İlham Türbəndəyev: “Rayonda iş-güc yoxdu, dolana bilmirik”
“Ailə vəziyyətim ağırdır. Övladlarımın doğuşdan əlilliyi var. Özüm də 2-ci qrup əliləm. Dolana bilmirik. Rayon yerində iş yox, güc yox, olan iş də mənə uyğun deyil. Ona görə icra hakimiyyətinə ərizə ilə müraciət etdim ki, mənə 25-30 kvadratmetrlik torpaq sahəsi ayırsın. Mən də kiçik çayxana açıb ailəmi dolandırım. Ancaq bugünə kimi məktublarıma cavab gəlməyib”, – deyir. Xocalı rayonundan məcburi köçkün olan İlham Türbəndəyev.
“Məmurları nə Qarabağ əlili, nə şəhid ailələri maraqlandırır”
İlham Türbəndəyev beş nəfərlik ailə üzvləri ilə birgə Bərdə rayonundakı məcburi köçkünlər üçün salınmış 7 mərtəbəli köçkün qəsəbəsində məskunlaşıb. Deyir, dövlətin verdiyi müavinətlə böyük ailəni dolandırmaq mümkün deyil: “Mütləq bir iş olmalıdır. İşsiz mümkün deyil. Dəfələrlə İcra Hakimiyyətinə müraciət etmişəm. Məktub yazmışam. Ancaq hər hansı bir cavab almamışam. Bu məmurları nə Qarabağ əlili, nə şəhid ailələri maraqlandırır. Bunları yeganə maraqlandıran şey puldur”.
“Vətəndaşı sayıb quruca bir cavab da vermirlər”
İlham Türbəndəyev İcra Hakimiyyətinə göndərdiyi məktubun cavabını gözləyir. İndiyə qədər hər hansı bir cavab ala bilmədiyindən gileylənir: “Yaxşı, pis bir cavab verən yoxdur. Adama təsir edən də odur. Vətən uğrunda canını ortaya qoyan birini saymırlar. Prezident bütün müşavirələrində dövlət məmurlarına xalqın xidmətçiləri olduğunu xatırladır. Ancaq onlar vətəndaşı sayıb quruca bir cavab da vermirlər. Bizə yuxarıdan aşağı baxırlar. Qəbullarına düşə bilmirik. Ümumiyyətlə, birinci şəxslərin qəbuluna düşmək qeyri-mümkündür”.
“İntihar etsəm, bütün məsuliyyət Vidadi İsayevin üzərinə düşür”
Şikayətçi ona qarşı edilən haqsızlığa son qoyulmasını tələb edərək prezidentə, baş nazirə və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova müraciət edir:
“Sağlamlığını vətən yolunda itirmiş Qarabağ əlilinə 25-30 kvadrat metr torpağı çox görməsinlər. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev vətəndaşlara qarşı çox laqeyiddir. Onun laqeydliyi məni intihar həddinə çatdırıb. Ailəmə çörək apara bilmirəm. İntihar etsəm, bütün məsuliyyət Vidadi İsayevin üzərinə düşür”.
“Məcburi köçkünlərin məskunlaşdığı ərazilərə Qaçqınkom cavabdehdir”
Məsələyə münasibət öyrənmək üçün Bərdə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin ümumi şöbəsinin müdiri Səfər İsmayılov məktubu oxuduğunu deyir. O, vətəndaşa problemi ilə bağlı Qaçqınkoma müraciət etməsini məsləhət görür:
“Rayon İcra Hakimiyyəti yalnız həmin ərazinin Qaçqınkoma verilməsinə məsuldur. Ərazi Qaçqınkoma məxsusdur. Orda kimə, nə qədər torpaq veriləcəyi işinə də onlar baxır”.