İbrahimovların şikayəti təmin edilmədi

Apelyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxladı

Source:
Qiyas İbrahimov və atası Həsən İbrahimov


Apelyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxladı

Fevralın 21-də Bakı Apelyasiya Məhkəməsində keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazıldıqdan sonra narkotik ittihamı ilə həbs edilən Qiyas İbrahimov və atası Həsən İbrahimovun apelyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasda İbrahimovların vəkili Elçin Sadıqov çıxış edib. Bildirib ki, müdafiə etdiyi şəxslər məhkəməyə hörmətsizlikdə ittiham olunsalar da, əməllərində bu cinayətin tərkibi yoxdur. Vəkil deyib ki, Qiyas İbrahinovun apelyasiya şikayətinə baxılan zaman bir neçə vəsatət qaldırıblar, heç biri təmin edilməyib. Məhkəmə iclaslarında Qiyas İbrahimov heç vaxt hörmətsizlik etməyib:

“Qiyasın həmin iclasda hakimlərə dediyi “mantiya geyinmiş marionetkalar” ifadəsi təhqir kimi qiymətləndirilib. Lakin bu, təhqir deyil. “Marionetka” sözünün mənası başqası tərəfindən idarə olunan deməkdir. Azərbaycan məhkəmə sisteminin müstəqil olmaması, icra hakimiyyətindən asılılığı, hakimlərin təsir altında qərar verməsi bir çox beynəlxalq təşkilatın hesabatlarında öz əksini tapıb. Həmin hesabatların da çoxuna Azərbaycan hökuməti etiraz etməyib. Məhkəmə bu işdə Həsən İbrahimovun dilindən səslənmiş qarğışı da təhqir hesab edib. Lakin Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin qərarları var, qarğış təhqir kimi qiymətləndirilə bilməz”.

Vəkil hər iki şəxsin barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Həsən İbrahimov da vəkilin çıxışı ilə razılaşdığını deyib. Qiyas İbrahimov isə deyib ki, sözün qarşısında maneə olursa, onu deməyin mənası yoxdur:

“Artıq söz demək istəmirəm”.

Müşavirədən sonra qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Qiyasın cəzası daha üç ay artırılıb, atası isə aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum

edilib

.

Apelyasiya şikayəti həmin qərardan verilmişdi. Həmin cinayət işinin materillarında qeyd edilib ki, Qiyas İbrahimovun barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılan zaman o və atası məhkəməyə hörmətsizlik ediblər. Lakin İbrahimovlar bununla razılaşmırlar.

NİDA Vətəndaş Hərəkatının üzvü olan Q.İbrahimov digər fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-da saxlanıblar. Onlar narkotik ittihamıyla suçlanıblar. Amma məhkəmədə bu ittihamı rədd edərək, keçmiş prezident Heydər Əliyevin abidəsinin üzərində “Qul bayramınız mübarək!” yazıldığına görə həbs edildiklərini bildiriblər. Gənclər məhkəmənin qərarı ilə 10 il azadlıqdan məhrum ediliblər.

“Amnesty International” təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb. Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bildiriblər.

Ana səhifəXəbərlərİbrahimovların şikayəti təmin edilmədi