İqbal Əbilov: “Həbs akademik fəaliyyəti ciddi şəkildə məhdudlaşdırır” – Ülviyyə Əlinin təqdimatında

Ülviyyə Əli və İqbal Əbilov – Mənbə: Chatgpt

Həbsdə olan etnik tədqiqatçı İqbal Əbilov hazırda karsda (cəza kamerası) saxlanılır. Tədqiqatçı cəza kamerası”na salınmazdan əvvəl həbsdə olan jurnalist Ülviyyə Əliyə (Quliyeva) müsahibə verib.

İqbal Əbilov iyulun 7-də Yasamal Rayon Məhkəməsində keçirilən prosesə üzərində talış dilində “Millət öz başını itirən günü, qazanır yurdun ölüm hökmünü” misraları yazılmış köynəklə iştirak edib. Onun hüquqlarının müdafiə komitəsi kars cəzasının səbəbini buna bağlayır. Atası Şahin Əbilov oğlunun Bakı İstintaq Təcridxanasının karsında işgəncə gördüyünü bildirib.

İyulun 9-dan isə tədqiqatçı 12 saylı cəzaçəkmə müəssisəsinin cəza kamerasına göndərilib. O, ailəsi ilə telefon danışığından və görüşlərdən məhrum edilib. Etnik tədqiqatçının Ülviyyə Əliyə müsahibəsini olduğu kimi təqdim edirik:

Ülviyyə Əli: İqbal, xoş gördük. Mən azadlıqda olanda atandan səninlə bağlı müsahibə almışdım. Amma sən artıq həbsdə idin deyə, bunu sənin özünlə reallaşdıra bilməmişdik. Dedim, indi buna düzəliş edək. Həbs sənin həyatında nələri dəyişdi?

İqbal Əbilov: Həbs həyatıma, sözsüz, yeni təcrübə qatdı. Bəzi truizmləri çöldə bilsən də, burada təzədən nəzərdən keçirirsən, başqa şəraitdə görürsən. Azadlığın sadəcə fiziki azadlıq olmadığını, tabeçilik sisteminin nə qədər kövrək olduğunu və insanın hər bir şəraitə öyrəşdiyini və s. yenidən dərk edirsən. Həbsin mənfi yönü birinci növbədə yaxınlarımızın əzab çəkməsidir; həbsin ağırlığını bizdən çox onlar çəkirlər. Müsbət tərəf olaraq isə bəzi kitablarımın bu vaxt ərzində nəşr edilməsini və vaxtilə oxuya bilmədiyim kitabları oxumağımı qeyd edə bilərəm.

Ülviyyə Əli: Əvvəllər Azərbaycan dövləti siyasətçiləri, ictimai fəalları, hüquq müdafiəçilərini daha çox təqib edirdisə, son 5 ildə vətəndaş cəmiyyətinin digər nümayəndələrini də repressiyaya məruz qoydu. Bunun səbəbini nədə görürsən?

İqbal Əbilov: Təqib hədəflərinin artması və sahənin genişlənməsi məntiqlidir. Bunun bir neçə səbəbi var:

  1. Sistemin ümumi gedişatı və məntiqi. Onun liberallaşması və islahatların baş tutması cəmiyyət tərəfindən yanlış qiymətləndirilə, azadlığa tərəf qədəm qoyduğumuza bir işarə ola bilərdi. Təqiblər və repressiyalar davam etməlidir ki, qorxu azalmasın. Əsas rejim tənqidçiləri həbsdə olduğu üçün artıq yeni-yeni simalar, o cümlədən tədqiqatçılar da tutulur.
  2. Talış fəallarının təqibi yeni bir hal deyil. On illərdir ki, onlar eyni məzmunlu ittihamlarla – ilk növbədə “dövlətə xəyanət və milli ədavətin salınması” ilə məhkum edilirlər. Bu, cəmiyyət içində iki fərqli qorxunu sabit saxlayır: ümumi cəmiyyətdə separatçılıq qorxusu, talışların içində isə separatçılıqda ittiham olunma qorxusu. Bu amil onların milli kimlikləri ilə bağlı fəaliyyətini artıq dərəcədə məhdudlaşdırır.
  3. Azərbaycanın Qərblə münasibətləri ziddiyyətli şəkildə genişlənir. Bu, regiondakı digər dəyişikliklərlə birlikdə Cənubi Qafqazı ciddi transformasiyalara və qeyri-müəyyən geosiyasi çəkişmələrə aparır. Bu minvalla sistemə “sakitçilik” lazımdır. Bu o deməkdir ki, ölkədə heç bir fərqli düşüncəyə yer olmamalıdır. Əgər tədqiqatçı dominant narrativlə (istənilən ictimai sahədə) razılaşmırsa və onu sual altında qoyursa, o da artıq hədəfə çevrilir.
  4. Lakin bu, əslində sistemin qorxularını göstərir. O, həbsdən, hədə-qorxudan başqa öz düşüncəsini qoruya bilmir. Demək, o da bu düşüncələrin, məntiqin yanlış olduğunu bilir.
  5. Hər nə qədər Azərbaycan Qərb üçün indi vacib olsa da (sadəcə Cənubi Qafqaz çərçivəsində deyil, həm də Mərkəzi Asiya ilə olan münasibətləri üçün) onlar insan hüquqları ilə bağlı pozuntulara tam göz yuma bilməzlər (prinsipləri və dünyagörüşləri baxımından) və hökumətdən müəyyən dəyişikliklər tələb edəcəklər. Hökumət də siyasi məhbusları əlində külli miqdarda cəmləyir ki, güzəşt olaraq struktural islahatlar həyata keçirməsin, əvəzində bir neçə nəfəri azadlığa buraxaraq sadəcə “güzəşt” görüntüsü yaratsın, amma real dəyişikliklər olmasın.

Ülviyyə Əli: Həbsdə akademik fəaliyyətlə məşğul olmağın hansı formada zərər görür?

İqbal Əbilov: Həbs akademik fəaliyyəti ciddi şəkildə məhdudlaşdırır. İstənilən mövzu ilə bağlı mənbələri və tədqiqatları normal araşdıra bilmirsən. Həmkarlarla əlaqən kəsilib. Konfranslarda iştirak edə bilmirsən, birgə tədqiqatları aparmaq mümkün deyil. Nə ictimai, nə də şəxsi kitabxanandan rahat istifadə edə bilirsən. Öz araşdırmalarını nəşr etməkdə çətinlik çəkirsən.

Həbsdən qabaq üç yeni kitabımı çap etməyə hazırlaşırdım, amma həbs bu prosesi dayandırdı. Buna baxmayaraq, həbsdə olan imkanlarla mən köhnə və yeni araşdırmalara davam edirəm. Çünki tədqiqat mövzusu hər yerdə tapıla bilər; araşdırma alətləri isə həmişə yanındadır – beynindədir.

Talış Milli Akademiyası saytının baş redaktoru, etnik tədqiqatçı İqbal Əbilov 2024-cü il iyulun 22-də Belarusdan Azərbaycana qohumlarını ziyarət etmək üçün gələrkən Masallıda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Əbilov 2025-ci ilin mayında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar - xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) 283.1 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur:

Tədqiqatçı ittihamları rədd edir və təqib edilməsinin əsas səbəbi kimi müxtəlif milli azlıqlar, o cümlədən talış xalqı haqqında araşdırmalar aparmasında görür. O, beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır. Lakin Azərbaycan hakimiyyəti ölkədə heç kimin siyasi motivlərlə həbs edilmədiyini bildirir.

Ülviyyə Əli (Quliyeva) isə 6 may 2025-ci ildə "Meydan TV " işi üzrə həbs olunub. Jurnalist 2019-cu ildən bağlanana kimi “Amerikanın Səsi” radiosu ilə əməkdaşlıq edib. Jurnalist, həbsini müstəqil fəaliyyəti ilə əlaqələndirir və irəli sürülən ittihamları qəbul etmir.

Ülviyyə Əli Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 192.3.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq),  193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1-ci (mütəşəkkil dəstə tərəfindən vergiləri ödəməkdən yayınma), habelə 320.1-ci və 320.2-ci (saxta sənədlərin hazırlanması və istifadəsi) maddələri ilə ittiham olunur. Beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.
Ana səhifəMüsahibəİqbal Əbilov: “Həbs akademik fəaliyyəti ciddi şəkildə məhdudlaşdırır” – Ülviyyə Əlinin təqdimatında