Gürcüstanın Daxili İşlər Nazirliyi iyulun əvvəlində Tbilisidə qətlə yetirilmiş vəziyyətdə tapılan 20 yaşlı azərbaycanlı qadın Fatimə Kərimovanın ölümündə şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb. Həmin şəxsin Kərimovanın əmisi oğlu Emin Əliyev olduğu güman edilir. Daha əvvəl yayılan məlumatlarda Əliyevin Kərimovanı öldürdükdən sonra Türkiyəyə qaçdığı bildirilirdi.
OC Media yazır ki, Gürcüstan hakimiyyəti iyulun 11-də həmin şəxsin Batumi Beynəlxalq Hava Limanında saxlanıldığını açıqlayıb.
Onun şəxsiyyəti açıqlanmasa da, Gürcüstan Baş Prokurorluğu daha əvvəl Əliyevin iş üzrə əsas şübhəli olduğunu təsdiqləmişdi. Həm Əliyev, həm də Kərimova Azərbaycan vətəndaşıdır. Qadının “namus qətli”nin qurbanı olduğu güman edilir.
Daxili İşlər Nazirliyi bildirib ki, həbs “Türkiyə və Azərbaycan tərəfləri ilə sıx koordinasiya şəraitində, eləcə də Gürcüstanın Türkiyədəki polis attaşesinin birbaşa iştirakı ilə” həyata keçirilib. Lakin qurum həmin şəxsin əvvəlcə Türkiyədən ekstradisiya edilib-edilmədiyini dəqiqləşdirməyib. OC Media agentliyin mətbuat xidməti ilə əlaqə saxlasa da, material dərc olunanadək cavab ala bilməyib.
Açıqlamada deyilir: “Şübhəli şəxs Tbilisidə müvəqqəti yaşayış yerində qohumuna həyati təhlükəli xəsarətlər yetirib və nəticədə zərərçəkmiş hadisə yerində ölüb”.
Bildirilib ki, polis “ehtimal olunan cinayətkarın şəxsiyyətini operativ şəkildə müəyyənləşdirib və onun barəsində axtarış elan edib”.
Baş Prokurorluq iyulun 7-də Əliyevə qiyabi qaydada ittiham irəli sürüb. O, Kərimovanı “qadın və kişilərin bərabərliyinə qarşı dözümsüzlük” zəminində boğaraq öldürməkdə ittiham olunub. Bu ifadə Gürcüstan qanunvericiliyinə 2025-ci ildə, hakim partiyanın bütün qanunlardan “gender” sözünü çıxararaq onu “qadın və kişi” ifadəsi ilə əvəz etməsindən sonra daxil edilib.
Təqsirli bilinərsə, Əliyevi 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Baş Prokurorluq OC Media-ya bildirib ki, onun barəsində artıq həbs qətimkan tədbiri seçilib.
Əliyev Gürcüstana iyunun 3-də gəlib. Bundan əvvəl, mayın ortalarında sevgilisi ilə birlikdə ölkəyə gələn Kərimovanın əvvəlcə sevgilisi tərəfindən döyüldüyünü, sonra isə tərk edildiyini eşitmişdi. Əliyevin bildirdiyinə görə, onun məqsədi Kərimova üçün Tbilisidə bir neçə aylıq mənzil kirayələmək, ailənin qəzəbi səngiyənədək gözləmək və daha sonra onun Azərbaycana qayıtmasına kömək etmək olub.
Baş Prokurorluğun məlumatına görə, Əliyev və Kərimova bir neçə həftə kirayə mənzildə yaşayıblar. Bu müddətdə əmisi oğlu “qadına ailə üzvləri və öz seçdiyi insanlarla ünsiyyət qurmağı qadağan edib, onun evdən çıxmaq və sərbəst hərəkət etmək hüququnu məhdudlaşdırıb”.
Baş Prokurorluğun açıqlamasında deyilir:
“Əliyev onun evdən çıxıb-çıxa bilməməsi, başqa insanlarla ünsiyyət qurması və hətta qidalanması ilə bağlı məsələlərdə təkbaşına qərarlar verir, bununla da kişi kimi Fatimə Kərimova üzərində üstünlüyünü qanunsuz şəkildə təsdiqləməyə çalışırdı”.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin açıqlamalarında qətlin tarixi ilə bağlı açıq uyğunsuzluq var: qurumlardan biri hadisənin iyunun 25-də, digəri isə iyunun 27-də baş verdiyini bildirir.
İyulun 4-də Azərbaycan mediası qətldən sonra Türkiyəyə qaçdığı iddia olunan Əliyevin Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını və onun ekstradisiyası üçün iş aparıldığını yazmışdı.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.