İqbal Əbilovun atası: “Cavid Güləliyevin başçılığı altında oğluma işgəncə verilib”

İqbal Əbilov. Foto: Ülviyyə Əli

Hazırda həbsdə olan etnik tədqiqatçı İqbal Əbilov saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında işgəncəyə məruz qalıb.

Bu barədə Meydan TV-yə məlumat verən İqbal Əbilovun atası Şahin Əbilovun sözlərinə görə, işgəncə rəis müavini Cavid Güləliyevin rəhbərliyi altında keçirilib.

“Ayın doqquzunda görüş günü idi amma bizi görüşə buraxmadılar. Sonra vəkillərimizdən xahiş etdik ki, onlar getsin. Amma onları da qanunsuz olaraq görüşə buraxmadılar. Sadəcə uzaqdan-uzağa səsini eşitdirdilər ki, “hə yaxşıyam”. Onunla da bitdi. Və bu gün məhkəmədə aydın olub ki, oğlum işgəncə görüb, ona qarşı zorakılıq olub. Saatlarla əli qandallı dəmir yatağa bağlanılıb, qolları sıyrılıb, fiziki və mənəvi işgəncələrə məruz qalıb, döyülüb. Bunların hamısı rəis müavini Cavid Güləliyevin başçılığı altında baş verib”, – deyə ata bildirib.

Şahin Əbilov deyir ki, işgəncənin səbəbi ötən məhkəmə Əbilovun geyindiyi köynəklə bağlı olub. 

Belə ki, elmi tədqiqatçı iyulun 7-də Yasamal Rayon Məhkəməsində üzərində istiqlal şairi Əli Nasirin şəkli və onun talış dilində yazılmış“Millət öz başını itirən günü, qazanır yurdunun ölüm hökmünü” misraları yazılmış köynək geyinmişdi.

İyulun 10-da elmi tədqiqatçı İqbal Əbilov məhz bu səbəbdən karsa salınmışdı. 

Bu gün Qaradağ Rayon məhkəməsində Əbilovun Umbakı Penitensiar Xidmətində davamlı rentgen müayinəsindən keçirilməsindən verilmiş şikayətə baxılıb. 

Şahin Əbilovun sözlərinə görə, oğlu bu müayinələrə məcbur edilib, müdir müavini Ramin Ələkbərov İqbal Əbilovu davamlı rentgen müayinədən keçməyə məcbur edib. Halbuki həkim rəyinə əsasən rentgen müayinəsinə ehtiyac olmayıb:

“14 saylı Penitensiarın Xidmətin müdir müavini Ramin Əkbərova qarşı məhkəməyə şikayət etdik. Ramin Əkbərov özü iclasa gəlmədi. Qapalı iclas idi, valideynlər buraxılmadı. Yalnız vəkilimiz Rövşanə Rəhimli iştirak etdi. Məhkəmə şikayəti təmin etmədi. Qərardan apellyasiya şikayəti verəcəyik”.

“Talış Milli Akademiyasının Xəbərləri” saytının baş redaktoru, etnik tədqiqatçı İqbal Əbilov 2025-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham olunub.

Əbilov bu ittihamları təkzib edir, elmi tədqiqatla məşğul olduğunu bildirir.

Ana səhifəSiyasətİqbal Əbilovun atası: “Cavid Güləliyevin başçılığı altında oğluma işgəncə verilib”