Onlar jurnalist Rauf Mirqədirovun dövlətə xəyanət etdiyinə inanmadıqlarını deyirlər
Hüquq müdafiəçiləri – Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənanyarlı və Əvəz Həsənov “Zerkalo“ qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsi ilə əlaqədar prezident İlham Əlievə müraciət ünvanlayıblar.
Müraciətdə hüquq müdafiəçiləri uzun illərdir Azərbaycanda jurnalist və ictimai-siyasi fəaliyyət ilə məşğul olan bütün insanları yaxşı tanıdıqlarını qeyd ediblər. Rauf Miqədirovu rusdilli media qurumları arasında araşdırma-jurnalistikanın ən bacarıqlı nümayəndəsi kimi tanıdıqlarını, yazdığı bütün məqalələrin Azərbaycan ərazilərinin Ermənistan Respublikası tərəfindən işğal olunması və bu işğal nəticəsində haqqı pozulan insanların səsinin tanınmasına xidmət etdiyini vurğulayıblar. Onlar Dağlıq Qarabağ münaqişəsi ətrafında informasiya müharibəsinin getdiyi bir dövrdə Azərbaycandan kənarda qələminə hörmət olunan və məqalələrinə istinad olunan çox istedadlı bir jurnalistin „dövlətə xəyanət“ maddəsi ilə ittiham olunmasına təəssüfləndiklərini və Rauf Mirqədirovun belə cinayət törədəcəyinə inanmadıqlarını bildiriblər.
Bununla yanaşı, hüquq müdafiəçiləri ölkə başçısından Rauf Mirqədirova qarşı işin obyektiv təhqiqatının aparılmasını öz nəzarətinə götürməsini xahiş ediblər.