”Hüquqşünaslar işsiz, vətəndaşlar müdafiəsiz qala bilər”

Oktyabrın 14-də Milli Məclisə təklif edilən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklərlə bağlı tədbir keçirilib. Vəkillərin iştirakı ilə baş tutan tədbirdə “Nümayəndəlik institutu ləğv edilərsə, vətəndaşları kim qoruyacaq?” sualına cavab axtarılıb. Hüquqşünas Ruslan Əliyev deyir ki, hüquq sistemindəki məhdudiyyətlər hissə-hissə gəlib bu yerə çatıb:

“Bütün dünyada insanları müdafiə edən şəxslər iki yerə bölünür: vəkillər və nümayəndələr. Nümayəndələr özü də iki yerə bölünür hüquqşünas olanlar və olmayanlar. Məsələn, sizin bir cinayət işiniz var, nümayəndəniz olmaını istəyirsiz. Yaxın qohumlarınız və ya hüquqşünas dostlarınız sizlə gedirdilər, ifadə verirdilər. Sonra bu işi də vəkilliyə bağladılar. İndi bu dəyişiklər nəyə hesablanıb? Həmin bu mülki, inzibati sahə ki, vardı, ora nümayəndələr çıxırdı, insanları təmsil edirdi. Onları da verdilər vəkillərin monopoliyasına.”

Hüquqşünas Samira Ağayeva deyir ki, nümayəndəlik institutu ləğv olunarsa, hüquqşünaslar işsiz, vətəndaşlar müdafiəsiz qalacaq. 10 milyona yaxın əhalisi olan ölkədə 904 nəfər vəkil var. Bu isə o deməkdir ki, orta hesabla hər 10 000 nəfərə 1 vəkil düşür.

“İnsan haqları sahəsində çalışan hüquqşünaslar çox işləri pulsuz görür. Vəkillər bunu ona görə edə bilmirlər ki, order götürməyə, müqavilə bağlamağa vətəndaşların pulu olmur. Ona görə də bizə -nümayəndələrə müraciət edirlər.”

Hüquq müdafiəçisi Samir Kazımlı bildirir ki, nümayəndəliyin ləğvi siyasi məsələdir.

“Mənə elə gəlir ki, hakimiyyət bunu hesablayıb və gələcəkdə kütləvi hüquq pozuntularına gedəcəklərinə görə nümayəndəlik institutunu ləğv edir. Bölgələrdə, ümüumiyyətlə, vəkillərin sayı çox azdır. Paytaxtdan fərqli olaraq, bölgələrdə insanları müdafiə etmək çətindir və çox vaxt da mdafiəsiz qalırlar. Ona görə də hakimiyyətin bu məqsədli siyasətidir ki, insanları müdafiəsiz qoysunlar.”

Tədbirdə, hüquq müdafiəçiləri, partiya üzvləri, ictimai fəallar iştirak edib. Hüquqşünas Samira Ağayeva bir qrup həmkarı ilə Millə Məclisə, Ombudsman Aparatına və Ali məhkəməyə müraciət göndərəcəklərini bildirib.

Oktyabrın 6-da Milli Məclisdə mülki, inzibati prosessual məcəllələrə və vəkillik qanununa Ali Məhkəmənin dəyişiklik təklifləri müzakirə edilib. Milli Məclisin məlumatına görə, dəyişikliklər məhkəmə prosesində operativliyin artırılması və fiziki şəxslərin peşəkar hüquqşünas-vəkillərlə təmin olunması məqsədi daşıyır. Ancaq Milli Məclis dəyişiklik təkliflərinin tam mətnini açıqlamayıb.

Ana səhifəVideo”Hüquqşünaslar işsiz, vətəndaşlar müdafiəsiz qala bilər”