Vahid Məhərrəmov: “Azərbaycan dünya bazarından təcrid olunub, bizim ölkədə olan qiymətlər dünya bazarındakı qiymətlərlə uyğun gəlmir”
İl başa çatır, amma digər sahələr kimi kənd təsərrüfatında da problemlər bitmir. Taxılçılıq, meyvə-tərəvəz, pambıqçılıq, emal və digər sahələr barədə yola saldığımız il boyu mütəxəssislər vasitəsilə problemləri gündəmə gətirmişik. Ancaq bu dəfə kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovla söhbətimizdə məsələlərə daha geniş və hərtərəfli yanaşmağa çalışdıq.
–
Vahid müəllim, ilin başa çatmasına 15 gün qalıb və bu il həm də 2008-2015-ci il Dövlət Ərzaq Təhlükəsizliyi Proqramının yekun ilidir. Ümumiləşdirsək, kənd təsərrüfatını və bu proqramı hansı mənfi-müsbət tərəfləriylə başa vururuq?
Vahid müəllim, ilin başa çatmasına 15 gün qalıb və bu il həm də 2008-2015-ci il Dövlət Ərzaq Təhlükəsizliyi Proqramının yekun ilidir. Ümumiləşdirsək, kənd təsərrüfatını və bu proqramı hansı mənfi-müsbət tərəfləriylə başa vururuq?
– Bu ili kənd təsərrüfatı ili elan etməsəydilər belə, 7 illik Dövlət Ərzaq Təhlükəsizliyi Proqramının son iliydi. “Azərbaycan hökuməti 7 ildə kənd təsərrüfatında, həm də əhalinin ərzaq məhsullarına təminatı ilə bağlı proqramda nəzərdə tutduğu müddəalara necə əməl edib” sualını dəyərləndirməliydik. Ölkə digər proqramlardan fərqli olaraq, 2008-2015-ci il Dövlət Ərzaq Təhlükəsizliyi Proqramında konkret olaraq bəzi sahələrdə qarşısına hədəf qoymuşdu. Ədalət xatirinə deməliyik ki, qarşısına qoyduğu məqsəd elə də ciddi problem yaradacaq deyildi. Adi bir nəticəni nəzərə almışdılar ki, ona nail olsunlar. Məsələn, taxılçılıqda nəzərə alırdılar ki, hər hektardan məhsuldarlığı 32 sentnere çatdırsınlar, ümumi istehsalı 2,8 milyona çatdırmaq niyyətindəydilər. Halbuki, ölkə əhalisinin ərzaq buğdasına olan təminatını əvvəlki illərdə olduğu kimi bu il də idxalın hesabına ödədilər. Bir daha deyirəm, Dövlət Ərzaq Təhlükəsizliyi Proqramında nəzərdə tutulmuş məhsuldarlığı artırmaq, ölkənin taxıla olan ehtiyacını tam ödəmək qeyd olunsa da, hətta əvəlki illərdən də çox buğda idxal olundu. Məsələn, Rusiyadan 1,5 milyona qədər buğda alındı. Belə olan halda, məhsuldarlığı, yaxud ümumi istehsalın statistik rəqəmini artırmağın reallıqla heç bir əlaqəsi yoxdur. Əgər 7 illik proqramda buna nail olmaq istəyiblərsə, amma sonda Azərbaycan yenə də idxaldan asılı qalıbsa, deməli, 2008-2015-ci il Dövlət Ərzaq Təhlükəsizliyi Proqramında nəzərdə tutulan əsas istiqamətdə nəticəyə nail olunmayıb.
–
Nəticəyə nail olunmamağın səbəbi barədə nə deyə bilərsiniz?
Nəticəyə nail olunmamağın səbəbi barədə nə deyə bilərsiniz?
– Səbəb odur ki, hökumət nə fermerlərin istehsalının gəlirli olmasını, nə məhsuldarlığın, nə də kənd təsərrüfatı məhsulunun səviyyəsinin artırılmasını istəmir. Belə olmasaydı, məmurlarlara problem yaradardı. Məmurlar idxalı inhisara almaqla ölkəyə daha çox məhsulun gətirilməsində maraqlıdırlar.
–
Bəlkə söhbəti bir az konkretləşdirək, kimlərinsə adını çəkə bilərikmi?
Bəlkə söhbəti bir az konkretləşdirək, kimlərinsə adını çəkə bilərikmi?
– Söhbət idxalda inhisarı nəzarətə alan məmurlardan gedir. Mən ona görə ad deməkdə çəkinlik çəkirəm ki, onlar öz adlarını ictimailəşdirmirlər. İctimailəşdirsəydilər, problem yoxdur, ad da deyərdik. Onsuz da bu gün idxalda marağı olan qüvvələrin olduğunu hamımız bilirik. İdxalda inhisar olmasaydı, kəndlilər istehsal etdiyi buğdanı emal müəssisələrinə təklif verə bilərdilər. Emal müəssisələri həmin inhisarçı qüvvələrin əlində olduğundan yerli buğdanı almırlar. Dövlət Taxıl Fondu da fermerlərdən məhsul almır. Dövlət Taxıl Fondu bu il Ehtiyat Fondunu 250 min ton artırıb, əvvəllər 500 min ton idi. Buna heç bir ehtiyac yox idi. Əgər hökumət ölkə daxilində taxılçılıqda ümumi istehsalı artırmağı nəzərdə tuturdusa, nəyə görə fevralda bunu artırdılar? Axı fevralda taxıl istehsalının artacağını, yaxud azalacağını bilmirdilər. Bunu bilmədən Ehtiyat Fondunun artırılması kiminsə merkantil marağına xidmət göstərildiyi anlamına gəlir. Əslində, Dövlət Taxıl Fondunun 500 min ton da nəzərdə tutmasına ehtiyac yoxdur. Onsuz da dünya bazarında taxıla olan ehtiyac istənilən halda ödənilir, çünki təklif çoxdur. Təklif çoxdursa, o məhsulla bağlı müəyyən ehtiyatın yaradılması o zaman mümkün olar ki, onu daxili istehsal hesabına həyata keçirsinlər, idxalla yox. Bir daha deyirəm, dünya bazarında bu məhsulun təklifi çoxdursa, bunun ehtiyatını yaratmağa ehtiyac yoxdur. Daxili istehsal hesabına o ehtiyatı ona görə ehtiyac var ki, daxili istehsalı stimullaşdırmaq mümkün olsun. Həm ölkənin dayanıqlı ərzaq buğdası ehtiyatı olur, həm də istehsal da dayanıqlı olur. Dövlət hesabına ayrılan vəsait fermerin biznesini stimullaşdırır, o da dayanıqlı istehsalla məşğul olmağa və məhsulunun bir hissəsini də fonda satmaqda maraqlı olur. Bax, biz bu məqsədlə Dövlət Taxıl Fondunun yaradılmasını təklif edirdik. Təsəvvür edin, ehtiyatı əvvəl 250 min, sonra 500, indi isə 750 min tona qaldırdılar, burda heç bir məntiq yoxdur. Yəni dünya bazarında təklifin çox olduğu zamanda sənin xaricdən gətirilən məhsulun ehtiyatını yaratmağın məntiqdən uzaq yanaşmadır. Əslində, kənd təsərrüfat ilində fondun ehtiyatını artırmaqla bəzi qüvvələrin marağına xidmət etdilər. Söhbət taxıl idxalını inhisara alan oliqarxlardan gedir.
–
Bəs son 100 ildə taxıl istehsalında analoqu olmayan göstərici barədə deyilənləri necə izah edərdiniz?
Bəs son 100 ildə taxıl istehsalında analoqu olmayan göstərici barədə deyilənləri necə izah edərdiniz?
– Nə qədər vəziyyəti anlamayasan ki, bu rəqəmləri qabardıb və ölkəyə məhsul gətirəsən?! Əslində, son 100 ildə ölkəyə analoqu olmayan həcmdə buğda idxal olunub. Bu paradoksdur, təəssüflər ki, hökumət bundan istifadə edib, ilə şişirdilmiş rəqəmlə yekun vurmaq istəyir. Amma reallıq başqa cürdür. Birinci, 2008-2015-ci il Dövlət Ərzaq Təhlükəsizliyi Proqramında qarşıya qoyulan hədəfə nail olunmayıb, ikinci də nəinki nail olmayıblar, istehsalı o qədər azaldıblar ki, idxal kifayət qədər artıb. Halbuki, kənd təsərrüfatı ili elan olunubsa, hökumətin məsuliyyəti ikiqat artmalıydı.
–
Çox qəribə durum yaranıb, dünya bazarında neftin qiyməti enir, amma Azərbaycanda yumurtanın qiyməti qalxır. Bu mənada neftin qiymətinin enməsi kənd təsərrüfatı məhsullarına təsir edəcəkmi?
Çox qəribə durum yaranıb, dünya bazarında neftin qiyməti enir, amma Azərbaycanda yumurtanın qiyməti qalxır. Bu mənada neftin qiymətinin enməsi kənd təsərrüfatı məhsullarına təsir edəcəkmi?
– Əslində, neftin qiymətinin enməsi bütün ölkələrdə ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətinin aşağı düşməsinə səbəb olur. Bu da onunla bağlıdır ki, dünyada enerji daşıyıcılarının qiyməti düşür və bu, istər-istəməz məhsul istehsalına, onun emalına, daşınmasına təsir edir. Bu gün dünya bazarında elə bir mal-məhsul yoxdur ki, onların qiyməti aşağı enməsin. Hətta Azərbaycana gətirilən kənd təsərrüfatı məhsulları, ərzaq malları əvvəlki illərə nisbətən xeyli ucuz əldə olunur. Amma ölkəyə gətirilir və daha baha qiymətə satılır. Səbəb də odur ki, Azərbaycan dünya bazarından təcrid olunub, bizim ölkədə olan qiymətlər dünya bazarındakı qiymətlərlə uyğun gəlmir. Bizdə qiymətlər inhisarçı oliqarxlar tərəfindən müəyyən olunur və onlar da prosesi idarə edir. Hazırda dünya bazarında neftin qiymətinin enməsi nəticəsində gəlirlərimiz ciddi şəkildə azalıb, həm də əhalinin bir hissəsi Rusiyadan gələn maliyyə hesabına dolanırdı, o da azalıb. Amma bunlara baxmayaraq, bəzi məhsul və malların qiymətində artım müşahidə edirik. Bu isə anormallıqdır. Səbəb bir daha deyirəm, idxal və bazar inhisardadır. Nə klassik bazar formasında baş verənləri anlamaq mümkün deyil, nə də tənzimlənən bazar münasibətləriylə də izah olunası durum deyil.
–
Adətən, bayram öncəsi yarmarkalar təşkil olunur ki, qiymətlərin artımının qarşısı alınsın. Siz təşki olunan yarmarkaların fəaliyyətini necə qiymətləndirirsiniz?
Adətən, bayram öncəsi yarmarkalar təşkil olunur ki, qiymətlərin artımının qarşısı alınsın. Siz təşki olunan yarmarkaların fəaliyyətini necə qiymətləndirirsiniz?
– Bilirsiniz, yarmarkaları dövlət məmurları təşkil etməməlidir. Məmurlar hara əllərini qoyursa, orda problem yaradır. Avropa ölkələrində yarmarkalar yerli bələdiyyələr tərəfindən təşkil olunur, yəni bələdiyyələr müəyyən yer ayırır, fermerlər də istehsal etdikləri məhsulu gətirib həm reklam edir, həm də satır. Beləliklə, istehlakçılar birbaşa fermerlərlə ünsiyyət qururlar. Bu, fermerlərin daha ucuz və keyfiyyətli məhsul təklif etməsi mənzərəsi yaradır. Azərbaycanda bu proses inzibati qaydayla həyata keçirilir, yerli icra orqanlarına tapşırıq verilir, onlar da bələdiyyə ilə birgə rayonlardan ən ucuz və keyfiyyəti aşağı olan mal gətirirlər. Bununla bazarda rəqabət mühiti yaratmaq mümkün deyil. Yarmarkalar o zaman təşkil olundu ki, bir müddət kənd təsərrüfatı məhsullarında qiymət artmışdı. Hökumət də düşündü ki, rayonlardan ucuz malları şəhərə gətirsə, bəlkə qiymətə təsir edər. Ancaq bu, baş vermədi. Çünki ölkədə o qədər məhsul istehsal olunmamışdı ki, onu bazara çıxartmaqla təklifi artırmaq mümkün olsun. Deməli, bu, olmadıqda bazar alverçiləri sata bilmədikləri məhsulları yarmarkalara çıxatdılar. Məmurlar da buna imkan yaratmaqla bəzi hallarda faydalandılar da. Alverçilər də çəki və qiymətdə faydalandılar. Bütün bunlar tədbirin daha pis nəticə verdiyini ortaya qoydu.
–
Bəs yarmarkalarda mal-məhsulun ucuz olması barədə deyilənləri necə izah edərdiniz?
Bəs yarmarkalarda mal-məhsulun ucuz olması barədə deyilənləri necə izah edərdiniz?
– Bəli, yarmarkaya qoca, şikəst, bala vermiş və xəstə heyvanların əti gətirilir. Əlbəttə, bu heyvanların əti istehlakçılara ucuz təklif olunmalıdır. Keyfiyyətli dana ətini kim aparıb yarmarkada 4-5 manata satacaq? Düzdür, postsovet ölkələrdə də şikəst və qoca heyvanların əti istehlakçılara təklif olunur, ancaq 4-5 manat yox, orda 2 manatdan baha sata bilməzlər.
–
O zaman qida təhlükəsindən danışmalı deyilikmi?
O zaman qida təhlükəsindən danışmalı deyilikmi?
– Qida təhlükəsi həmişə var. Çünki idxal olunan mal-məhsula ciddi nəzarət yoxdur. Məmurlar bu işi həyata keçirən sahibkarla anlaşırlar, bazarda işi görənlərlə lazımi razılıq əldə olunur. Ümumiyyətlə, Azərbaycanda bu sahəyə heç bir nəzarət yoxdur.
–
Əgər məmurlar anlaşırsa, kəndli, fermer nə etsin?
Əgər məmurlar anlaşırsa, kəndli, fermer nə etsin?
– Burda əsas zərər çəkən istehlakçıdır. Ona görə “istehlakçı nə etsin” sualı üzərində düşünməliyik. Dəfələrlə görmüşəm ki, yerli icra orqanlarının və Kənd Təsərrüfatı Nazirliyinin məmurları yarmarkaların qarşısında dayanıb istədikləri fermerin məhsulunu buraxır, istədiklərini yox. Belə olanda onlara məhsulunu kənddə birbaşa tədarükçülərə vermək, yaxud rayon bazarında satmaq sərf edir.
–
Çıxışınızda anormal bazar münasibətlərindən danışdınız, bunun fəsadları nədən ibarət ola bilər?
Çıxışınızda anormal bazar münasibətlərindən danışdınız, bunun fəsadları nədən ibarət ola bilər?
– Biz artıq o fəsadı yaşayırıq. Birincisi, keyfiyyətsiz mal-məhsul istehsal edirik. İkincisi, daha baha mal-məhsul istehlak edirik. Bunun fəsadı odur ki, inhisarçılıq total xarakter daşıdığından fermer istehsal etdiyi mal-məhsulu bazara çıxarmaqda çətinlik çəkir. Hətta məhsulunu bazara çıxarsa belə, çıxılmazlıqdan məhsulunu dəyər-dəyməzinə satır. Bunlar ümumilikdə daxili istehsalın azalması ilə nəticələnir, hazırda bunun şahidiyik. Baxın, ölkəyə daha çox xaricdən kartof gətirilir. Çünki son zamanlar Gədəbəy, Şəmkir, Tovuz, Qazax, Cəlilabad kartof istehsalçılarını bazara buraxmırlar. Belə olanda bəziləri məhsullarını tədarükçülərə verməyə məcbur olur, qalanı da bu biznesdən uzaqlaşır. Əgər bazar inhisardadırsa, məmurlar istənilən vaxt qiymətlərə müdaxilə edə bilirsə, belə olanda istehsala stimul yaranmır. İstehsal üçün o zaman stimul yaranır ki, o istehsal xərclərini hesablayır, məhsulunu bazara çıxarıb satır və əldə etdiyi gəlirlə biznesini genişləndirir. Amma Azərbaycanda bu mühit yoxdur. Baxın, Azərbaycanda neçə topdansatış bazarı var? Niyə bir topdansatış bazarı var? 3 milyondan çox əhalisi olan Bakıda 1 topdansatış mərkəzi var. Niyə vaxtilə kolxoz bazarları olan satış mərkəzləri müəyyən adamların əlinə keçməliydi? Təəssüf ki, hökumət bu suallar üzərində düşünmür.
–
Necə düşünürsünüz, hökumətin fermerlərə ayırdığı subsidiyaların müsbət təsiri varmı?
Necə düşünürsünüz, hökumətin fermerlərə ayırdığı subsidiyaların müsbət təsiri varmı?
– Əgər dövlət vəsait ayırırsa, bunun səmərəliliyi təmin olunmalıdır, bütün normal ölkələrdə belədir. Məsələn, ayrılan 1 manatın nə qədər divident gətirəcəyi üzərində düşünmək vacibdir. 2007-ci ildən sonra kənd təsərrüfatına subsidiya verilir, söhbət istehsalla bağlı fermerlərə verilən subsidiyadan getmir. 2007-ci ildən bəri daha çox buğda istehsalına subsidiya ayrılır. Bəs ölkə buğdaya olan ehtiyacını ödəyə bilibmi? İstehsalda artım, idxalda azalma olubmu? Düzdür, istehsalda rəqəmlər şişirdilir, bunu etmək çox asandır. Ancaq idxala baxaq, 2007-ci ildə ölkəyə təxminən 700-800 min ton buğda idxal olunmuşsa, indi bu rəqəm 2 dəfə artıb. O zaman subsidiyaların ayrılmasına nə ehtiyac var? Hamı subsidiya verir deyə, biz də verək?! Hamı subsidiya ona görə verir ki, nəticə əldə edir. İdxal etdiyimiz ölkələrdə-Rusiya və Qazaxıstanda stimullaşdırırlar və nəticə əldə edirlər. Bizdə isə həm büdcə vəsaitləri xərclənir, həm də istehlakçılar verir. Deməli, bizim vəsait digər ölkələrin fermerlərinin cibinə gedir. Belə olmamalıdır. Hər şeyin qaydası var, hökumət ya bunları bilmir, ya da bilmək istəmir. Bir daha deyirəm, əgər səmərəlilik təmin olunmursa, o sahəyə maliyyə vəsaiti qoymağa nə ehtiyac var? Digər sahəni dirçəltmək lazımdır ki, həm özünün ehtiyacını ödəsin, həm də ixrac etsin.
–
Məsələn, bu gün hansı sahəyə diqqət ayırmaq daha vacibdir?
Məsələn, bu gün hansı sahəyə diqqət ayırmaq daha vacibdir?
– Azərbaycanda taxılçılığı inkişaf etdirmək mümkündür və bunun qarşısını ala biləcək hər hansı problem yoxdur. Bu il ölkəyə meyvə-tərəvəz idxalı 130 faiz artıb, keçən ilə nisbətən 27 milyon dollar səviyyəsində. Kartof idxalı 2 dəfə artıb, o cümlədən, ət, süd, taxıl idxalı artıb. Elə bir sahə yoxdur ki, idxal artmasın. Bu, ondan xəbər verir ki, sadaladığım sahələrlə məşğul olanlar qeyri-peşəkardırlar. Biz bu problemləri xatırladanda, söz xatirinə danışmırdıq. Ona görə kənd təsərrüfatı sahəsinə peşəkarlar gəlməlidir ki, inkişafa nail olaq. Sualınıza qayıdaq. Azərbaycanın resursları istənilən sahəni yüksək səviyyədə inkişaf etdirməyə imkan verir. Taxılçılığı, heyvandarlığı, meyvə-tərəvəzi, pambıqçılığı, yüngül sənayeni, süd, ət istehsalını çox yüksək şəkildə istehsal etdirə bilərik. Bunlar söz xatirinə deyilmir, bildiyim üçün danışıram. Həm işi bacaran kadrlarımız və işçi qüvvəmiz də var. Sadəcə, müasir texnologiya gətirib yaxşı nəticə əldə olunmalıdır. Əgər hökumət normal aqrar siyasət aparmaq istəyirsə, nail olacağıq.
–
2016-cı ildə aqrar sektorda hansı addımlar atılmalıdır ki, dəyişikliyə nail olunsun?
2016-cı ildə aqrar sektorda hansı addımlar atılmalıdır ki, dəyişikliyə nail olunsun?
– Birinci növbədə kadr islahatı aparılmalıdır. Gələn il kənd təsərrüfatını inkişaf etdirə biləcək normal komanda olması üçün kadr islahatı vacibdir. Qeyri-peşəkarlar Kənd Təsərrüfatı Nazirliyindən uzaqlaşdırılmalıdır, nazirdən başlamış bu sahəni bilən peşəkarlar işə cəlb olunmalıdır. İkincisi, kənd təsərrüfatıyla bağlı strategiya hazırlanmalıdır, sənəddə təşkilati məsələlər, koperativlərin yaradılması, regionlar və piroritet sahələr nəzərə alınmalıdır. Strategiya hazırlandıqdan sonra Dövlət Proqramının hazırlanmasına start verilməlidir. 2016-2021-ci illər aralığında hansı işlərin və tədbirlərin görüləcəyi, nə qədər vəsaitin ayrılacağı proqramda öz əksini tapmalıdır. Eyni zamanda, kənd təsırrüfatındakı problemlər-torpaqların münbitləşdirilməsi, su ilə təminatı, texniki, kadr təminatı, peşə məktəblərinin bərpası, bazara çıxış, inhisarçılığın ləğvi, normal rəqabət mühitinin yaranması-bütün bunlar əvvəl strategiyada, sonra dövlət proqramında öz əksini tapmalıdır. Ki, gələcəkdə, kənd təsərrüfatı inkişaf etsin. Bilirsiniz, kənd təsərrüfatı ili elan etməklə nəticə əldə etmək mümkün deyil, necə ki, bu gün onu gördük.