İcra başçısı jurnalisti məhkəməyə verib

”İttihamda aydın olmayan məqamlar çoxdur”

Source:
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov


”İttihamda aydın olmayan məqamlar çoxdur”

“Cənubnyus” saytının rəhbəri Mirələm Həşimovun məhkəməyə verilməsi sentyabrın 24-də Masallıda müavinətlərin ödənilməsində yaranan gərginliklə bağlıdır.

Bunu Turan-a M.Həşimovun vəkili Cavad Cavadov bildirib.

Onun sözlərinə görə, həmin gün “Kapitalbank”ın bankomatlarında vəsaitlər olmayıb. Bununla bağlı xəbər və görüntülər yayıldıqdan sonra vəsaitlər köçürülüb, amma hamıya çatmayıb. Jurnalist M.Həşimov da bu görüntüləri yayıb: “Amma jurnalist hadisəyə hər hansı şərh verməyib. Görüntülərdə camaat ancaq narazılıq edir. Bu da aydın görünür”.

Bundan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov jurnalisti Cinayət Məcəlləsinin 147-ci maddəsinin 2-ci bəndilə (böhtan) xüsusi ittiham qaydasında məhkəməyə verib. C.Cavadov deyir ki, ittihamı bir neçə dəfə oxuyub, amma aydın olmayan məqamlar çoxdur: “Belə ki, görüntülərdə və xəbərdə rayon İcra Hakimiyyətinin və ya icra başçısının adı çəkilmir, onun ünvanına hər hansı söz deyilmir, amma buna baxmayaraq, icra başçısı jurnalisti məhkəməyə verib”.

C.Cavadov deyir ki, bu ittihamla bağlı sənədlər əlinə ancaq oktyabrın 29-da çatıb, hazırda işi öyrənməklə məşğuldur. C.Cavadov xatırladır ki, bu ilin əvvəlində M.Həşimovu icra başçısı bir dəfə də mülki qaydada məhkəməyə cəlb edib. Vəkilin düşüncəsinə görə, bu məsələ daha çox M.Həşimovun jurnalist fəaliyyətilə bağlı olması təsiri bağışlayır.

Ana səhifəXəbərlərİcra başçısı jurnalisti məhkəməyə verib