Hikmət Hacıyev: Əslində, Ankara artıq masadadır

O bildirib ki, danışıqlar prosesinin effektiv olması üçün Rusiya və Türkiyənin fəaliyyəti vacibdir

Foto: Azertac


"Bölgədə sülhün olması həm qardaş Türkiyənin, həm də Rusiyanın xeyrinədir"

"Format necə olursa-olsun, Türkiyə, Rusiya formatında buraya baxılması daha güvənli ola bilər. Əslində, Ankara artıq masadadır".

Bu açıqlamanı “HaberGlobal”-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev səsləndirib.

Hikmət Hacıyev bildirib ki, Türkiyə ATƏT-in Minsk qrupunun üzv ölkələrindən biridir: "Bundan əlavə, Cənubi Qafqaz coğrafiyasında olan bir ölkə və Azərbaycanla qardaş ölkə durumu da var. Bu bölgədə sülhün olması həm qardaş Türkiyənin, həm də Rusiyanın xeyrinədir".

Onun sözlərinə görə, artıq bölgədə status-kvo dəyişib: “Üst səviyyədə, prezidentlər səviyyəsində danışıqlar var. Azərbaycan, Rusiya və qardaş Türkiyə – belə bir formatda davamlı bir proses ola bilər. Masada danışıqlar gerçəkləşdiriləndən sonra digər hərbi məsələlərə də baxıla bilər. Hazırda əməliyyatlar davam edir, Avropa İttifaqı tərəfindən də narahatlıq var. Şəhidlərimizin dəyişdirilməsinə dair vəziyyətlər də var. Çünki cəbhədə qalan şəhidlər də var. Ermənistanın isə işğalı davam etdirəcəyini və ya başqa bir irəliləyiş seçəcəyini görəcəyik”.

Hikmət Hacıyevin söylədiklərini Meydan TV-yə şərh edən siyasi ekspert Zaur Şiriyev hesab etmir ki, Azərbaycan Minsk Qrupu formatından uzaqlaşır: “Əslində, Hikmət Hacıyevin dedikləri Minsk Qrupu formatının genişlənməsi məqsədini daşıyır. Yəni Bakı 3 həmsədr ölkə yerinə Minsk Qrupunun daimi üzvlərinin də bu prosesə qoşulmasında maraqlıdır. Konkret olaraq, Türkiyə və Almaniyanın adını çəkmək olar. Burada söhbət Minsk Qrupunun genişlənməsindən gedir. Sadəcə, Azərbaycan danışıqlar formatının effektivliyinin artırılmasına çalışır. Hətta Avropada qərar verən dövlətlər də bu məsələni müzakirə edir və Türkiyənin formata daxil olması yalnız Azərbaycanın istəyi kimi yox, reallıq olaraq dərk olunur. Ən azından ATƏT çərçivəsində Türkiyənin müzakirələrdə iştirakı şübhə doğurmur. Bilirlər ki, bu, artıq qəbul olunacaq bir məsələdir”.

Beynəlxalq idarəetmə üzrə araşdırmaçı Əhməd Əlili isə hesab edir ki, real vəziyyətdə təsir imkanlarına malik iki var: Türkiyə və Rusiya.

O bildirib ki, danışıqlar prosesinin effektiv olması üçün Rusiya və Türkiyənin fəaliyyəti vacibdir: “Amma bununla yanaşı, regiona təsir imkanları olan ABŞ və Avropanın da danışıqlarda olması vacibdir, çünki onlar davamlı sülhün əldə olunmasına kömək ediblər. Hazırda mövcud olan vəziyyətdə. Yəni Avropa, Rusiya və ABŞ-ın olması baxımından balans yaratmaq üçün Türkiyənin əlavə edilməsi mütləq lazımdır. Nəzərə almaq lazımdır ki, Ermənistana tam siyasi-hərbi dəstək verən Rusiya orada moderator kimi iştirak edirsə, Azərbaycanla dostluq münasibətləri olan Türkiyə də eyni formada iştirak etməlidir. Məsələ ondadır ki, regionda dəyişən proseslər yeni oyunçunun orda iştirakını tələb edir. Bu cəhətdən Azərbaycanın Türkiyəni tələb etməyə tam haqqı var”.

Sentyabrın 27-də Azərbaycan-Ermənistan hərbi birləşmələrinin təmas xəttində atəşkəs pozulub, müharibə başlayıb.

Azərbaycan tərəfi bir sıra kənd və yüksəklikləri, eləcə də Cəbrayıl rayonunu işğaldan azad etdiyini deyir. Hər iki tərəfdə mülki şəxslər arasında ölən va yaralananlar var.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib.

Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəSiyasətHikmət Hacıyev: Əslində, Ankara artıq masadadır