“Tikinti aparan şirkət binaların su anbarını dağıdıb”
Yasamal rayon sakini Ruslan Məhərrəmov yaşadığı binanın qarşısındakı tikintiyə etiraz olaraq intihara cəhd edib.
Bu barədə Meydan TV-yə danışan Ruslan Məhərrəmov bildirib ki, digər sakinlər də yaşadıqları həyətdəki aparılan tikintiyə qarşıdırlar:
“Yaşlı var, uşaq var, onlar harada istirahət etməlidir? Bir balaca ərazi vardı, oranı da əlimizdən almaq istəyirlər. Etirazım bunadır. İndiyə qədər bütün aidiyyatı qurumlara müraciət etmişik, baxan olmayıb. Növbəti dəfə icra hakimiyyətinə, Prezident Administrasiyasına dərdimizi yazmışdıq. Cavab verdilər ki, tikinti dayandırılacaq, narahat olmayın. Hanı? Dayandırılmadı”.
31 yaşlı Yasamal sakini Ruslan Məhərrəmov intihara cəhd etdiyinə və etirazına görə, Yasamal rayon 28-ci polis bölməsinə aparılıb.
Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 568-ci məhəllədə yaşayan digər sakinlər də həyətlərində tikilən çoxmərtəbəli yaşayış binası və tikinti şirkəti “Elite City MMC”-ə etiraz edirlər.
Onlar tikintinin düz həyətin ortasında aparıldığını, bunun onlar üçün narahatlıq yaratdığını deyirlər:
“Tikinti aparan şirkət binaların su anbarını da dağıdıb. Bir sözlə, bizə hərtərəfli ziyan vurmaqla məşğuldurlar”.
“Elite City MMC”-dən “BBC Azərbaycanca”ya
bildirilib ki
, tikinti dövlət layihəsidir və pilot layihə olaraq həyata keçirilir.
MMC-nin direktoru Rəfail Mirzəyevin sözlərinə görə, binanın tikintisi 18 aya başa çatdırılmalı və təhvil verilməlidir, amma qonşuluqda olan bəzi insanların tikintiyə mane olması səbəbindən təxminən üç aydır ki, işlər görülə bilmir.
“Burada qəzalı vəziyyətdə olan finski evlər sökülüb, dövlətin tikintiyə aid bütün qurumları sənəd verib, rəy verib, icazə verib. Bu, dövlət proqramıdır. Əhalini qəzalı evlərdən köçür, kirayəyə çıxar, təmir elə, geri qaytar. Bu, bir pilot layihədir”.
Rəfail Mirzəyev iddia edib ki, şikayətçi sakinlərin tikintiyə mane olmasının qadağan edilməsi barədə məhkəmə qərarı var.
İş vaxtı bitdiyindən məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən mövqe almaq mümkün olmayıb.