Hüquq müdafiəçisi Leyla Yunusa düzəliş: Vicdan məhbusu kimə deyilməlidir?

Burada vicdan anlayışının məsələyə nə dəxli var, yəni nə üçün məhz vicdan məhbusu, deyə soruşula bilər…

Source:

İstər parlamentin formalaşdırılmasında, istərsə də dövlət başçısının seçilməsində seçki keçirmək əvəzinə gizlənpaç oynadığı üçün; məhkəmələri ya rüşvətlə, ya da siyasi sifarişlə hökm çıxardığı üçün; dördüncü hakimiyyət adlandırılan medianı fiziki terror da daxil, minbir yolla ələ alıb susdurduğu üçün Azərbaycan dövlətini demokratik adlandırmaq mümkün deyildir. Azərbaycanda siyasi hakimiyyət prezident İlham Əliyev və onun ailəsinin əlində toplanmış, avtokratik, korrupt və kifayət qədər kriminallaşmış hakimiyyətdir. İstər Heydər, istərsə də İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda siyasi məhbuslar həmişə olmuşdur, indi də vardır. Bəs, bu, vicdan məhbusluğu nədir?

***

Yəhudi mənşəli ingilis vəkil P.Benenson (1921-2005), 1961-ci ildə  Lissabonda bir kafedə, Portuqaliyada “azadlıq” sözünü işlətməyi qadağan etmiş diktatura rejiminə qarşı, azadlığın şərəfinə badə qaldırdıqları üçün həbs edilən və hər birinə 7 il iş kəsilən iki portuqal tələbənin, SADƏCƏ ÖZ NİYYƏTLƏRİNİ İFADƏ ETDİKLƏRİNƏ GÖRƏ, məruz qaldıqları bu haqsızlığa diqqəti çəkmək üçün yazdığı və The Observer qəzetində dərc edilən “Unudulmuş məhbuslar” adlı məqaləsində, ilk dəfə olaraq “vicdan məhbusu” anlayışını işlətmişdir. Məqalə belə başlayır: “İstənilən bir günə aid qəzetinizi hansısa səhifəsindən açın, dünyanın hansısa bir bucağından gələn, belə bir xəbər oxuyacaqsınız: Bir nəfər həbs edilmişdir, bir nəfərə işgəncə verilmişdir, bir nəfər asılmışdır, səbəb isə budur: ONUN GÖRÜŞLƏRİ VƏ DİNİ QƏNAƏTLƏRİ HAKİMİYYƏTİNKİ İLƏ ÜST-ÜSTƏ DÜŞMƏMİŞDİR” (seçdirmə mənimdir – A.M.). Benenson bu məqaləsində öz oxucularını, bir müraciət yazısı ilə rəsmi hakimiyyətə təzyiq etməyə və siyasi məhbusların azad edilməsini tələb etməyə çağırır. Bu, sonralar çox populyarlaşan, insanların bir dövlətin rəhbərliyinə ünvanladığı kütləvi əfv müraciətlərinin (petition) və Amnesty International  təşkilatının ilk ideyası idi. Bir il sonra Amnesty International qurulur.

Burada vicdan anlayışının məsələyə nə dəxli var, yəni nə üçün məhz vicdan məhbusu, deyə soruşula bilər. Doğrudan da, “vicdan məhbusu” termini elə təsəvvür yaradır ki, bir şəxs öz vicdani seçiminə, vicdani qərarına görə həbs edilərsə, o və belə bir adlandırmaya görə ancaq o, vicdan məhbusu adlandırılmalıdır. Ancaq hüquqi-siyasi dildə vicdan məhbusu təkcə etiqad və vicdan azadlığı kontekstində şərh edilmir, 1) dini-metafiziki dünyagörüşünə görə həbs edilmiş insanlarla yanaşı, 2) ifadə azadlığına və 3) seksual oriyentasiyasına görə həbs edilmiş insanlara DA şamil edilir. Ancaq adla anlam arasında uyğunsuzluq var, məsələn, seksual oriyentasiya bir çox hallarda heç seçim deyildir, o ki ola vicdan seçimi, ancaq buna baxmayaraq, buna görə həbs edilmiş şəxslər də vicdan məhbusu sayılırlar.

Siyasi hakimiyyətin ideologiyasına qarşı, rəsmi dinə qarşı, hakim seksual oriyentasiyaya qarşı, tətbiq edilən dil şovinizminə qarşı, irqçiliyə qarşı, etnik sıxışdırmaya qarşı, qadın hüquqlarının boğulmasına qarşı və s. öz tənqidi düşüncələrinə, sosial mövqeyinə, cinsi yönünə görə həbs edilən şəxs vicdan məhbusu sayıla bilər.

***

İndi, gəlin, Leyla Yunus adlı bir hüquq müdafiəçisinin vicdan məhbusu anlayışına verdiyi tərifə baxaq:

“Vicdan məhbusu o adamdır ki, o, heç vaxt heç bir qanunu pozmadığı, sadəcə fikirlərini bölüşüb, vətəndaş mövqeyini ortaya qoyduğuna görə, sifarişlə həbs edilmişdir”.  Bundan sonra o, jurnalist Əvəz Zeynallı, Realın sədri İlqar Məmmədov, Tofiq Yaqublu, nidaçı gənclər və b., nəhayət, 12 nəfər dindar da daxil olmaqla, 38 nəfəri vicdan məhbusu adlandırır. O, davam edir: “Siyasi məhbus isə o adamdır ki, o, qanunu pozaraq, cinayət etdiyi halda həbs edilsə də, onun cəzası çoxaldılmışdır”.

BİRİNCİSİ, L.Yunusun siyasi məhbus anlayışına verdiyi tərif yarımçıq və buna görə də yanlışdır. Belə ki, AŞPA-nın siyasi məhbuslar üzrə keçmiş məruzəçisi Ch.Straesser 23.01.2013 tarixində İnsan Haqları Beynəlxalq Cəmiyyətinə (IGFM) verdiyi müsahibəsində “Siyasi məhbus olmaq nə deməkdir?” sualına cavab olaraq deyir: “Siyasi məhbus o şəxsdir ki, o, siyasi görüşlərinə və siyasi fəaliyyətinə görə həbs edilmişdir… Bir məhbus aşağıdakı hallarda siyasi məhbus sayılır: Onun həbsi və məhkəmənin hökmü Avropa insan haqları konvensiyasının əsas prinsiplərinə, xüsusilə, düşüncə, vicdan, etiqad, ifadə, məlumatlanma, toplaşma, birləşmə azadlıqlarına ziddirsə, həbsedilmə formasında diskriminasiya və kəsilən cəzanın müddətində siyasi səbəblərdən artırılma faktı varsa… .”

http://www.igfm.de/news-presse/interviews/definition-politischer-gefangener/

Bu tərifdən görünür ki, hər bir vicdan məhbusu həm də siyasi məhbusdur, çünki hər ikisi siyasi sifarişlidir; ancaq hər siyasi məhbus vicdan məhbusu deyildir, çünki vicdan məhbusunun sahəsi dardır. Belə də demək olar: Vicdan məhbusluğu siyasi məhbusluğun altçoxluğudur.

Ch.Straesser 09.05.2014 tarixində Azadlıq radiosunun Bakı bürosuna verdiyi müsahibəsində belə deyir: “O sıradan 8 fəal gəncin (nidaçıların – A.M.) mayın 6-da qeyri-mütənasib cəzaya – 6-8 il arasında həbsə məhkum edilməsi, şübhəsiz, AŞPA-nın 2012-ci ilin oktyabrında qəbul etdiyi “siyasi məhbus” anlayışına uyğundur”. Ancaq L.Yunus həmin 8 gənci vicdan məhbusu adlandırır! Görəsən, nə üçün, ya da niyə? Təsəvvür edin, siyasi məhbus anlayışının yeni tərifinin müəllifi deyir filankəslər siyasi məhbusdur, amma bu deyir, yox, vicdan məhbusudur.

AŞPA-nın 3 oktyabr 2012-ci ildə siyasi məhbus anlayışına verdiyi yeni tərifə görə, heç bir qanunu pozmadığı halda, siyasi sifarişlə həbs edilmiş şəxsə DƏ siyasi məhbus deyilir. Bu, L.Yunusun siyasi məhbus anlayışının yarımçıq və yanlış olduğunu açıq-aydın göstərir. Deməli, L.Yunusun vicdan məhbusu adlandırdığı 38 nəfər siyasi məhbus da adlandırıla bilərdilər. Ancaq L.Yunus onları nədənsə vicdan məhbusu adlandırır. Nə üçün, ya da niyə?

İKİNCİSİ, Azərbaycanda siyasi hakimiyyətə təhlükə törətmədən, islamın bütün ibadətlərini publik olaraq yerinə yetirən; hər il Qafqaz Müsəlmanları İdarəsi xətti ilə həcc ziyarətinə gedən; sosial şəbəkələrdə və başqa yerlərdə daim dini təbliğat aparan; və yaxud ateist olduğunu bəyan edən; və yaxud Asif Ata Ocağı kimi yeni dini dünyagörüş təbliğ edən; və yaxud fərqli cinsi oriyentasiyasını publik olaraq söyləyən və həyata keçirən; və yaxud Ermənistanla müharibə əleyhdarlığı edən; və yaxud  hakimiyyətin heydərəliyevçilik məktəbini nəzəri-fəlsəfi baxımdan tənqid edən;  Heydər Əliyevi ümummilli lider kimi tanımadığını bildirən və s. on minlərlə apolitik vətəndaş var və onlar həbs edilmirlər. Halbuki, bu sadalananlardan bircəsi həbs edilmək və vicdan məhbusu olmaq üçün yetərli olmalı idi. İndi L.Yunusdan soruşmaq gərək: Onun vicdan məhbusu adlandıraraq, Amnesty International təşkilatına təqdim etdiyi 38 nəfərdən hansı bu abzasda sadalanan şərtlərdən heç olmasa birini ödədiyi üçün həbs edilmişdir?

38 nəfərlik vicdan məhbusları qrupunda həm siyasi mənsubiyyəti və fəaliyyəti olan şəxslərin, həm də olmayan şəxslərin adı var. Deyilə bilər ki, bəzi şəxslərin yanlışlıqla vicdan məhbusu adlandırılması hüququn sxematik formallığından doğmuşdur. Belə ki, siyasi fəaliyyət ancaq siyasi partiya mənsubiyyəti daxilində təsəvvür və qəbul edildiyi təqdirdə, heç bir siyasi mənsubiyyəti və fəaliyyəti olmayan bir şəxsin (məsələn, filminə görə bir rejissorun, romanına görə bir yazıçının) həbsi dərhal vicdan məhbusluğu kimi başa düşülmüş ola bilər. Onda yeni sual meydana gəlir: Elə isə, məsələn, Müsavat partiyasının sədr müavini T.Yaqublu və yaxud Real sədri İ.Məmmədov niyə vicdan məhbusu adlandırılıblar? Onlar ki siyasi mənsubiyyətləri olan və siyasi fəaliyyət göstərən şəxslərdirlər. Ümumiyyətlə, L.Yunusun siyasətçiləri vicdan məhbusu adlandırması ilk hal deyil. Yəni bu arqument də hüquq müdafiəçisini müdafiə edə bilmir.

L.Yunusun vicdan məhbusları siyahısında iki qrup şəxs var: Ə.Zeynallı, İ.Məmmədov, T.Yaqublu, nidaçılar və b. kimi sekulyar mənşəli, yönlü və fəaliyyətli insanlar; və Mövsüm Səmədov, Taleh Bağırov kimi klerikal mənşəli, yönlü və fəaliyyətli insanlar.

Məhbus dindarlarda vəziyyət iki cürdür: Onlardan bəziləri qanunları pozduqlarına görə həbs ediliblər: Məsələn, Azərbaycanda dünyəvi rejimi şəriətlə əvəzləməyə çağırdığına görə M.Səmədovun, cihada çağırış məzmununda siyasi moizələr oxuduğuna görə T.Bağırovun həbsi tamamilə qanunidir, ancaq L.Yunus onları vicdan məhbusu sayır! Halbuki, onlar heç siyasi məhbus da deyillər. Bəzi dindar məhbusların isə, ola bilsin, qanuni cəzaları siyasi sifarişlə qanunsuz olaraq artırılmışdır, buna görə onlar siyasi məhbusdurlar.

***

L.Yunusun belə etməsinin həm “nə üçün”ləri, həm də “niyə”ləri var. “Nə üçün”lərdən (kauzalistik obyektiv səbəblərdən) biri odur ki, onun həm vicdan, həm də siyasi məhbus anlayışlarına verdiyi təriflər köhnə və qüsurludurlar. Özü də deyir ki, bunları sovet vaxtı oxuyub. Hiss olunur ki, onun yeni təriflərdən xəbəri yoxdur.

“Niyə”lərdən (intensional subyektiv niyyətlərindən) biri isə odur ki, L.Yunus özü siyasi tərəfdir. Hüquq müdafiəçiliyinə siyasətdən gəldiyi üçün, hüquq müdafiəçisi kimi də siyasi mübarizə aparır və yaxud siyasi mübarizəsində bu dəfə hüquq müdafiəçiliyindən istifadə edir. Hər halda bir hüquq müdafiəçisi kimi onun fəaliyyəti siyasi mövqeyinin təsiri altındadır və o, “Nəyin bahasına olursa, olsun!” siyasi prinsipi ilə hərəkət edir. Və özü siyasi mübarizəsində hüquq müdafiəçiliyindən istifadə etməkdə problem görmədiyi üçün, bu mübarizədə başqalarının dindən istifadə etməsini də məqbul sayır. Jurnalistlərin öz siyasi mübarizələrində mediatik vasitələrdən, dindarların öz siyasi mübarizələrində dindən istifadə etdikləri kimi və s.

L.Yunus vicdan məhbusları qrupunu formalaşdırmaqda maraqlıdır. Bu, öz rəqibinə yeni bir yumruq zərbəsi vurmaq üçün yer açmağa bənzəyir. Bunun üçün o, dindarları sekulyar məhbusların (və yaxud da əksinə) gözünə qatır, dindar tapmadıqda isə mövcud siyasi məhbusların arasından ən tanınmışlarını seçərək, axır ki, vicdan məhbusları adlı bir qrup formalaşdırmağa nail olur. Ancaq bu, o demək deyil ki, vicdan məhbusluğu faktı Azərbaycana yaddır və Azərbaycanda həqiqi vicdan məhbusları olmur, əksinə, olur, ən tipik nümunəsi R.Tağıdır.

Sözün düzü, sekulyaristlərin vicdan, yoxsa siyasi məhbus adlandırılması məni az maraqlandırır. Ümumiyyətlə, mən istərdim, onlar tezlikdə azadlıqda olsunlar və siyasi-sosial fəaliyyətlərini davam etdirsinlər. Bu məqaləni mən ona görə yazdım ki, şəriətçilərin vicdan məhbusu adlandırılmasının yanlış olduğunu göstərim. Çünki ən pis dünyəvi diktatura ən yaxşı şəriət rejimindən yaxşıdır.

Bundan sonrakı yazımın mövzusu “sosial vicdan” olacaq.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəHüquq müdafiəçisi Leyla Yunusa düzəliş: Vicdan məhbusu kimə deyilməlidir?