Bədəlovlarun yaşadığı ev

Mənbə: Foto: Meydan tv

Başlıq: Bədəlovlarun yaşadığı ev

“İcra başçısına dedim ki, mənə bir it damı tikib verin, orda yaşayım”

Göyçay sakini: “Bu dəqiqə evimizdə bir kibrit dənəsi də yoxdu ki, durub qazı yandırım”

Göyçayın Yeniarx kəndində yaşayan Ziyafəddin və Güleyfə Bədəlovlar ağır həyat şərtləri ilə üz-üzə qalıb. Hər qış ev su içində olur, üstəlik, xəstə ər-arvadın heç bir yerdən gəliri yoxdur.

“Tövlədə yaşayırdıq”

Bizi Göyçayda qarşılayıb kəndə aparan Ziyafəddinin nimdaş geyimindən necə yaşadığı anlaşılır. Yolda çox şey danışır. “Tövlədə yaşayırdıq”, - deyir. Sonra kənddə sovet dövründən qalan ferma söküləndə köhnə materialları gətirib özlərinə daxma qaraldıblar. Amma günlərin birində külək daxmanın bütöv divarını uçurub.

“Qapıda heyvanım vardı, aparıb satdım. Divarı o cür hördük. Evin damına köhnə, sınıq şiferləri düzmüşük. Qışda evdə yatmağa yer tapmırıq. Yağış birbaşa evin içinə yağır. Prezidentə yazmışdım. Gəlib baxış keçirdilər. Heç nə eləmədilər. Mənə göndərdikləri məktubda isə elə yazıblar ki, sanki bizə ev tikib veriblər”, - Ziyafəddin deyir.

Məktubu oxuyuruq. Göyçayın icra başçısının müavini Ədalət Dövlətov yazıb ki, ailə üçün mişar daşından ikiotaqlı yaşayış evi inşa edilib. Hansı evi nəzərdə tuturlar, başa düşmək olmur. Məktubdan anlaşılır ki, Bədəlovlar Göyçay Rayon İcra Hakimiyyətindən 50 şifer istəyib. Müavin isə Mənzil Məcəlləsinə görə, fərdi yaşayış evlərinin tikintisinin vətəndaşların vəsaiti hesabına aparılmalı olduğunu qeyd edib.

“Ev tikməyiblər. Niyə bunu deyirlər? Gəlin evin arxasını göstərim sizə. Uçmasın deyə, dirək qoymuşam. Bu yaxınlarda icra başçısının qəbulunda oldum. Dedi, nə yardım eləməliyik sənə, imkan yoxdu. İcra başçısına dedim ki, mənə bir it damı tikib verin, orda yaşayım. Bu ev uçur. Cavab verdi ki, sizə ev tikib verməli deyilik”, - Ziyafəddin danışır.

Bu yerdə Güleyfə Bədəlova xatırlayır ki, evlərinə gələn icra hakimiyyətinin nümayəndələrindən biri onlara prezidentə məktubu cırıb atacaqları halda kömək olacağını deyib. Məktubu o adamın yanındaca cırıblar...

"Evin damına köhnə, sınıq şiferləri düzmüşük"

"Evin damına köhnə, sınıq şiferləri düzmüşük"

Mənbə: Foto: Meydan tv

“Neçə dəfə özümü öldürmək istəmişəm”

Güleyfə xanım deyir ki, o qədər pis yaşayırlar, hətta günlərlə evdə yemək bişmir. Bir az kartof əkiblər, hərdən bundan nəsə bişirir. Başqa yemək üzü görmürlər. Əllərini irəli uzadır, barmaqlarının ucları çürüməyə başlayıb...

“Bir adam gəlib maraqlanmır ki, bu ailə nə vəziyyətdə yaşayır. Evimizə bir qəpik pul gəlmir. Hər ikimiz xəstəyik. Həyat yoldaşım çətinliklə yeriyir, ayağında damarı çıxarıb “spiral” qoyublar. Bu dəqiqə evimizdə bir kibrit dənəsi də yoxdu ki, durub qazı yandırım. Onsuz da pulsuzluqdan qaz yandıra bilmirik. Qışda ölürük soyuqdan”, - qadını danışır.

Evdə işıq yanmır. Məlum olur ki, 30 manat borca görə kəsilib. Güleyfə xanım çox köməksiz olduqlarını bildirir. Yeganə oğulları olan Çingiz 8 ilə yaxındır qəsdən adamöldürməyə görə həbsxanadadır. O, azadlıqda olanda valideynləri bu qədər əziyyət çəkmirmiş.

“Neçə dəfə özümü öldürmək istəmişəm. Son anda fikirləşmişəm ki, türmədə balam var. 2 il 7 ayı qalıb. Yeddi-səkkiz aydı gedə bilmirik yanına”, - ana ağlayır. Bir az sakitləşəndən sonra deyir ki, maşın Şəki həbsxanasına 40 manata aparır.

“Gedib yalvarıram ki, pensiya versinlər”

Ziyafəddin Çingizin hərəkətinə görə xeyli təəssüf edir. Deyir, bu illər ərzində çox əziyyət çəkiblər. Səfalətin nə olduğunu bilirdilər, amma indi tamamilə acından ölürlər. Çingiz cəzasının üçdə ikisini geridə qoyub, ailə vəziyyətini nəzərə alaraq azadlığa buraxılmasını istərdilər.

Göyçay Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, qurum vətəndaşlara ev tikmək səlahiyyətində deyil.

Göyçay Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, qurum vətəndaşlara ev tikmək səlahiyyətində deyil.

Mənbə: Foto: Meydan tv

“Uşağın adam öldürməyi belimizi qırdı. Kənd camaatı yardım eləməsə, yanına gedə bilmirik. Dünən axşam zəng vurub corab istəyirdi. Nə sosial yardım alırıq, nə də pensiya. İndi gedib kimə deyim ki, mənə kömək elə, uşağıma corab alım?”, - Ziyafəddin soruşur.

Güleyfə xanım 1000 mişar daşına ehtiyacı olduqlarını deyir: “Heç olmasa, özümüzə ev tikərdik. Lap gəlib özləri söksünlər bunu. Nə zülm çəkdiyimizi görürsüz. Gedib yalvarıram ki, pensiya versinlər. 60 yaşım var, sovet hökuməti dövründə uzun illər tütün sahəsində işləmişəm. Deyirəm, heç olmasa, bunu nəzərə alıb pensiyaya çıxarın”.

Göyçay Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, qurum vətəndaşlara ev tikmək səlahiyyətində deyil. Amma yenə də vətəndaşın problemləri ilə maraqlanacaqlar.

Ziyafəddin bizimlə Göyçaya qayıdacağını bildirir. Qızı ailəsiylə orada yaşayır, az-çox valideynlərinə əl tutur: “İki danası var, gətirib baxıram ki, süddən-qatıqdan olsun, uşağın yanına aparaq. Bizim heç nəyimiz yoxdur”.

"Qadının çürümüş barmaqları göz önündə canlanır..."

"Qadının çürümüş barmaqları göz önündə canlanır..."

Mənbə: Foto: Meydan tv

Ziyafəddin inək üçün Göyçay Məşğulluq İdarəsinə müraciət edib. Növbədə 881-cidir. Bağda nar ağacları gözə dəyir. Ziyafəddin gileylənir ki, gəlib kilosunu 15 qəpikdən almaq istəyirlər, o qədər zəhmətə dəymir.

Kəndin başında yanımızda sovet istehsalı olan avtomobil saxlayır. Qonşudur. Övladına toy edir. Güleyfə xanım mərasimdən sonra qabları yusa, 5 manat verəcək. Qadının çürümüş barmaqları göz önündə canlanır...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/guys83

Ən çox baxılan