Hikmət Hacızadə: Tramp seçki zamanı adamların eşitmək istədiyini deyirdi

”Azərbaycan üçün Tramp, yaxud Klinton – fərqi yoxdur”

Source:
foto lenta.ru
foto lenta.ru



”Azərbaycan üçün Tramp, yaxud Klinton – fərqi yoxdur”

Donalt Trampın prezident seçilməsi Amerikanın XIX əsrdə apardığı izolyasionizm siyasətinə qayıdacağı fikrini gündəmə gətirdi. Amerika siyasi tarixində izolyasionizm siyasətindən imtinanı ilk dəfə Teodar Ruzfelt səsləndirsə də, həyata keçirən Vudro Vilson olmuşdu. Bu, Amerikanın Birinci Dünya Müharibəsinə müdaxiləsilə həyata keçmişdi.

Bəs indi necə, Tramp izolyasionizm siyasətinə dönüş edəcəkmi?


“Nə Klinton, nə də Tramp siyasi mövqeyini tam qətiləşdirib”

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Meydan TV-nin bu barədəki sualını cavablandırarkən bildirib ki, namizədlərdən heç biri gələcək siyasi mövqelərini tam qətiləşdirməyib:

“Seçilən prezident siyasi mövqeyini müəyyənləşdirməli olacaq. Adətən seçki öncəsi namizədlər müxtəlif bəyanatlarla çıxış edir. Hakimiyyətə gəldikdən sonra isə yaranmış yeni faktorlar, yeni vəziyyət onları öz mövqelərində dəyişikliklər etməyə vadar edir. İndi Klinton, yaxud Trampın seçildiyi təqdirdə onlar da öz gələcək siyasətlərini planlaşdıracaqlar. Yenə də vurğulamaq istəyirəm ki, seçki prosesi hələ yekunlaşmayıb”.


“Trampın siyasətçi yox, biznesmen olduğunu nəzərə almaq lazımdır”

Hikmət Hacızadə foto Meydan TV

Siyasi icmalçı Hikmət Hacızadə Vaşinqtonun  izolyasionizm siyasətinə qayıtmasının mümkünlüyünü bildirsə də, buna inanmadığını deyir: “Məsələ ondadır ki, Trampın seçki kampaniyası zamanı səsləndirdiyi fikirlər yeni administrasiyanın izoliyanist siyasətə qayıdacağı haqda təsəvvürləri genişləndirib. O, deyirdi ki, Amerika ilk növbədə öz işləriylə məşğul olmalıdır. Ancaq Trampın siyasətçi yox, biznesmen olduğunu nəzərə almaq lazımdır. Biznesmenlər nəsə satmaq üçün ağızlarına gələni danışırlar, siyasətçilər isə sözlərini bişirib səsləndirirlər. Çünki sabah cavab verməli olacaqlar. Ona görə Trampın seçki nitqində sadə adamların eşitmək istədiyi fikirlər səslənirdi”.

Hikmət Hacızadə deyir ki, amma onun dedikləri proqram yox, seçicidən səs almaq üçün kampaniya idi.

Amma o, Donald Trampa etibar etmir və gözləməyi tövsiyyə edir.


“Azərbaycan üçün Tramp, yaxud Klintonun seçilməsinin ciddi fərqi yoxdur”

Hələ seçki kampaniyası dövründə İran radiosuna Donald Trampın prezident seçiləcəyini söyləyən siyasi şərhçi Zərdüşt Əlizadə Meydan TV-yə bildirib ki, Amerikanın indiki həcmi, dünyadakı mövqeyi və dünya işlərinə müdaxilə səviyyəsi izoliyanist siyasətin bərpa olunmasına imkan vermir. Bu, SSRİ-nin bərpa olunmasına və ya sosializmin qayıtması haqda təsəvvürlərə bənzəyir ki, reallaşması mümkün deyil:

Zərdüşt Əlzadə foto Meydan TV

“İzolyasionizm müəyyən bir tarixi dövrün məhsulu idi. İndi isə Amerika qlobal dövlət olduğundan dünya işlərindən çıxması qeyri-mümkündür”.


“Bu adamlar oğurluqdan başqa heç nə qanmırlar”

Zərdüşt Əlizadə hesab edir ki, Trampın seçki kampaniyası dövründə səsləndirdiyi vədlərin üzərində baş sındırmaq üçün politoloji əsərləri oxumağa ehtiyac yoxdur. Namizədlər seçki ərəfəsində o qədər vədlər verirlər ki, fəaliyyətləri zamanı vədlərin onda birini yerinə yetirmirlər.

O, Azərbaycan üçün Tramp, yaxud Klintonun seçilməsinin ciddi fərqi olmadığını deyib. Amma İran kimi dövlətlərə bu məsələnin əhəmiyyəti var, çünki o, seçki təbliğatı zamanı İranla bütün müqavilələri pozacağını demişdi.

Güman ki, fəaliyyətə başlayandan sonra ciddi mütəxəssislər onun qarşısına sənədlər qoyub Tehranla müqavilənin Vaşinqtonun dövlət mənafeyinə xeyirli olduğunu sübut edəcəklər. Əgər Tramp İranla müqaviləni pozsa, bu, Amerikanın dövlət maraqlarına ölüm deməkdir.

Rusiya Dövlət Dumasının üzvlərinin Trampın seçilməsini ayaqüstə alqışlamasını Zərdüşt Əlizadə belə şərh etdi: “Dövlət Dumasına “Vahid Rusiya” siyahısıyla təyin olunub və əksəriyyəti idiot adamlardır. Fərz edək ki, Rusiyanın intellektual səviyyəsi 90 faizdirsə, ora seçilənlərin səviyyəsi 9 faizdən yüksək deyil. Bu adamlar oğurluqdan başqa heç nə qanmırlar”.

Ana səhifəAnalitikaHikmət Hacızadə: Tramp seçki zamanı adamların eşitmək istədiyini deyirdi