İcra başçısı jurnalisti məhkəməyə verib

Jurnalist: “Xüsusi ittiham qaydasında məhkəməyə verilmişəm”

Source: Meydan Tv


Jurnalist: “Xüsusi ittiham qaydasında məhkəməyə verilmişəm”

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev müstəqil jurnalist Cəmil Məmmədlini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Bu barədə Cəmil Məmmədli “Amerikanın səsi”nə danışıb.

O bildirib ki, hələ məhkəmədən bildiriş almayıb.

Onun sözlərinə görə, işə Xaçmaz Rayon Məhkəməsində hakim Anar Sadıqovun sədliyilə baxılacaq.

Bu barədə elektron məhkəmə portalında məlumat yayılıb.

Bildirilir ki, İcra Hakimiyyətinin başçısı jurnalistin Cinayət Məcəlləsinin 147-2-ci maddəsi (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə xüsusi ittiham qaydasında məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edib.

“Quba Rayon İcra Hakimiyyəti başçısının məni hansı araşdırma yazıma görə məhkəməyə verdiyi məlum deyil. Onun şikayəti ilə hələ tanış deyiləm. Amma Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə bağlı araşdırma videoları yaymışam. Əslində prokurorluq orqanları mənim Yutub və Feysbuk səhifəmdə yaydığım araşdırmada əksini tapan faktlara hüquqi qiymət verməlidir”, – jurnalist qeyd edib.

Cəmil Məmmədli hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir. Əvvəllər “Azadlıq” radiosunun bölgə müxbiri olub.

Ana səhifəXəbərlərİcra başçısı jurnalisti məhkəməyə verib