“İcra başçısı pullarımızın bir qismini qaytarmaqla öz əməllərini ört-basdır etmək istəyir”

Məhkəməyə bildirib ki, bu işlər birbaşa icra başçısının əliylə həyata keçirilib, o isə ortada yalnız sənəd aparıb-gətirən olub.

Source: Specify Source


Gözdən əliillər üçün tikilmiş binadan mənzil almış vətəndaş ödədiyi pulu icra başçısından geri tələb edir

“Mən ordan mənzil alanda o binanın gözdən əlillər üçün tikildiyini bilməmişəm. Üstü açılanda dedilər, bina tikiləndə blokun biri qeyri-əlillər üçün nəzərdə tutulub. Sonradan məlum oldu ki, bina tam şəkildə əlillər üçün tikilibmiş. 7 il əvvəl o mənzilə görə 80 min dollar (o dövrün məzənnəsi ilə 60 min manat) ödəmişəm. Sonradan aldadıldığımı başa düşəndə pulumu geri tələb etməyə başladım. İstintaq oldu, çoxu kimi zərərçəkmiş olaraq tanındım. İş məhkəməyə getdi, sonra geri, istintaqa qaytarıldı. İndi icra başçısı deyir, pulum yoxdur, zərərin bir qismini qaytara bilərəm. Kimi razılaşır, kimi yox… Mən də pulumun tam ödənilməsini tələb edirəm”.


“7 ildən çoxdur istintaq və məhkəmə yollarında qalmışıq”

Elşad Ələsgərov 7 il əvvəl Nərimanov rayonu ərazisində gözdən əlillər üçün tikilmiş, Faiq Yusifov küçəsi, 40 ünvanındakı 12 mərtəbəli 132 mənzilli binadan 80 min dollar ödəyərək mənzil alıb. Meydan TV-yə danışır ki, sonradan binanın dövlət xəttiylə gözdən əlillər üçün tikildiyini bilib. Binadakı mənzillərin satışı ətrafında qalmaqal yarananda istintaq orqanlarına müraciət edib, zərərçəkmiş kimi tanınıb:

“7 ildən çoxdur ki, məhkəmələrdə və istintaq orqanlarında gedən süründürməçiliyin, Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abidin Fərzəliyevin qanunsuz əməllərinin qurbanına çevrilmişəm. Artıq bütün ölkə də bilir ki, Abidin Fərzəliyev və onunla əlbir olan dələduz məmurlar gözdən əlillər üçün tikilmiş binadakı mənzilləri qanunsuz satmaqla 160 ailənin ümumilikdə 8 milyon manatını ələ keçirib. Ancaq indi bizi icra hakimiyyətinə dəvət edir, bildirir ki, pullarımızın yalnız bir qismini qaytara bilər, biz qaytarılan məbləğlə razılaşmalıyıq, pullarımızın guya tam şəkildə qaytarılmasıyla bağlı sənədi imzalamalıyıq, şikayətlərimizi geri götürməliyik”.


“Bəzi zərərçəkmişlər məcburiyyət qarşısında razılaşdılar”

Elşad Ələsgərov deyir, zərərçəkmişlərin bir qismi məcburiyyətdən şərtlə razılaşsa da, çoxu razılaşmayıb və pullarının tam şəkildə ödənilməsini tələb edirlər:

“Zərərçəkmişləri yola gətirmək istəyən Abidin Fərzəliyevin adamları elə bir görüntü yaratmağa çalışırlar ki, guya onlara ödənilən pul vəsaiti məhduddur, kim bu sənədləri imzalamasa, onlara pul verilməyəcək. Bu yolla zərəçəkmişləri təkrar aldatmaqla məsələni öz xeyirlərinə ört-basdır etməyin yollarını axtarırlar. Bu fırıldaqçılar əslində 2013-cü ildə mənim 80000 ABŞ dollarımı əlimdən alsalar da, həmin dövrdə manatın məzənnəsinə uyğun olaraq 60000 manat məbləğini qeyd ediblər. İş orasındadır ki, bu məbləğin də 10-15 faizini geri qaytarmağı təklif edirlər. Dediyim kimi, razılaşmıram və sona qədər də razılaşmaq fikrim yoxdur. Onsuz da bizə dəyən maddi və mənəvi zərər külli miqdardadır. Məhkəmə, vəkil və sair xərcləri hesablayanda itirdiyimiz vaxtımız, əziyyətimiz…”

[Original size] Facebook App – Untitled Design (1).png
Elşad Ələsgərov

Nərimanov Rayon İcra Hakimiyyətindən bu iddiaya münasibət öyrənmək mümkün olmayıb.


4 il əvvəl məhkəmə işi ibtidai istintaqa qaytarıb

Bir neçə il əvvəl vətəndaşların şikayətindən sonra bu iş üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İbtidai istintaq bitəndən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə məhkəmə baxışına göndərilib. 2017-ci ildə hakim Novruz Kərimovun sədrliyi ilə məhkəmə başlayıb.

Vətəndaşların aldadılmasına görə üç nəfər təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Bunlar Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, Cəmiyyətin əməkdaşı Hikmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinə rəhbərlik etmiş Yoməddin Şıxəliyev olub. Onlar külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə və vəzifə saxtakarlığında ittiham olunublar. İş üzrə zərərçəkmiş qismində 177 nəfərin adı keçirdi, onlara dəymiş ümumi zərərinsə məbləği ümumilikdə 6,5 milyon manat idi.

Təqsirləndirilən şəxslərdən biri – Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev məhkəmədə deyib ki, vətəndaşlardan alınan pullar ona yox, Almaniyada yaşayan Məzahir Nəsirova çatıb. Məzahir Nəsirov mənzil sahibi olmaq istəyən vətəndaşlarla Cəmiyyət və icra hakimiyyəti arasında vasitəçi olub, İnterpol xətti ilə axtarışa verilib.

Məhkəmə həmin vaxt İmtiyazlı Ailələr üçün Nəzərdə Tutulan Mənzillərin Qeydiyyatı və Bölgüsü üzrə Komissiyanın sədri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovu da şahid qismində dindirib. O, ifadəsində göstərib ki, komissiyanın sədri olsa da, sənədləşmə onun səlahiyyətində olmayıb. Şəhid ailələri, gözdən əlillər icra hakimiyyətinə şikayətə gələndə də icra hakimiyyətinin hüquq şöbəsindən o adamların sənədlərinin tezləşdirilməsini xahiş edib. Ancaq icra hakimiyyətində hüquq şöbəsinin rəhbəri olmuş təqsirləndirilən Yoməddin Şıxəliyev razılaşmayıb. Məhkəməyə bildirib ki, bu işlər birbaşa icra başçısının əliylə həyata keçirilib, o isə ortada yalnız sənəd aparıb-gətirən olub.

410827945.jpg
Bakı Ağır Cinayətlər Məhkəməsi

Məhkəmə işin hallarının tam araşdırılmadığı qənaaətinə gələrək iş materiallarını ibtidai istintaqa qaytarıb. İndi isə vətəndaşların iddiasına görə, hazırda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı zərərçəkmiş vətəndaşların şikayətlərini geri götürmələri üçün onlara dəymiş zərərin az hissəsini ödəməyi vəd etsə də, vətəndaşların bir qismi bununla razılaşı, bir qismi isə razılaşmayıb.

2015-ci il dekabrın 24-də – öz doğum günündə Prezident İlham Əliyev həmin binanın açılışını etmişdi. Üstündən 6 il keçməsinə baxmayaraq, mübahisələr hələ də davam edir.

Ana səhifəSosial“İcra başçısı pullarımızın bir qismini qaytarmaqla öz əməllərini ört-basdır etmək istəyir”