Hökumət 2015-ci ilin dövlət büdcəsini dəyişəcəkmi? (Təhlil)

Fondun transfertlərinin təxminən 25%-dən az olmayan həddə ixtisarı 2015-ci ilin büdcə qanununun

Source:


Fondun transfertlərinin təxminən 25%-dən az olmayan həddə ixtisarı 2015-ci ilin büdcə qanununun

2015-ci ilin dövlət büdcəsinin gəlirləri neftin hər barrel üçün 90 dollar əsasında müəyyən edilib. İlin əvvəlindən isə orta qiymət təxminən 55 dollar ətrafında olub. Qiymətin proqnozdan kəskin fərqlənməsi (hər barrel üçün təxminən 35 dollar) dövlət büdcəsinə yenidən baxılmasını zəruri edirmi? Son günlər mediada bu yöndə müzakirələr gedir…

Ümumiyyətlə, “Büdcə sistemi haqqında” Qanunun 15.5-ci maddəsinə görə, cari ilin dövlət büdcəsi haqqında Qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanunvericilik təşəbbüsü qaydasında Milli Məclis qarşısında məsələ qaldırıla bilər. Bəs,dəyişiklik üçün əsas hüquqi tələblər hansılardı?

1) Qanunun 23.5-ci maddəsində müəyyən olunduğu kimi, dövlət büdcəsinin icrası zamanı ilin hər hansı rübündən birinin yekununa görə,  faktiki daxilolmalar rəsmi təsdiqlənmiş rüblük proqnozdan 20 faizdən çox kənarlaşma olarsa, büdcə icrası Milli Məclisin müvafiq komitələrində müzakirə edilir. Qanunda mütləq qaydada göstərilmir, amma əgər birgə müzakirələr əsasında büdcənin dəyişilməsi zəruri hesab edilərsə, 23.3-cü maddəyə görə, 15 may – 15 oktyabr aralığında dəyişikliklə bağlı qanun layihəsi parlamentə təqdim edilə bilər.  Məsələn, 2015-ci ilin büdcə mədaxili 19.4 milyard manat proqnozlaşdırılır. Əgər bu məbləğ bütün rüblər üzrə proporsional bölünübsə və proqnoza 100% əməl edilsə, 1-ci rübdə 4,850 milyard manat mədaxil olmalıdır. Lakin proqnoz 20% və daha çox kəsirlə icra olunubsa, yəni təxminən 3.9 milyard manatdan az mədaxil təmin edilibsə, artıq parlamentin komitələrində müzakirə başlamalıdır;

2) Qanunun 23.4-cü maddəsinə görə isə ilin 1-ci yarısının yekunlarına (iyun ayının sonuna) görə büdcə gəlirləri və kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar üzrə proqnoz göstəricilərdən 30 faiz az olduqda,  yenə də 23.3-cü maddəyə görə, oktyabr 15-dən gec olmayaraq dəyişikliklə bağlı qanun layihəsi parlamentə təqdim edilməlidir. Məsələn, əgər yarımillik gəlir proqnozu 9.2 milyard, kəsir isə 800 milyon manat proqnozlaşdırılıbsa, lakin faktiki gəlirlər 6.450 milyard manatdan, kəsirin maliyyələşdirilməsi üçün mədaxil 560 milyon manatdan az olarsa, qeyd olunan müddətdə büdcə qanunu dəyişdirilməlidir.

Lakin əgər rüblər üzrə 20%-lik, yarımillik isə üzrə 30%-lik limit keçilmirsə, hökumət parlamentin iştirakı olmadan büdcə göstəricilərini dəyişmək üçün səlahiyyətlərə malikdir. Söhbət hansı hüquqi normalardan gedir? “Büdcə sistemi haqqında” Qanunun 18-ci maddəsinə (4, 5 və 6-cı bəndləri) görə hökumət müdafiə olunan xərc maddələri istisna olmaqla təsdiq olunmuş büdcə ayırmaları həddində funksional təsnifatın bölmələri daxilində, iqtisadi təsnifatın bölmə, köməkçi bölmə, paraqraflar, maddə və yarımmaddələri arasında dəyişikliklər etmək hüququna malikdir.

Bəs, hazırkı tarixə olan durum – büdcə daxiolmalarının faktiki səviyyəsi  mayın 15-dək büdcə dəyişikliyi üçün hüquqi əsas verirmi? Məsələ bundadır ki, ilin birinci rübünün nəticələrini hökumət açıqlamır, yəqin ki, ən azı yaxın 20-25 gündə açıqlamayacaq da. Əgər gəlirlərin rüblük proqnozdan 20% az daxil olması problemi yoxdursa, hökumətin büdcəni hüquqi baxımdan necə dəyişə bilər ki?

Məlumat üçün deyim ki, 2006-2014-cü illərdə 3 il istisna olmaqla (2009, 2013, 2014-cü illər)  dövlət büdcəsi daima il ərzində parlament vasitəsilə dəyişdirilib. Lakin bu dəyişikliklərin hamısı büdcənin ixtisarı deyil, artırılması və hökumətin yeni büdcə öhdəlikləri əldə etməsilə bağlı olub.  Məsələn, 2009-cu ildə büdcə gəlirəri 12.177 milyard manat təsdiqlənsə də, faktiki icra 84.8% (10.326 milyard manat) olmişdu. Lakin hökumət gəlirlərin azalmasına proporsional olaraq parlamentin iştirakı olmadan xərclərin təxminən 15% ixtisarını özü həyata keçirmişdi. 2014-cü ildə də xərclər 15%-dək ixtisar edildi, amma hökumət bunu özü həyata keçirdi.

Bəs ilin 1-ci yarısının nəticələrinə görə büdcənin parlament vasitəsilə dəyişdirilməsi, daha doğrusu, ixtisar edilməsi nə dərəcədə realdır? Əgər neftin qiyməti indiki səviyyədə qalarsa və ya aşağı düşərsə, hökumətin büdcəyə yenidən baxması bir halda mümkündür: Neft Fondu nəzərdə tutulan 10.4 milyard manat transferti azı 25-30% ixtisarla həyata keçirsin. Çünki araşdırmalar göstərir ki, digər mənbələr – gömrük və vergi orqanları Neft Fondunun potensial olaraq azala biləcək transfertlərini kompensasiya etmək gücündə deyil. Belə ki, Gömrük Komitəsi və Vergilər Nazirliyinin mədaxil proqnozu 2014-cü illə eyni olsa da, bu ilin ilk 2 ayında bu 2 qurumdan büdcəyə daxilolma 2014-cü ilin yanvar-fevral aylarına nisbətən orta hesabla 100 milyon manat az olub. Əgər bu azalma meyli qalarsa, 2015-ci ildə gömrük və vergi orqanlarının büdcəyə mədaxili proqnozlaşdırılan 8.6 milyard manata qarşı təxminən 8 milyard manat təşkil edə bilər. Yəni bu şəraitdə Fondun transfertlərinin təxminən 25%-dən az olmayan həddə ixtisarı 2015-ci ilin büdcə qanununun dəyişdirilməsini qaçılmaz edə bilər.

Bəs, neftin qiymətinin ilin sonunadək ən azı indiki səviyyədə qalacağı tədqirdə Neft Fondunun transferlərinin ixtisarı nə dərəcədə realdır?

2014-cü ildə neftin orta illik qiymətinin 100 dollar olduğu şəraitdə Neft Fondunun büdcəsi 16 milyard dollardan bir qədər az oldu. Bu il isə orta illik qiymət 55 dollar civarında olsa, Fondun büdcə mədaxili 9 milyard dollardan (təxminən 9.5 milyard manat) çox olmayacaq. Fondun bu ilki büdcə xərclərinin 12.3 milyard manat proqnoz edildiyini nəzərə alsaq,  deməli Fonda əlavə olaraq 3 milyard manat (2.85 milyard dollar) lazım ola bilər. Belə vəziyyətdə büdcəyə dəyişiklik hökumətin qərarından asılıdır – Fondun aktivlərindən əlavə olaraq 3 milyard dollar götürülür, yoxsa Fondun büdcə qarşısında transfert ehtiyatları qayçılanır? Əgər ilin indən sonrakı dövründə neftin qiyməti aşağı düşərsə, Fondun ehtiyat aktivlərindən daha çox məbləğdə istifadəyə, yaxud Fondun 2015-ci il büdcə öhdəliklərini daha çox ixtisar etməyə ehtiyac yaranacaq.

Əgər ehtiyatlardan aktivlərdən istifadə olunacaqsa, deməli, dövlət büdcəsinə yenidən baxmağa ehtiyac olmayacaq – hökumət ölkəninin valyuta ehtiyatlarını “əritməklə” 2015-ci ilin büdcə öhdəliklərini də problemsiz yerinə yetirəcək. Yox, əgər Fondun transfert öhdəliyinin ixtisarı barədə qərar olacaqsa, dövlət büdcəsinin də “qayçılanması” qaçılmaz olacaq. Lakin “qayçılanma” əməliyyatının parlamentin iştirakı ilə olub-olmaması transfert ixtisarının səviyyəsindən asılı olacaq. Bunun üçün yuxarıda qeyd etdiyim kimi, Fondun transfertlərinin təxminən 25%-dən az olmayan həddə ixtisarı baş verməlidir. Fondun transfertlərinin 15- 20%-lik ixtisarı həddində də büdcə qanununa parlament vasitəsilə dəyişiklik edilə bilər: bunun üçün 2015-ci ilin dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan mənbələrdən (qiymətli kağızların yerləşdirilməsi, özəlləşdirmə və s.) vəsaitin daxil edilməsi mümkün olmasın.

Qüvvədə olan hüquqi normalardan çıxış edərək, 2015-ci ilin büdcə qanununa mümkün dəyişiklik imkanlarını yazdım. Amma unutmayaq ki, bəzən hökumətin siyasi qərarları və davranışları qanunlardan yüksəkdə dayanır.



P.S.


 Devalvasiya hökumətin işini də xeyli yüngülləşdirdi: Neftin qiymətinin 50-55 dollar olacağı tədqirdə Neft Fondunun gəlirləri bu il 8.5-9 milyard dollar səviyyəsində gözlənir. Manatın köhnə məzənnəsilə bu maksimum 6.5-7 milyard manata, indiki məznnəsi ilə 9-9.5 milyard manata bərabərdi. Söhbət ən azı 2-2.5 milyard dollar izafi qazancdan gedir.

Rövşən Ağayev

Ana səhifəXəbərlərHökumət 2015-ci ilin dövlət büdcəsini dəyişəcəkmi? (Təhlil)