“Mərkəzə daxil olan bir sıra partiyalar Milli Şura tərkibindəki komitədə təmsil olunur”
Dəyirmi Masa formatında fəaliyyət göstərən Birləşmiş Hüquq Müdafiə Mərkəzinə (BHMM) 16 partiya daxilidr. Bu barədə “Turan İA”-a Mərkəzin koordinatoru, Klassik Xalq Cəhbəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib.
M.Mirəlioğlu avqust ayından etibarən ölkənin tanınmış hüquq müdafiəçilərinin həbsindən sonra belə bir qururmun yaradılmasına ciddi ehtiyac yarandığını nəzərə çatdırıb.
Onun fikrincə, tanınmış vəkil və hüquq müdafiəçisi İntiqam Əliyevin həbsindən sonra ölkənin hüquq müdafiə sistemi sahəsində yeni situasiya yaranıb: “Bu həbslərlə təkcə bizlər müdafiəsiz qalmadıq, həm də hüquqlarımızı müdafiə edənlərin özlərinin müdafiəsinə ehtiyac yarandı”.
M.Mirəlioğluna görə, partiyaların bu müstəvidə fəaliyyətini hüquq müdafiəçilərinin fəaliyyətlərini dəstəkləmələri, onların həbslərinin əsassızlığına etiraz mesajı da sayıla bilər. KXCP sədri Mərkəzə daxil olan siyasi partiya rəhbərlərinin bir sıra hüquq müdafiəçiləri və QHT-lərin hazırladığı siyasi məhbus siyahısını tanıdıqlarını və dəstəklədiklərini vurğulayıb.
Mərkəzin təkcə insan hüquqlarını müdafiə yox, ölkədə demokratiyanın durumu, ictimai-siyasi durum, siyasi məhbuslar məsələsilə bağlı da fəaliyyət istiqamətləri olacağını deyib. Ölkədə demokratiyanın durumu barədə sentyabrın 17-də Demokrat Partiyasının qərargahında beynəlxalq qurum, siyasi partiya, QHT sektoru, media təmsilçiləri, ekspert və mütəxəssislərin iştirakı ilə ümumrespublika müşavirəsi keçiriləcəyinin anosunu verib.
Mərkəz tərkibində Qarabağ problemi, sosial hüquq, mülkiyyət, dini hüquqlar komissiyası yaradıldığı nəzərə çatdırılıb. Mərkəzin “Siyasi Məhbuslarsız Azərbaycan” devizi altında fəaliyyət göstərdiyi nəzərə çatdırılıb. KXCP sədri bildirb ki, partiyalar həm də həbsdə olan siyasi məhbusların hüquqlarının müdafiəsi üçün etirazların təşkilində mühüm rol oynaya bilər. Belə ki, bu məhbusların məhkəmələri keçirilən zaman etirazların təşkil siyasi partiyaların üzərinə düşəcəyi nəzərə çatdırılıb. Həm də partiyaların bu əməkdaşlığının ancaq funksional əməkdaşlıq çərçivəsində olduğu ifadə edilib.
Mərkəzin bu günlərdəki toplantısında həbsdə olan bəzi siyasi məhbusların həyatlarına ciddi təhlükə yarandığı üçün onlar barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı hakimiyyətə, beynəlxalq qurumlara müraciətlər ünvanladığı qeyd edilib.
Milli Şura tərkibində bir müdafiə komitəsinin, digər tərəfdə daha bir mərkəzin fəaliyyət göstərməsi məsələsinə toxunan KXCP sədri bu qurumların fəaliyyətinin bir-birinə mane olmadığını deyib. Əksinə, Mərkəzə daxil olan bir sıra partiyaların Milli Şura tərkibindəki komitədə təmsil olunduğunu bildirib. Mərkəzin kənardan komitəyə lazım olan dəstəkləri göstərəcəyi nəzərə çatdırılıb. Real fəaliyyətdə bu iki qurumun bir-birinə maneçilyi olmadığı deyilib.
Mərkəz bu il avqustun əvvəllində KXCP-də 9 partiyanın iştirakı ilə təsis edilib. Bir qədər sonra daha 7 partiya Mərkəzə qoşulmaq qərarı verib. Mərkəzdə fəaliyyət göstərən 16 partiyanın hamısı dövlət qeydiyyatına malik olan partiyalardır.