“Hökumət özünü 14 saatlıq iş rejiminə hazırlamalıdır”

İlham Şaban: “Biz neftin pik dövrünü keçmişik”

Source:


İlham Şaban: “Biz neftin pik dövrünü keçmişik”

“Turan” İnformasiya Agentliyinin “2016-cı ildə neftin bir barelinin qiyməti 90 dollardan aşağı olmayacaq” başlıqlı təhlili mediada və sosial şəbəkələrdə maraqla qarşılansa da, birmənalı qəbul olunmadı. Xüsusilə iqtisadçılar neftin qiymətinin 90 dollar olacağına şübhə ilə yanaşdılar.

Agentlik neftin qiymətində proqnozlaşdırdığı dəyişikliyi gözlənilən qlobal siyasi proseslərlə əlaqələndirir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban agentliyin təhlili ilə razılaşmır. Meydan TV-yə açıqlamasında ekspert bildirib ki, gələn il üçün neftin qiyməti ilə əlaqədar heç bir beyin mərkəzi, enerji qurumu və bank 80-90 dollar proqnozlaşdırmır: “Proqnoz verəndə onu bir neçə pessimist və optimist olaraq üç ssenaridə götürürlər. Bu mənada verilən proqnozların heç birində həmin rəqəmlər yoxdur: “Korrektə edilmiş proqnozlar da var, məsələn, 2016-cı il üçün “Brent” markalı neftin qiymətini ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi 75 dollar səviyyəsində proqnozlaşdırırlar. Bu, sonuncu məlumatdır və ondan optimist proqnoz yoxdur. Yaxud Rusiyanın enerji, iqtisadi inkişaf nazirliklərinin proqnozlarına görə ilin sonunda neftin qiyməti 85 dollara qalxacaq. Amma bu, o demək deyil ki, ümumi orta qiymət 85 dollar olacaq. Ən yaxşı halda cari il üçün 65 dollar civarında ola bilər. Gələn il üçün isə neftin qiyməti 75 dollara qalxması mümkündür. Ən böyük  bp, Exsson-Mobil və digər bu kimi iri şirkətlər bildiriblər ki, 2017-ci ilə qədər neftin yüksək qiyməti gözlənilmir. Söhbət 70 dollara qədər olan həddən gedir”.

İlham Şabanın sözlərinə görə, iri şirkətlər builki büdcələrini 50, gələn il üçün isə 55 dollardan götürüblər: “Lap gələn il neftin qiyməti 90 dollar oldu, o zaman bunun Azərbaycana əhəmiyyətindən danışmalı olacağıq. Yəni 2016-cı ildə neftin 90 dollarlıq qiyməti 2010-ci ildəki 90 dollar deyil. Söhbət alıcılıq qabiliyyətinin, inflyasiya amillərinin nəzərə alınmasından gedir. 90 dollar ən yaxşı halda ucuzlaşmış qiymətdir, yəni nominal qiymətdə 85 dollardır. Başqa bir tərəfdən, Azərbaycan üçün ən yaxşı il 2014-cü il idi, həmin vaxt elə bir təlatüm hiss etmədik. Çünki neftin qiyməti 100 dollardan çox idi, hasilat da kifayət qədər idi. Amma 2015-ci ildə həm hasilat düşdü, həm də neftin qiyməti 35-40 faiz ucuşlaşdı. Proqnozlaşdırsaq, 2014-cü illə müqayisədə neft hasilatı 2,5 milyon ton azalacaq. Neftin 90 yox, 100 dollar olması belə Azərbaycanın gəlirlərinin 20 faiz azalması deməkdir.  Bu baxımdan neftin qiymətləri qalxacaq və ölkə həminki atmosferdə yaşayacaq yanaşması doğru deyil”.

Ekspert düşünür ki, hökumət özünü 14 saatlıq iş rejiminə hazırlamalıdır ki, bundan sonra diqqəti neftə yox, digər sahələrə yönəltsin: “Hökumət 10 il gərgin rejimdə işləməlidir ki, 2025-ci ildə başqa sektorlarda neftdən gələn gəlirin 40 faizini əldə edə bilsin. Qeyri-neft sektorundan gəlir əldə etmək çox ağır işdir. Azərbaycan hökuməti 15 il əvvəl bu işə başlamalıydı. Hökumət özünü ÜDM ilə aldatmamalıydı, əksinə, real sektordan başlamalıydı. Təəssüf ki, həmin mərhələni əldən buraxdıq. Hər il neft hasilatı azalacaq, 1,3-1,4 milyon civarında. Yaxın 2 ildə neft hasilatı 2,5 milyon tondan artıq azalacaq, bu, ən optimist rəqəmdir. Yəni qiymət artsa belə, bazara çıxartdığın məhsulun həcmi azalır. Həcm azalanda da, gəlir azalır.  Başqa məqam odur ki, istehsal olunan xammalın həcmi azaldığından xərci də tədricən artır. Çünki biz neftin pik dövrünü keçmişik. Bu isə gəlirlərimizə təsir edən amildir. Nəhayət, 2015-18-ci illər Azərbaycanın böyük xərcləmələr dövrüdür.  Söhbət enerji layihələrindən gedir”.

İlham Şaban neftin qiymətinin enməsinə baxmayaraq, səmərəli xərcləmələr görmədiyini dedi: “Hətta prezident İlham Əliyev də səmərəli xərcləmələrdən danışsa da, əməl olunmur. Adi bir misal, paytaxtın mərkəzi “28 may” metrostansiyasından çıxanda xərcləmələrin səmərəsizliyini görmək olur. Həmin ərazidə bütün səkilər dağınıq vəziyyətdədir, o cümlədən, səliqəsizlik baş alıb gedir. Elə həmin stansiyanın eskalatoru neçə ildir təmirə dayanıb. Bəs ayrılan vəsait hara xərclənib ki, nəticə yoxdur?  Hökumətin öz vətəndaşlarına qarşı bu qədər biganəliyi anlaşılmazdır.  Büdcə vəsaitlərinin rasional xərclənməsindən söhbət getdiyi zaman “İnşaatçılar”, “Gənclik” və “Nərimanov” stansiyalarının giriş-çıxış hissələrinin mərmər üzlüklərini sökməyə ehtiyac vardımı? “Avtovağzal” stansiyası 5 ildir tikilir, 2 il əvvəl Almaniyadan avadanlıq da alındığını deyib, işlərin yekunlaşdığını söyləmişdilər. Bəs nə oldu, niyə açılmır? 5 ildə Dubayda palmalar adasını inşa etdilər. Eyni zamanda, “Elmlər Akademiyası” stansiyasının BDU-ya olan çıxışının tikintisi  2 il əvvəl başladı. Bəs niyə bitirə bilmirlər?  Təsəvvür edirsinizmi, milyonlarla vəsait xərclənib, ancaq nəticə yoxdur. İqtisadiyyat o deməkdir ki, ayrılan vəsait vətəndaşın rifahına xidmət etməlidir, nəinki hansısa tədbirə. Vətəndaşın durumu o qədər yaxşı olsun ki, o, ÜDM-in artımına xidmət edə bilsin. Büdcə də bunun sayəsində dolur, daha yerin altındakı sərvətin hesabına yox. İnkişaf etmiş ölkələr bütün bunları nəzərə alıb, insan kapitalına yatırım qoyurlar”.

Ana səhifəXəbərlər“Hökumət özünü 14 saatlıq iş rejiminə hazırlamalıdır”