmətlərin), dərman və tibb vasitələrinin satın alınmasına şamil edilmir.

Bu fərman qüvvəyə mindiyi günədək bağlanmış müqavilələr üzrə idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması zərurəti yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınmasına razılıq verilməsi barədə qərarı Azərbaycan prezidenti ilə razılaşdırmaqla Azərbaycan İqtisadiyyat Nazirliyi qəbul edir. İcra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması zərurəti yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınmasına razılıq verilməsi barədə qərarı Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qəbul edir.

İqtisadiyyat Nazirliyinə Maliyyə Nazirliyi ilə birlikdə icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınmasına xərclənən vəsait barədə üç ayda bir dəfə Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

Prezidentin fərmanını müsbət qiymətləndirən sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli Meydan TV-yə deyib ki, Nazirlər Kabinetinin ilin 9 ayına həsr olunmuş müşavirəsində də yerli istehsalın stimullaşdırılmasıyla bağlı müəyyən fikirlər səsləndirilmişdi: “Prezident nazirliklərin, komitələrin, dövlət qurumlarının xaricdən mebel gətirilməsini, çoxlu avtomobil idxal etməsini, dəbdəbəli elementlərdən istifadəsini tənqid etmişdi. Söhbət o fonda gedirdi ki, televiziyalar nazirlərin kabinetlərini, istifadə etdikləri avtomobillərigöstərirdi və tənqidi mövqelər ictimaiyyətdən də eşidilirdi. Buda əsaslı idi. Vətəndaşlar aldıqları sosial müavinətin, yaxud əməkhaqqının müqabilində nazirliklərə ayrılan astronomik vəsaitlərin hara xərclənməsini soruşmalıdırlar. Bu baxımdan idxalın müvəqqəti, 2018-ci ilə qədər qadağan olunması həm də manata olan dollar təzyiqinə yönəlmiş addımdır. Eyni zamanda, yerli istehsalın stimullaşdırılması ilə bağlı cənab prezidentin tövsiyəsini nəzərdə tutaraq idxal qadağan olunur və şirkətlər, nazirliklər yerli mal almağa məcbur olurlar. Ancaq yerli malın keyfiyyətli olması üçün rəqabət mühitinə ehtiyac var. Rəqabət mühitini inkişafdan saxlayan elə həmin nazirliklər və məmurlardır. Ona görə də yalnız idxalın qadağasıyla gözlənilən effekti almaq mümkün olmayacaq, kompleks addımlar atılmalıdır”.

İqtisadçı “kompleks addımlar” deyəndə sahibkarlığın maneəsiz pul vəsaitinə çıxışını, sahibkarlığın lisenziyaların alınması istiqamətindəki əngəllərini götürməyi, məmurların gəlirlərinin və əmlakının deklarasiyasını nəzərdə tutduğunu bildirib: “Bundan əlavə, məmurların sahibkarlıqla məşğul olması, ailə üzvlərinin, yaxınlarının adına olan şirkətlərə tenderlərdə yaxşı şərait yaratması kimi məsələlər arxivə göndərilməlidir. Bir sıra dövlət komitələri isə ümumiyyətlə,ləğv olunmalıdır. Bilirsiniz ki, dövlət idarələrinin idxal etdiyi mallar ƏDV-yə cəlb olunmur və gömrük rüsumu tutulmur. Güman ki, bu qurumlar konkret məqsədləri üçün həmin malları gətirib, sonradan yerli bazara çıxardırlar. Bütün hallarda cənab prezidentin addımını müsbət qiymətləndirir və davamını gözləyirəm”.

Ana səhifəXəbərlər”İdxalın qadağası manata olan təzyiqə yönəlmiş addımdır”