İctimaiyyətdən Meydan TV-yə dəstək

“Söz azadlığına edilən hücuma son qoyulsun!”

Source:

“Söz azadlığına edilən hücuma son qoyulsun!”

Meydan TV-yə qarşı açılmış cinayət işi, hakimiyyət tərəfindən edilən basqılar beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı ictimai şəxslər, qurumlar tərəfindən etirazla qarşılanır.

“Basqının kökündə ictimaiyyətə doğru informasiya verilməsinin qarşısını almaq məqsədi dayanır”

Avropada fəaliyyət göstərən OYAN Hərəkatı bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

«Respublika Prokurorluğunun müstəqil media qurumu olan Meydan TV haqqında başlamış qurama cinayət işi azad sözə, mediaya olan basqıların açıq göstərgəsidir. Bu ilk belə hal deyil və mövcud rejim qaldıqca son olmayacağı da məlumdur.

Meydan TV-yə qarşı açılan qurama cinayət işi ilə yanaşı, 15 nəfər müstəqil jurnalistə qarşı da eyni təqib halı yaşanır və onların hər biri barəsində də cinayət işi başlanmışdır.

OYAN Hərəkatı belə hesab edir ki, müstəqil jurnalistlərə qarşı bu basqının kökündə ictimaiyyətə doğru informasiya verilməsinin qarşısını almaq məqsədi dayanır.

OYAN Hərəkatı ölkə qanunlarının, Azərbaycan Respublikasının imzaladığı beynəlxalq öhdəliklərin və ifadə azadlığıla bağlı Azərbaycan Respublikasının qoşulduğu konvensiyaların müddəalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan bu hadisəni şiddətlə qınayır və rejimi bu kimi hallardan çəkinməyə, ifadə və söz azadlığına, mətbuat azadlığına qarşı edilən bu hücuma son qoymağa çağırır.

Həmçinin N!DA Vətəndaş Hərəkatı bəyanat yayıb.  Bəyanatda deyilir:

“N!DA Vətəndaş Hərəkatı olaraq müstəqil media orqanı olan Meydan TV-ə qarşı hakimiyyətin başladığı qondarma cinayət işini kəskin şəkildə pisləyir və qınayırıq. Hesab edirik ki, bu cinayət işi Meydan TV-nin Azərbaycandakı haqqsızlıqları, ədalətsizlikləri, hakimiyyətin özbaşınalıqlarını, əhalinin buna haqqlı etirazlarını işıqlandırdığına, bir mətbuat orqanı olaraq Azərbaycanın televiziya kanallarından və əksər mətbuat orqanlarından fərqli olaraq vicdanlı fəaliyyət göstərdiyinə və bunun bizim hakimiyyətə sərf etmədiyinə görə açılmışdır”.

«Hər birinizi susmamağa çağırıram!”

AXCP sədri Əli Kərimli Meydan TV-yə dəstək çağırışı edib: “15 nəfər əməkdaşa qarşı bir neçə maddə ilə cinayət işi açılıbmış. Məqsəd bu müstəqil media qurumunu susdurmaqdır. Məqalə yazmağın, reportaj hazırlamağın, sual verməyin cinayət sayıldığı dövlətdə inkişaf ola bilməz. “Azərbaycan saatı” televiziyasını susdurmaq məqsədilə bu proqramın qurucusu Qənimət Zahidin qohumlarının həbs edilməsinə, Meydan TV-nin susdurulması üçün Meydan TV –nin qurucusu Emin Millinin qaynının həbs edilməsinə, qayınatasının öz yeznəsindən imtinaya məcbur edilməsinə, Meydan TV-nin redaktoru Günel Mövludun qardaşlarının həbs edilməsinə, anasının qızından imtinaya məcbur edilməsinə bir millət olaraq seyrçi qalmamalıyıq! Hər birinizi bacardığınız qədər bu feodal tipli idarəetməyə dinc etiraza, susmamağa çağırıram!»

«Təzadlar ölkəsində yaşayırıq”

Milli Şuranın sədri Cəmil Həsənli də Meydan TV-yə qarşı olan təzyiqlərə etiraz edib: “Hakimiyyət çoxdandır ki, Meytan TV internet resursuna qarşı total təqib kampaniyasına başlayıb. Bugünlərdə məlum oldu ki, bu qurumla əməkdaşlıq edən 15 jurnalistin adı Meydan TV ilə bağlı başlanmış cinayət işində keçir. Meydan TV-yə keçmiş vicdan məhbusu və blogger Emin Milli rəhbərlik edir. Onun qayını Nazim Ağabəyovla bağlı quraşdırılmış narkotika işi Azərbaycan hakimiyyətinin ənənəvi iş üsuludur. Qurumun əməkdaşı Günel Mövludun qardaşları da narkotika ittihamı ilə həbs edilib. Kütləvi hal aldığı üçün həmin maddə xalq arasında “milli maddə” kimi tövsif edilir. Qəribədir, repressiyaların və qanunsuzluğun tüğyan etdiyi Stalın terror dövründə belə Sovet hüquq sistemi bu ittihamdan imtina etmişdi. Yəni Sovet hökuməti kimi anti-bəşəri, anti-hümanist bir hakimiyyət vətəndaşının cibinə narkotika qoymağı öz ləyaqətini sığışdırmırdı. Sizə maraqlı bir fakt deyim: antisovet fikirlərinə və fəaliyyətinə görə 1958-ci ildə vaxtilə Cənubi Azərbaycan milli hökumətinin maarif naziri işləmiş tanınmış şair Məhəmməd Biriyanı Bakıda həbs etmək üçün müxtəlif yollar axtarılırdı. Moskva və Bakı KQB-si 3 ay yazışdılar ki, onu necə həbs etsinlər. İrandan gəlməsinə və qəlyan çəkməsinə baxmayaraq, heç kimin ağlına gəmədi ki, şair Biriyanın cibinə narkotika atsınlar. Nəhayət, uzun müzakirələrdən sonra onun antisovet şeirlərini çoxaldıb “Tarqovi” küçəsinin adam gur olan yerində cibinə qoydular və bu halı şahid ifadələri ilə aktlaşdırıb Biriyanı həbs etdilər. Biz müstəqi olandan sonra artıq belə mədəni üsullara ehtiyac duyulmur. Hər kəsin ətrafında bir narkotika kabusu dolanır. Hərdəm silahla da onu əvəz edirlər. Şübhəsiz ki, Meydan TV və ictimai əsaslarla bu qurumla əməkdaşlıq edən jurnalistlər peşə fəaliyyətinə görə təqib edilirlər. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsində Meydan TV-nin “vəzifəli şəxsləri”nə qarşı külli miqdarda vergidən yayınma maddəsi ilə cinayət işi açılıb. Monqol imperiyasında vergiyığanlara tarxanlar deyirdilər. Təzadlar ölkəsində yaşayırıq. Bir tərəfdən ölkənin baş tarxanı Fazil Məmmədovun adı Panama sənədlərindən çıxır, digər tərəfdən Meydan TV ilə əməkdaşlıq edən 15 jurnalist “külli miqdarda vergidən yayınma” ittihamı ilə mühakimə edilir».

Ana səhifəXəbərlərİctimaiyyətdən Meydan TV-yə dəstək