ABŞ və İran arasında hərbi gərginlik yenidən artıb. Tərəflər son günlər ərzində raketlər və pilotsuz uçuş aparatları ilə bir-birinə zərbələr endirdiklərini açıqlayıblar.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, amerikalı hərbçilər İranın hərbi imkanlarını zəiflətmək məqsədilə ölkənin bir sıra obyektlərinə zərbələr endirib.
CENTCOM-un məlumatına görə, əməliyyat zamanı “onlarla hədəf” vurulub. ABŞ tərəfi iddia edir ki, hücumların əsas məqsədi İranın Hörmüz boğazında kommersiya gəmilərinə qarşı əməliyyat keçirmək imkanlarını məhdudlaşdırmaq olub.
ABŞ ordusunun açıqlamasına əsasən, zərbələr İranın hava hücumundan müdafiə sistemlərinə, sahil radar qurğularına, raket və pilotsuz uçuş aparatı komplekslərinə, həmçinin kiçik hərbi dəniz vasitələrinə endirilib.
ABŞ hərbçiləri bu əməliyyat zamanı ilk dəfə dənizdə fəaliyyət göstərən pilotsuz vasitələrdən – ekipajsız katerlərdən istifadə etdiklərini açıqlayıblar.
İran ABŞ bazalarına hücum etdiyini deyir
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi bazalarına zərbələr endirdiyini bildirib.
SEPAH-ın məlumatına görə, hücumlar Bəhreyn, Küveyt, Oman və İordaniyada yerləşən ABŞ obyektlərini hədəf alıb.
Tehran administrasiyası eyni zamanda Hörmüz boğazının bağlandığını yenidən açıqlayıb. Bu addım qlobal enerji bazarları üçün ciddi risk hesab olunur, çünki dünya neft daşımalarının mühüm hissəsi bu su yolundan keçir.
Altı Yaxın Şərq ölkəsi hücumlar barədə məlumat verib
İyulun 12-dən başlayaraq Bəhreyn, Küveyt, Oman, İordaniya və Qətər İranın hücumlarına məruz qaldıqlarını açıqlayıblar. Qətər ABŞ və İran arasında atəşkəs danışıqlarında vasitəçi kimi çıxış edən ölkədir. Birləşmiş Ərəb Əmirlikləri isə may ayının əvvəlindən ilk dəfə olaraq İran raketləri və pilotsuz uçuş aparatlarının hücum cəhdlərinin qarşısının alındığını açıqlayıb. Ölkə rəsmilərinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri həmin vasitələri zərərsizləşdirib.
Hadisələr fonunda neft yenə bahalaşıb
ABŞ və İran arasında qarşıdurmanın artması enerji bazarlarına da təsir edib. Londonun ICE birjasında Brent markalı neftin qiyməti qısa müddət ərzində 4,3 faiz artaraq bir barel üçün 79,31 dollara yüksəlib. Bu göstərici əvvəlki qiymətlərlə müqayisədə aşağıdır. Müharibənin ilk günlərində neftin bir barrelinin qiyməti 119,50 dollara qədər yüksəlmişdi.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının bağlandığını açıqlayıb. ABŞ isə bu iddianı təkzib edib. ABŞ Prezidenti Donald Tramp və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) boğazın açıq qaldığını və gəmiçilik üçün fəaliyyətin davam etdiyini bildiriblər.
Tərəflərdən qarşılıqlı sərt bəyanatlar
ABŞ və İran arasında qarşıdurma fonunda tərəflərdən sərt açıqlamalar səslənib. İranın yeni ali rəhbəri Müctəba Xamenei atasının və sələfi Əli Xameneinin öldürülməsinə görə qisas alınacağını bildirib. O deyib ki, bu məsələ konkret şəxslərdən asılı deyil və İranın cavabı davamlı xarakter daşıyacaq.
“Bu məsələ nə mənim, nə də başqa rəsmilərin şəxsi mövcudluğundan asılıdır. Biz olsaq da, olmasaq da, bu baş verəcək”, – Müctəba Xamenei bildirib. O, İranın hədəfə alınacaq şəxslərin siyahısını hazırladığını da qeyd edib.
Bundan bir neçə saat əvvəl ABŞ Prezidenti Donald Tramp ona qarşı mümkün sui-qəsd cəhdinə Vaşinqtonun sərt hərbi cavab verəcəyini açıqlayıb.
Tramp “Truth Social” platformasında yazıb ki, ABŞ-nin İrana qarşı istifadə etmək üçün raket imkanları hazır vəziyyətdədir. O bildirib ki, belə bir təhlükə reallaşarsa, ABŞ İranı “tamamilə məhv edəcək”.
ABŞ və İsrail fevralın sonlarından İrana qarşı genişmiqyaslı zərbələr həyata keçirdiklərini açıqlayıblar. Tərəflər arasında atəşkəs razılaşması iyunun 17-də imzalanan qarşılıqlı anlaşma memorandumu əsasında əldə olunub. Razılaşma 60 günlük atəşkəs rejimini və Hörmüz boğazında gəmi hərəkətinin bərpasını nəzərdə tuturdu.
Lakin iyulun əvvəlindən etibarən tərəflər bir-birini razılaşmanı pozmaqda ittiham etməyə başlayıb. ABŞ Prezidenti Donald Tramp iyulun 8-də atəşkəs rejiminin onun fikrincə başa çatdığını bildirib. Daha sonra, iyulun 10-da, Tramp ABŞ və İranın danışıqları davam etdirmək barədə razılaşdığını, lakin Vaşinqtonun atəşkəsin artıq qüvvədə olmadığını Tehrana bildirdiyini açıqlayıb.