“Norveçin Azərbaycanda səfirliyini bağlaması sıradan bir haldır”
Norveçin Azərbaycanda səfirliyinin bağlanması məsələsinə xüsusi bir əhəmiyyət vermirik.
Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir vəziflərini icra edən Hikmət Hacıyev
“Trend”
agentliyinə müsahibəsində deyib.
O qeyd edib ki, hər bir ölkə öz xarici siyasətini müəyyən edərkən səfirlik və ya digər statuslu diplomatik nümayəndəliyin açılması və ya bağlanması barədə qərar qəbul edir.
“Norveçin Bakıda akkreditə olunmuş səfirliyinin fəaliyyətini dayandırması Norveç hökumətinin öz işidir. Bu, sıradan olan adi bir haldır və bizdə hər hansı təəssüf doğurmur”.
H.Hacıyev Norveçin keçmiş səfiri Steynar Gili də yada salıb.
“Əvvəlki illərdə Norveçin Azərbaycanda səfiri işləmiş Steynar Gil adlı şəxs diplomatik protokol qaydalarına uyğun gəlməyən və diplomatik münasibətlər haqqında Vyana Konvensiyasını pozmaqla fəaliyyət göstərərək Azərbaycan və Norveç arasındakı əlaqələrə böyük zərbə vurub. Həmin şəxs səfir statusunu daşıdığı halda, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhdlər göstərib və ikitərəfli əlaqələrlə məşğul olmaq əvəzinə müxalifətin mitinqlərində iştirak edərək digər bu qəbildən olan qeyri-legitim fəaliyyətləri həyata keçirib”.
Onun sözlərinə görə, nəticə etibarilə bu, ona gətirib çıxardı ki, Azərbaycan hökuməti onun ölkəmizdən çıxarılması haqqında məsələləri müzakirə etməyə başlamışdı.
“Yekunda Norveç hökuməti onu vaxtından əvvəl geri çağırdı. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və öz daxili işlərinə də digər dövlətlərin qarışmasını heç zaman qəbul edə bilməz”.
Noyabrın 9-da
Norveç hökuməti Azərbaycanda səfirliyin bağlanmsı və əvəzində diplomatik nümayəndəliyin Gürcüstanda açılması barədə qərar qəbul edib.
Bu qərara Azərbaycan ictimaiyyətində müxtəlif reaksiya verilib.