”Hökumət sahib çıxsın Bahara…”

Siyəzən Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, vəziyyətdən xəbərsizdirlər, maraqlanacaqlar.

Source: meydan tv


Tuğay kənd sakini: ''Bizə sədəqə lazım deyil''

Sakinlərinin Tağay adlandırdığı Siyəzənin Tuğay kəndi dəniz kənarında yerləşir. Kənddə evlərin əksəri nimdaş görkəmdədir. Kazımova bacılarının evi isə lap bərbad təsiri bağışlayır.


Sahibsiz üç bacı

Kəndin girişindəki hasarı olmayan, eyvanı çökmüş, köhnə ev uzaqdan seçilir. Burada üç bacı yaşayır. Ataları Mirfeyzulla kişi kəndin ağsaqqallarından olub, ağır seyid kimi tanınıb. Rəhmətə gedəndən sonra qızları başsız qalıb. Kənd camaatı danışır ki, Mirfeyzulla kişinin üç oğlu bacıları ilə əlaqəni kəsib. İndi bacılar çox acınacaqlı vəziyyətdə yaşayır. Heç biri işləmir. Böyük bacı Bahar Kazımova onsuz da işləmək iqtidarında deyil. Əqli problemlərinə görə birinci qrup əlildir. Kənddə danışırlar ki, Bahar bəzən günlərlə evdə tək qalır. Çünki bacıları Siyəzənə gündəlik iş tapmaq üçün yollanır. Kəndə gün ərzində yalnız bir dəfə marşrut avtobusu gəldiyindən, Tuğaya qayıda bilmirlər, tanışlarının evində qalırlar. “Elə vaxt olub, Bahar həyətdə yıxılıb qalıb, gedib palçıqdan çıxarmışıq”, – bunu da kənd adamlarından eşidirik.

image_from_ios (5).jpg
Kazımovaların evi


Evdə tək

Camaat ailəyə kömək üçün əlindən gələni əsirgəmir. Yaşlı sakinlərin birindən eşidirik ki, qışda bacıların evi qaz yandıra bilmədiklərindən soyuq olur. Kommunal xərcləri ödəmək gücündə deyillər. Ailənin üzərinə böyük qaz borcu yüklənir. Danışırlar ki, bir dəfə qonşu oğlan xüsusilə Baharın evdə soyuqdan donmasına dözməyib, yaşadığı yerdən ora qanunsuz xətt çəkib. SOCAR-dan xəbər tutanda gəlib onu 250 manat cərimə ediblər.

Kənd sakinlərindən biri ilə evə yollanırıq. Bahar eyvanda görünür. İlkin təəssürat budur ki, onunla danışmaq, fikir soruşmaq mümkün olmayacaq. Bizə içəri keçməyə icazə verir. Ev çox bərbad gündədir. Həyat elementləri yox dərəcəsindədir. Ev içməli su ilə təmin olunmayıb, istilik yoxdur. Bahar yerdə yatır. Soyuqdan titrəyir. Bacılarını soruşuruq. Sərrast cavab vermir, nə dediyi anlaşılmır. Yalnız bir sualı təkrar edir:

“Sabah məktəb var?”.

image_from_ios (6).jpg
mətbəx

Evi tərk edirik. Bacıların kəndə qayıtmasını gözləmək lazım gələcək…


“Mübarizə aparmağa halımız qalmayıb”

İkinci dəfə Kazımovaların yaşadığı evə yollanırıq. İndi Sədaqət və Zümrüd də evdədir. Sözə Zümrüd Kazımova başlayır:

“Bacımı təkbaşına saxlamışam. Uşaqlıqdan belə xəstədir. Asan gəlməsin heç kimə. Bütün əzablara dözmüşəm. Ona baxdığıma görə heç bir əlavə vəsait vermirlər. Cəmi 155 manat pensiya alır. Nə qədər qazpulu yazılır ayağımıza. Mübarizə aparmağa halımız qalmayıb. Üç qardaşımız var, bizdən xəbər tutmurlar. Hökumət sahib çıxsın Bahara. Bura seyid ocağıdı. Əvvəllər nəzir-niyaz olub, indi mən imtina eləmişəm. Konkret kömək olunsun bizə. Nəzirlə yaşamazlar”.


“Sosial yardım üçün müraciət eləmişəm, üstümə qışqırıb qovublar”

Ortancıl bacı Sədaqət deyir ki, kömək üçün çox yerə müraciət ediblər: “Bələdiyyəyə yüz dəfə getmişəm. İş yoxdu işləməyə. Atam rəhmətə gedəndən sonra belə ağır günə qaldıq. Heç olmasa, 50 manat sosial yardım versinlər. Çox acınacaqlı vəziyyətdəyik. Sosial yardım üçün müraciət eləmişəm, üstümə qışqırıb qovublar. Heç birimiz işləmirik. Ev uçub dağılır. Yatmağa düz-əməlli yerimiz yoxdu. Yerdə yatırıq. Evdə çarpayımız da yoxdu. Çıxın həyətə baxın, heç hamam da görməyəcəksiz. Şəxsən mən qapılarda qalıram. İstərdim su xətti olsun. Çox bərbad şəraitdə yaşayırıq. Adicə su yoxdusa, necə yaşamaq olar burda?! Kömək istəmədiyim yer qalmayıb. Heç kimin vecinə deyil”.

Zümrüd deyir ki, onlara kənd sakinlərinin əl tutmasını istəmirlər, hökumət problemlərin həlli üçün konkret kömək etsin:

“Nəzir verirlər, arxasınca yüz söz deyirlər. Adam bunu götürə bilmir. Bizə sədəqə lazım deyil. Göz görə-görə qırılırıq”.

image_from_ios (7).jpg
ev

Siyəzən Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, vəziyyətdən xəbərsizdirlər, maraqlanacaqlar.

Tuğay kəndi Yenikənd Bələdiyyəsinin tabeliyindədir. Bələdiyyə sədri Əbülfərz Muradov Meydan TV-yə sözügedən ailəni yaxşı tanıdığını deyib. O, həmçinin Meydan TV əməkdaşının gördüklərinin əksini söyləyib:

“Onlar ağır seyid ovladlarıdır, dəfələrlə evlərində olmuşam. Çox yaxşı şəraitli evləri var. Suyu, elektriki, qazı var. Mən özüm qoymuram onların borcu yaransın ki, birdən işığı, qazı kəsərlər. Kim deyirsə, şəraitləri yoxdur, yalan deyir. Düzdür, iş yoxdur, amma dəfələrlə təklif etmişəm ki, kənd camaatı kimi toyuq-cücə saxlasınlar, əkin-biçinlə məşğul olsunlar. Yardım qəbul etməyiblər. Səbəbini də bilmirəm”.

Ana səhifəBölgə”Hökumət sahib çıxsın Bahara…”